Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Tərcümə professoru: "Qaynana"nı ingilisə necə başa salasan...


Qılıncxan Bayramov
Qılıncxan Bayramov

-

"Bədii ədəbiyyatda lokallıqdan çıxmaq lazımdır. Bəzən gənclərin əsərlərini tərcüməyə gətirirlər, görürəm məzmunu, mövzusu lokal, bunu ingilislər anlamayacaqlar."

"Ərəb dilindən “1001 gecə nağılları”nı ingilis dilinə tərcümə edən Richard Francis Burton yazır ki, olduğu kimi tərcümə etmədim. Elə şeylər var, mən onları kəsdim, çünki onları kəsməsəydim, atmasaydım..."

Qılıncxan Bayramov Azərbaycan Konstitusiyasından tutmuş Üzeyir Hacıbəyovun "Azərbaycan musiqisinin əsasları" əsərinə, Walter Scott’un romanına qədər, ən müxtəlif mətnləri Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə edib. O, həm də tərcümə nəzəriyyəsilə məşğuldur, tərcümə fakültələrində onun dərslikləri dərs vəsaitidir.

Dövlət Dillər Universitetinin professoru Qılıncxan Bayramovla universitetdəki kabinetində görüşdük.

- Qılıncxan müəllim, tələbələrinizin sonrakı karyerasını izləyirsiz yəqin ki. Onlar daha çox biznes tərcüməsinə gedirlər. Necə etmək olar ki, onlar akademik tərcüməyə də, bədii tərcüməyə də yönəlsinlər?

- Hamı şeir yaza bilmədiyi kimi çox adam da bədii tərcümə edə bilməz. Şirkətlərə gedib tərcüməçilik edirlərsə, bu da yaxşıdır.

Bizim problemimiz odur ki, bizdə Avropa universitetləri kimi deyil, məsələn, London Universitetini bitirənlər o dövr içərisində hüquqdan da kreditlər toplayır, həm hüquqşünas olurlar, həm tərcüməçi. Həm bioloq ola bilərlər, həm tərcüməçi.

Bizdə isə tərcüməçi ixtisasıyla çoxlu kadr hazırlanır. Azərbaycanda bu qədər tərcüməçiyə yermi var? Mən Sahil metrosundan çıxıb Pedaqoji Universitetin qarşısıyla gedəndə xəcalət çəkirəm; orada yazıblar tərcümə mərkəzləri, bir nəfər də oturub deyir: “Tərcümə, tərcümə, tərcümə”. Bu, ayıbdır.

- Bəs necə olmalıdr?

- Bu qədər tərüməçiyə ehtiyac yoxdur. Bazarlıq edəndə ailənizin ehtiyacı olan qədər bazarlıq edirsiniz. Artıq etsəniz, qalıb xarab olur. Bunlar harasa getməlidir. Dillər Universiteti də, Slavyan Universiteti də buraxır, özəl universitetlər də, Qafqaz, Xəzər də buraxır, hələ əyalət universitetləri, məsələn, Mingəçevir də tərcüməçi buraxır. Biz o gənclərimizin gələcəyini düşünmürük.

Təhsil də idarə olunmalıdır, nizamlanmalıdır. Hər qrupdan 4-5 nəfər yaxşı tərcüməçi çıxır. Bunların da arasında ildə bir tərcüməçi olar ki, bədii tərcüməni bacara.

Universitetləri balaca-balaca etmək lazım deyil, elə etmək lazımdır ki, bu adam burda oxuya-oxuya, başqa bir ixtisas da əldə etsin.

Əvvəl elə idi. Tərcüməçi müəllimlik də edə bilərdi, indi buna icazə vermirlər. Halbuki, bizim fakültənin bir çox 3-4-cü kurs tələbələri o biri fakültələrdə dərs deyən müəllimlərdən yaxşı bilirlər ingilis dilini. Çünki gündə bu işlə məşğuldurlar...

- Siz bayaq keçmişdə “Yazıçı” nəşriyyatının rəhbəri Əjdər Xanbabayevlə etdiyiniz bir layihədən danışdız, Nizami və başqa Azərbaycan klassikləri haqda ingilis dilində çap etdiyiniz kitabçaları göstərdiz.

Bəs müasir Azərbaycan ədəbiyyatının tərcüməsində vəziyyət necədir? Bizdə müasir yazıçılar hesab edirlər ki, ortada son illər yazılmış gözəl əsərlər var, amma yaxşı bədii tərcüməçilər tapılmır.

- Təxminən iki il bundan qabaq mənə dedilər ki, Azərbaycanın qadın yazıçıların əsərlərini ABŞ-da buraxmaq istəyirlər, öz hesablarına. 6-7 hekayə idi, gətirdilər, tərcümə etdim. Yəni bir dəfə mənə müraciət elədilər, tərcümə etdim. Ondan sonra müasir Azərbaycan ədəbiyyatından bədii tərcümə sifariş verən olmayıb.

Tərcüməçi də bir növ restoran kimi xidmət sektorudur, bir ay gözləyəcək, iki ay gözləyəcək, görəcək sifariş yoxdur, gedəcək başqa bir şey tərcümə edəcək. Yaxşı tərcüməçilər var, amma başqa iki problem var.

Birincisi, bədii ədəbiyyatda lokallıqdan çıxmaq lazımdır. Bəzən gənclərin əsərlərini tərcüməyə gətirəndə görürəm məzmunu, mövzusu lokal, bunu ingilislər anlamayacaq. Tərcümə edirik, amma xaricilər tərəfdən nail olmaq istədikləri o münasibət olmayacaq, çünki lokal mövzulardır.

Məsələn, “Qaynana” əsərini ingilislər anlamaz. İngilislərin çox vaxt heç xəbəri olmur ki, oğlu, qızı nə vaxt evləndi, onlarda o problem yoxdur.

Yaxud birisi Yusif Səmədoğlu haqqında yazı yazır, yazır ki, bu belə yazıçıdır, elə yazıçıdır, sonra gətirib onu ingilis dilinə tərcümə etdirmək istəyir. Yusif Səmədoğlu amerikan üçün heç kimdir. Əgər tərcümə etdirirsinizsə, “Qətl Günü”nü tərcümə etdirin.

İkinci problem budur ki, onlar tərcüməçi yoxluğundan yox, tərcüməyə ödəməkdən danışsınlar.

​Tərcümə gətirirlər, edib təhvil veririk, məsələ ödənişə gələndə yoxdurlar. Neçə dəfə başımıza gəlib. Hörmətli adamlardır, tərcümə bitəndən sonra ödənişdən qaçırlar. Budur yaxşı tərcüməçinin problemi.

Əgər tərcüməni mənə gətirmisənsə, gəl mənimlə müqavilə bağla. Müqavilə bağlamırlar, axırda mən tərcüməni edəndən sonra ödəniş vaxtı çatanda qaçırlar.

- Aha, yəni belə problemlər var.

- Bəli. Məsələn, bugünlərdə multikulturalizmə dair bir kitab gətirdilər. Tərcüməni gətirib tərcüməçiyə sifariş verməsi tapşılıran adamlar hələ tərcümənin nə olduğunu bilmirlər, bilmirlər ki, bir çap vərəqi nədir. Tərcümənin həcmi orijinalın həcmiylə ölçülür. Tərcümə prosesində atılma da ola bilər, əlavələr də ola bilər.

Sovet dövründə hazırlanmış bir kitab var, mətnin hesablanması haqqında dəqiq məlumat kitabıdır. Orada tərcümənin bütün texniki məsələləri göstərilib, həmçinin qiymətlərin necə hesablanması. 40 min çap işarəsi 1 çap vərəqidir.

Mənə deyirlər, tərcümə mərkəzində (Avropa standartlyla) 300 söz - 1 səhifədir, mən deyirəm, xeyr, 250 söz 1 səhifədir. Deyirlər, axı tərcümə mərkəzində 300 söz 1 səhifədir. Deyirəm, tərcümə mərkəzləri tərcüməçinin əməyini istismar edirlər. Oradan 50 sözün qiymətini qoyurlar ciblərinə...

- Tərcümə mərkəzlərində keyfiyyət də yaxşı olmur.

- Elə də olmalıdır. Onlar tərcüməylə ciddi məşğul olmurlar. Məsələn, keçən yay iki böyük fizika mətni göndərdilər, Moskvada yaşayan azərbaycanlılar idi. Dedilər, ingiliscəyə tərcümə edin, xaricdə çıxacaq. Tərcümə elədim, elektron məktubla göndərdim, sifarişçi haqqını çatdırdı müəyyən adam vasitəsilə. Çatdırmasa, nə edəcəkdim?!

Yəni bizim işimiz tənzimlənməyib, müqavilə yoxdur.

Hörmətli adamlardır, tərcümədən sonra ödənişdən qaçırlar

Bir dəfə mənə “Erməni tarixinin qanlı salnaməsi” adlı kitab gətirdilər. Dedim, kurator kimdir? Dedilər, MTN-də müavin var, odur. Sonradan həbs olundu. O adamlar hər ay camaatı soymaqla 50 milyon mənimsəyirmişlər. Amma dövlətin ayırdığı pulu bizə vermək istəmirlər.

Bir sıra sifarişçilər tərcüməçiyə ikinci dərəcəli adam kimi baxırlar. Elə bilirlər, biz bunlara borcluyuq. Elə olub ki, mühüm tədbirə sinxron tərcüməçi kimi getmişik. Tərcüməni tamamlamışıq, pulu verməli olan şəxs ortadan qeyb olub...

Tərcüməçi kütləvi sənət deyil. Az yetişir, qədrini bilmək lazımdır.

- Tərcüməçi üçün ən vacib cəhətlər nədir?

- Bəzən mənə deyirlər, siz bu qədər işi necə görürsüz? Deyirəm, mən oturmağı bacarıram və bir də tənbəl deyiləm.

İndiki və keçmiş dövlət başçısının sifarişilə, rəsmi və şəxsi istifadə üçün sənədləri, kitabları, müxtəlif dövlət məmurlarının rəsmi məruzələrini tərcümə etmişəm.

Konstitusiyanı, bizim köhnə qanunları, Avropaya inteqrasiya sənədlərini tərcümə etmişəm, ekspertizaya göndəriblər, ekspertiza mənim hüquqi sənədlər tərcüməmi qəbul edib, halbuki mən hüquqşünas deyiləm.

Tərcüməçi dilləri bilməkdən əlavə, hər iki dilin arxasında duran düşüncəni bilməlidir.

- Belə eşitmişəm ki, qərənfil sözünü ingilis dilinə lalə kimi tərcümə etmək lazımdır, çünki bizdə qərənfilin şəhidlərlə bağlı daşıdığı simvolu onlarda lalə daşıyır.

- Məsələn, ingilislərdə iyun-iyul ayları ilin ən gözəl fəslidir. Ərəblərdə ilin o ayları cəhənnəmdir. Sonetləri ərəb dilinə tərcümə edəndə əlbəttə, "iyun-iyul ayları"nı olduğu kimi tərcümə etmək olmaz... Müxtəlif xalqların müxtəlif ənənələri, həyata baxışları var.

- İndi qonşu ölkələr öz müasir ədəbiyyatının tərcüməsini və xaricdə təbliğini dövlət səviyyəsində Tərcümə fondu xəttilə təşkil edirlər. Xarici nəşriyyatlar tutalım, Türkiyədən istədikləri əsərləri seçirlər, tərcüməçiyə və xarici nəşriyyata pulu Türkiyə dövləti verir.

Bəlkə doğrudan da yaxşı əsərlər yazılır Azərbaycanda, amma onları yazan müəlliflərin tərcümə üçün pulu yoxdur. Dövlətin müasir mədəniyyəti ayrı-ayrı yazıçıların cibinin ümidinə qalmamalıdır axı.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi edə bilər bunu?

- Bu, təzə qurumdur. Mən bugünlərdə Qafqaz Universitetində bir tədbirdə Afaq Məsudla tanış oldum. Yaxşı xanımdır. Amma pulun açarı onda deyil.

Dövlət etsə yaxşı olar, amma mən ümumən bu fikirdəyəm ki, Azərbaycandakı bu qədər səfirliklər bizi, həmçinin ədəbiyyatımızı çox yaxşı öyrənirlər. Onlar hansı əsəri tərcümə etmək lazımdırsa, özləri tərcümə edirlər.

Bizi, milli düşüncə köklərimizi tanımaq üçün “Koroğlu”nu, “Dədə Qorqud”u tərcümə etdikləri kimi, müasir ədəbiyyatdan da onlara gərəkli əsər olsa, özləri tapıb tərcümə edəcəklər. Ayrı-ayrı müəlliflərin pulla özlərinin özlərini tərcümə və çap etdirməsinin o qədər faydası yoxdur. Necə ki, biz onların hansı əsərlərini istəyiriksə, özümüz seçib adlarını 150 cildlik dünya ədəbiyyatı seriyasına salmışıq...

Həmçinin oxu: Norveçin baş kitab təbliğatçısı Azərbaycana nə deyir

- Oxucular kitab bazarındakı tərcümələrin keyfiyyətindən şikayət edirlər. Deyirlər, keyfiyyətsiz tərcümələrdir. Tərcüməçi orijinaldan haranı tərcümə edə bilməsə, oranı ötürür, keçir...

- Tərcümə nəzəriyyəsində buraxmaq və artırmaq (omission and addition) prinsipi var. Ərəb dilindən “1001 gecə nağılları”nı ingilis dilinə tərcümə edən Richard Francis Burton yazır ki, olduğu kimi tərcümə etmədim. Elə şeylər var, mən onları kəsdim, çünki onları kəsməsəydim, atmasaydım, onda ingilislər ərəblər haqda düşünərdilər ki, bunlar barbar xalqdır.

Orada nağıllar xoş sonluqla qurtarır; 40 gün 40 gecə toy oldu, top atıldı, filankəs “saf incini deşdi”. Bunu inglislərə olduğu kimi tərümə etsən, bilməyəcəklər. Həm də iniglislər həmin dövrdə o cür açıq-saçılqlıağa yol vermirdilər.

Tərcüməçi yazır ki, bizim yazıçılar toy mərasimi təsvir edəndə onlar bəylə gəlini onların otağına qədər ötürürlər, içəri gimirlər. “1001 gecə nağlları”nda isə nağılçı bəy və gəlinlə otağa girir. Bunu o vaxt ingilislər qəbul etməzdilər.

Bununla əlaqədar, tərcümədə atılma da ola bilər. Pornoqrafiya olanda, söyüş olanda onu ya tamam dəyişdirməli, ya da kəsməliyik. Kitab bazarındakı tərcüməçilər nəyi kəsir, bilmirəm, amma nəzəri prinsip belədir.

Semantik tərcümə var, kommunikativ tərcümə var. Semantik tərcümə budur ki, mən sizə sifariş verirəm, deyirəm, bu kitabda nə var, tərümə et, nə yazılıbsa onu. Kommunikativ tərcümədə isə tərcüməçinin ciddi rolu olur.

Bir məhkəmədə bir cənubi azərbyacanlı qarşı tərəf haqqında deyir ki, o nə dedi? Tərcüməçi tərcümə edir ki, bunları dedi. Azərbaycanlı deyir, qələt edir. Qarşı tərəf soruşur, o nə dedi? Tərcüməçi: dedi ki, qələt eləyir. Dava başlayır. Peşəkar tərcüməçi onu eləməz.

1996-cı ildə İstanbuda zirvə toplantısıydı. B.Yelstin oturmuşdu, B.Klinton çıxış edirdi. B.Klintonun çıxışında tez-tez “Russia” deməsini görən Yeltsin onu söydü. B.Klinton onun nə dediyini soruşdu tərcüməçidən. Klintonun tərcüməçisi bu söyüşü olduğu kimi tərcümə edəndə Klinton da bu söyüşə söyüşlə cavab verdi. Tərcüməçi onu da çevirdi.

Peşəkar tərcüməçi sülh yaratmalıdır, sülh bərqərar edən (“peacemaker”) olmalıdır...

XS
SM
MD
LG