Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

Açmıram pəncərəni, qoy küçədən keçənlər üşüməsin, amandı


Orxan Bahadırsoy

Orxan Bahadırsoy

-

Orxan Bahadırsoy

Yuxun şirin olmasın

Açmıram otağımın
pəncərəsin haçandı,
qoy küçədən keçənlər
üşüməsin, amandı...

Bədənimin təri də,
göz yaşım da soyuqdu.
Damarım buz bağlayıb,
isti qanım da yoxdu.

Bu sənsizlik ağrısı -
ən qorxulu dilemma.
Ya sən varsan, ya da sən,
başqa yolum yox, amma...

Amma sən haqlı idin,
mən qəribə adamam.
Gah səninçün ağlayır,
gah unuduram tamam.

Ha çalışdım, unuda
bilmədim ki, bu axşam.
Vaxtın varsa, oyan, gəl,
mən hələ yatmamışam.

Yuxun şirin olmasın,
yastığımdan o yanda.
Axı məndən savayı
hamı yatıb, oyan da!

Polis axtarır məni

Polis axtarır məni
cinayətim bir deyil,
iki deyil, üç deyil...
Səksəkəyə düşmüşəm,
təlatüm qulağıma
pıçıldayıb qaç deyir...

Dünən axşam dərdliydim,
məhəllə dükanından
pivə oğurlamışam.
O qədər hirsləndim ki,
səni öz otağımda
öldürdüm dünən axşam.

Bölmələrin önündə
üzümü gizlədirəm,
eynək taxıb keçirəm.
Bu gün başqa dükandan
pivə oğurlamışam,
dərdli-dərdli içirəm.

Hamı xor baxır mənə,
heç özüm də bilmirəm
yalanam, ya doğruyam?!
Sən də qınama məni,
pulsuzluqdan deyil ki,
sənsizlikdən oğruyam!

Görsən ki, səsim gəlmir
bil ki, yaxalanmışam,
məni bir polis tutar.
Görsən şeir yazmıram,
məni bölmələrdə gəz,
barmaqlıqlarda axtar.

Ölən sevgilin ola

İçəsən, başın dönə,
ürəyin də bulana.
Bütün döşəmə-tavan
gözündə yuvarlana.

Elə qapı ağzında
atasan pencəyini.
Bir küncə şalvarını,
bir küncə köynəyini.

Axşamdan səhərəcən
qusasan, ögüyəsən.
Unuda bilmədiyin
adam çıxa içindən.

Birində əli çıxa,
birində da ayağı.
Qusasan bu adamı
elə doğuşsayağı.

Bu doğuş artım deyil,
bu doğuş ölüm ola.
İçində parçalanıb
ölən sevgilin ola.

Günün bütün mövzuları

XS
SM
MD
LG