Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

Qəzetlər regionda maraqların toqquşmasından yazır


Rusiya vs. Türkiyə
Rusiya vs. Türkiyə

-

Ölkə mətbuatında korrupsiya, regionda siyasi maraqların toqquşması və təhlükəsiz qida aparıcı mövzulardandır.

Rəsmi qəzetlər, əsasən, dövlət başçısı İlham Əliyevin qəbulları, ölkənin «böhrandan çıxması» mövzularına aid yazılar geniş yer alır.

BU REGİON YENƏ DƏ MARAQLARIN TOQQUŞDUĞU EPİSENTRƏ DÖNÜR

«Bakı, Tbilisi və Ankara regionun geosiyasətini dəyişməyə cəhd edir?».

Bunu «Novoye Vremya» qəzeti yazır.

Yazıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşündən bəhs edilir.

«Novoye Vremya»ya görə, Ankara neçə vaxtdır ki, bu formatda hərbi ittifaq yaratmaq istəyir.

Daha sonra qəzet bu kontekstdə NATO-nun şərqə doğru irəliləməsi məsələsinə toxunur. Bu günlərdə NATO gəmilərinin ilk dəfə Batumi limanına gəlməsini xatırladır və bu iki fakt arasında «anti-Rusiya paraleli» gördüyünü ifadə edir:

«Artıq neçə vaxtdır ki, Ankara Azərbaycan və Gürcüstanla hərbi ittifaq yaratmağa çalışır. «Foreign Affairs» jurnalı yazır ki, Erdoğan Türkiyə, Azərbaycan və Gürcüstan hərbi ittifaqını gücləndirəcək. Bu ittifaq dolayısı ilə regionu NATO-nun nüfuz dairəsinə daxil edəcək».

Qəzetə görə, bu da regionda Rusiyanın maraqlarına toxunur: «NATO-nun Gürcüstanla birgə təlim mərkəzi yaratmaq istəməsini Rusiya geosiyasi təsirini genişləndirmək üçün Qərbin «təxribatçı siyasəti» adlandırmışdı. Görünən budur ki, region yenə də maraqların toqquşduğu episentrə dönür».

«Smerç».
«Smerç».

RUSİYANIN ERMƏNİSTANI SİLAHLANDIRMASINI AÇIQLAMASI NƏYƏ CAVABDIR?

«Kremlin Ermənistana verdiyi silahların siyahısını açıqlaması rəsmi Bakının İŞİD-ə qarşı koalisiyaya qoşula bilməsi fikrinə cavabdır». Bu isə «Yeni Müsavat» qəzetində yazılıb.

Qəzet siyahının məhz indi açıqlanmasını bu baxımdan təsadüf saymır. Məqalədə qeyd edilir ki, bu silahlar 200 milyon dollar həcmində kredit olaraq Yerevana verilir. Rusiyanın Ermənistana «Smerç», «İqla-S» kimi reaktiv yaylım atəş, zenit-raket sistemləri və s. silahları verməsi xüsusi vurğulanır:
«Ancaq siyahının məhz indi üzə çıxarılması nəzərdən yayına bilməz. Əlbəttə ki, ən əvvəl Ankara ilə yaxınlaşmaq meyli göstərən Bakıya ikiqat mesaj xarakteri daşıyır».

NORMAL YOXLAMANIN OLMADIĞI BİR ÖLKƏYƏ HƏR CÜR MAL GƏTİRİLƏ BİLƏR

«İnhisarçılar əhaliyə zərərli məhsullar yedizdirirlər».

Bu isə «Bizim Yol» qəzetində dərc edilən bir məqalənin başlığıdır.

Məqalədə ekspert fikirlərinə yer verilib.

Supermarket.
Supermarket.

«Xaricdən Azərbaycana gətirilən əksər ərzaq məhsullarının keyfiyyətinə nəzarət zəifdir»-deyə ekspertlərdən biri qeyd edir.

Ekspertlər ölkəyə keyfiyyətli mallar gətirilməməsinin əsas səbəbini inhisarçılıqda görürlər.

«Nə vaxt ki, idxaldan inhisarçılıq götürüləcək, o zaman ölkəyə keyfiyyətli məhsullar gətiriləcək»-deyə ekspert Vahid Məhərrəmov bildirir.

Başqa bir ekspert Əyyub Hüseynov isə belə deyir: «Müstəqil ekspertizanın, normal yoxlamanın olmadığı bir ölkəyə hər cür mal gətirilə bilər».

O, bildirir ki, Braziliyadan gətirilən genetik modifikasiya olunmuş ərzaq Azərbaycanda iki ekspertizadan keçib: «Biri təsdiq edib, digəri isə genetik modifikasiya olunmasını aşkar edə bilməyib».

Ekspertlər beynəlxalq qurumların tələblərinə baxmayaraq, Azərbaycanda hələ də «Qida təhlükəsizliyi haqqında» qanun qəbul olunmamasına da diqqət çəkirlər. Bundan əlavə, əhalini keyfiyyətsiz ərzaqdan qoruya bilmək üçün 50 ilə yaxındır ki, ABŞ-da istifadə edilən HACCP sisteminin tətbiq olunmasını təklif edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG