Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:27

Təkərqaraldan oğlan haqqında şeir


Nurlan Qədim
Nurlan Qədim

-

Nurlan Qədim
Təkərlər
Sən bir dəcəl uşaqdın
Cüvəllağıydın bir az
Düşməninə dost idin
Dosta yağıydın bir az.
Daimi sakiniydin
Küçələrin, tinlərin
Harda bir maşın görsən
Qaraldardın şinlərin.

Çay pulun, çörək pulun
Təkərlərdən çıxırdı
Yeddi nəfərlik külfət
Təkcə sənə baxırdı.

Anan yataq xəstəsi
Atansa əlil idi
Bu əməyin bu yaşa
Ən böyük dəlil idi.

10 yaşın olmamışdan
40 yaşında kişiydin
Bu fırıldaq dünyanın
Bəlkə ən düz işiydin.

Təkər qaraltmağınla
Sən ağ gün istəyirdin
Özün bir qazananda
Yada min istəyirdin.

Balaca qardaş-bacın
Səni ata bilirdi
Yuxusuz anan bircə
Sənlə yata bilirdi.

Zəhmət adlı anlayış
Qarşında lal kimiydi
Gətirdiyin şor-çörək
Süfrədə bal kimiydi.

Əlin mazut içində
Paltarın yağ olurdu
Üst-başın hisli-paslı
Üzünsə ağ olurdu.

Sən çörək qazanırdın
İsti-soyuq bilmədən
Beləcə böyüyürdün
Bir ürəkdən gülmədən.

Ağlına gələrdimi
Sonun belə olacaq
Qaraltdığın təkərlər
Səndən qisas alacaq...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG