Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

-

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də 1-ci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verib.

Sərəncamda Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisə kimi dəyərləndirilir:

“Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı”.

Sərəncamda XX yüzilliyin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonra ana dilinin rəsmi dövlət dili statusu aldığı və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin gerçəkləşməsi üçün əlverişli zəmin yarandığı vurğulanır:

“Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı”.

Sərəncamda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə AMEA-ya Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

1-ci Türkoloji qurultay 1926-cı il fevralın 26-da Bakıda çağırılıb.

131 nümayəndənin iştirak etdiyi qurultay 17 iclas keçirib.

Türk dünyasının dilinə, tarixinə, etnogenezinə, etnoqrafiyasına, ədəbiyyatına və mədəniyyətinə aid 38 məruzə dinlənilib, türk dillərinin 7 böyük problemi müzakirəyə çıxarılıb.

Qurultaya böyük türkoloq Əli bəy Hüseynzadə fəxri üzv kimi dəvət olunub.

Məşhur türkoloqlar İsmayıl bəy Qaspralı və V. Radlovun şərəfinə düzənlənən qurultaya ünlü isimlər-Fuad Köpülüzadə, A.E. Krımski, N. N. Poppe, Bəkir Çobanzadə və b. qatılıb.

Qurultay martın 6-da işini yekunlaşdırıb və növbəti qurultayın Səmərqənddə düzənlənməsi qərara alınıb.

Ancaq 2-ci qurultay baş tutmayıb.

Bolşevik rejimi bu qurultayda iştirak edənlərə qarşı repressiya maşınını işə salıb.

Araşdırıcılar “100-dən artıq iştirakçının, seçmə alim və mütəfəkkirinin həbsi və fiziki məhvi ilə bitən bu qurultayı yaxın tarixin ən böyük ziyalı-alim soyqırımı” adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG