Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:28

Filosof: Təbii ehtiyatlar dünyanındır, onlar varlı xalqlardan alınmalıdır


Bertrand Russell
Bertrand Russell

-

"İndi elmin yararlandığı qurğular elə bahalanıbdır, artıq kimsə özünün ucuz teleskopu ilə Qaliley ola bilməz."

"Təbii ehtiyatlar beynəlmiləl olmalıdır. Çox kiçik torpaqlarda olduqca böyük neft ehtiyatlarının toplanması, bu torpaqlarda yerləşən dövlətlərin bu neftin yiyəsi olması, doğrudan da bir bayağlıq yaradır."

Bertran Rassel ilə fərdin rolu haqda müsahibədən hissələr

- Mənim düşüncəmə görə, bizim davranışlarımızı yönəldən, onlara təpər verən iki cür impuls olur: bunlardan birinciləri, bizim yaradıcılıq bacarığımızla, ikincilər isə mülkiyyətçilik duyğumuzla bağlıdır.

Yaradıcılıq impulsu deyəndə mən öz qarşısına indiyə kimi ortalıqda olmayan nəyisə yaratmağı qoyaraq, bunun üçün çalışmağı başa düşürəm.

Mülkiyyətçilik impulsu deyəndə isə ortalıqda olan nəyisə ələ keçirmək üçün çalışmaları anıram, sizin çörək almağınızdan tutmuş, bütün başqa nələrisə, özünüz üçün əldə etmək üzrə çalışmalarınızın hamısının arxasında bu mülkiyyətçilik impulsu dayanır.

Bu impulslar ikisi də öz yararlı işlərini görməkdədirlər, insan necəsə yaşaya bilmək üçün gərək yetərincə mülkiyyətçi də olsun, ancaq azadlığa canatmada ən başlıca rol yaradıcılıqla bağlı olan impulsun payına düşür.

Siz poema yazırsınızsa, bununla bir başqasının da poema yazmasını əngəlləmirsiniz. Ya da, siz rəsm çəkəndə, bir başqasının da rəsm çəkə bilməsinin qarşısını almırsınız.

Yaradıcılıqla bağlı olan nəsnələr başqalarının əməyini mənimsəməklə əldə oluna bilməz. Ona görə də, mənə elə gəlir, gerçək yaradıcılıqla bağlı olan işlərdə fərdlərin gərək mütləq azadlığı olsun.

–Yoxsa, siz indi elm ilə mədəniyət sferalarında azadlıqların azaldığınımı düşünürsünüz?

–Elədir, bu azadlıqlar getdikcə azalmaqdadır; bildiyimə görə, bu bədii yaradıcılıq sferasında elə də gözəçarpan deyil, ancaq elmdə bir az öncə dediyim səbəbdən bu əskilmələr, gözəçarpan ölçüdə vardır.

İndi elmin yararlandığı qurğular elə bahalanıbdır, artıq kimsə özünün ucuz teleskopu ilə Qaliley ola bilməz. Sizin öz pulunuzla bugünkü teleskopları qurmağa isə gücünüz çatmır.

–Elədir, ancaq burası da var, bugün elmi araşdırmalar aparmaq keçmişlərdə olduğu kimi qorxulu deyildir, keçmişdə çoxlu alimlər öz elmi araşdırmalarına görə ölüm qorxusu ilə üz-üzə gəlirdilər, bu gün isə belə şeylər olmur.

–Mənə elə gəlir, heç də belə deyildir. Düzdür, biz indi alimlərin boynunu vurmuruq, ancaq birdən hakimiyyət onların siyasi baxışlarını bəyənməzsə, onda bu alimlərin öz araşdırmalarını aparmaq üçün gərək duyduqları laboratiyalara yolu bağlanacaqdır.

–Siz doğrudanmı elə düşünürsünüz, haçansa elmdə, mədəniyyətdə azad düşüncəyə yol verilmişdir?

–Yox, mən belə düşünmürəm. Mən bu azadlıqların haçansa olduğunu da sanmıram. Böyük elmi tapıntılara qol qoyanlar, kim olursa olsun, həmişə toplumda çox ciddi qarşıdurmalarla, sıxıntılarla üzləşməli olurlar.

–Dediklərinizlə bağlı örnəklər göstərə bilərsinizmi?

–Götürün elə Koperniki. Yaxud Qaliley olsun. Onlar çox böyük elmi tapıntılarına görə nə qədər sıxıntılarla üzləşmiş, ağrı-acılar çəkmişdilər. Ya da Darvini götürün, onu böyük tapıntılarına görə, öz çağında əxlaqsız adlandırırdılar. Demək olar, elə bütün yenilikçi alimlər belə dözülməz davranışlarla üzləşmmişlər.

–Sizcə, kimsə, doğruluğu sonacan bəlli olmayan bir yeniliyi irəli sürməklə, hansısa bir sferada köklü dəyişiklik aparmağın gərəkliyini ortaya atırsa, buna inanmayanların ona qarşı çıxmaları düzgün sayılmalı deyilmi? Belə olanda, bu adamlar da öz məsuliyyətlərini anlayır, kimlərsə də öz yanlış nəzəriyyələrini ortaya qoymaqdan çəkinirlər.

Yer üzünün harasında olursa-olsun, bütün hakimiyyətlər, öz işlərinə yarayan yalançı nəzəriyyələrə daha çox sayğı ilə yanaşır, hələ desən, buna görə adamlara ödüllər də verirlər.

–Mən inanmıram, bu dediyiniz yol yalançı nəzəriyyələrin qarşısını almağa yarasın, mənim bildiyimə görə, Yer üzünün harasında olursa-olsun, bütün hakimiyyətlər, öz işlərinə yarayan yalançı nəzəriyyələrə daha çox sayğı ilə yanaşır, hələ desən, buna görə adamlara ödüllər də verirlər.

Bax, elə buna görə də, gerçək nəzəriyyələrə qarşı belə kəskin qarşıdurmalar yaradılır. Mənə elə gəlir, sizin sorunuzun cavabı belədir.

Burası da var, hansısa yeniliyə qarşıdurma yumşaq bir şəkildə baş verirsə, bunun qorxusu yoxdur, bu qarşıdurma demək olar elə, elmi araşdırmaların irəliləyişinə yardım göstərmiş olur, yox, birdən bu qarşıdurma amansız bir biçimdə ortaya çıxırsa, onda bu işləri korlayır. Sizin boynunuzu vururlarsa, deməli düşünmək bacarığınızı yox eləmiş olurlar.

–Siz nədənsə fərdin roluna çox böyük önəm verirsiniz. Deməzsiniz, bu nə üçündür?

Bertrand Russell
Bertrand Russell

–Mənim bunu önəmli saymağımın səbəbi, bizə bəlli olan tarixdə insanlıq üçün ən gərəkli olan elmi yenilikləri ancaq ayrı-ayrı fərdlərin tapıb üzə çıxarması, bir də onların bunu eləyə bildiklərinə görə güclü ictimai qınağa tuş gəlmələridir.

–Deməyinizdən belə çıxır, ictimai rəydən çəkindiklərinə görə, çoxlu insanlar görə biləcəkləri çoxlu yaxşı işləri eləməkdən çəkinmişlər?

–Elədir, ictimai rəyin çox böyük təsir gücü vardır, toplumda qarışıqlığın, çılğınlığın aşıb-daşdığı çağlarda isə bu güc çox qorxulu olur. Çoxlu insanlar, belə çılğınlaşmış kütləyə qarşı çıxmaqdan qorxmuş, bu isə yaxşı ideyaların ortaya çıxmasının qarşısını almış, toplumda yamanlıqların daha da artmasına gətirib çıxarmışdır.

–Demək istəyirsiniz, elm, incəsənət üzrə çalışan adamlar da beləcə qorxaqlıq göstərmişlər?

–Düzdür, elə düşünürəm. Mənə elə gəlir, belə durumlarda alimlərin heç olmasa bir az üstünlükləri olur, axı onlar dediklərinin doğruluğunu sübut eləyə bilirlər, ancaq incəsənət adamları yazıb-yaratdıqlarının doğruluğunu sübut eləyə bilmirlər. İncəsənət adamları ortaya qoyduqları ideyalarda, ancaq başqalarının da belə düşünə biləcəklərinə bel bağlamaqdadırlar, ona görə də, onlar alimlərə baxanda daha da ağır durumlarla üzləşməli olurlar. Ancaq bügünümüzdə alimlər də, çox vaxt xoşagəlməz durumlarla üzləşirlər, onların elmi tapıntıları hakimiyyətin xoşuna gəlmirsə, onda onlar da sıxıntılarla üzləşə bilərlər.

–Demək istəyirsiniz, alimlər belə xoşagəlməz durumlarla Qərbdə də üzləşirlər?

–Qərbdə o, bununla üzləşə də bilər, üzləşməyə də. Bu asılıdır, onun adlı-sanlı olmağından, onun əlində öz dediklərini dorulda biləcək sübutların yetərli olmasından, bir də hakimiyyət üçün yaratdığı rahatsızlığın böyük-kiçikliyindən.

–Belə bir durumda, düşüncə adamları nə etməlidirlər, axı onlar alimlərlə incəsənət adamları kimi praktiki şeylər yaradıb ortaya çıxarmırlar?

–Burada da düşüncələrin kəsərindən asılı olaraq, müxtəlif durumlar yarana bilər. Düşüncə ərənlərinin çoxu, toplumda aşağılana biləcəklərindən çəkinərək, öz ideyalarının bir çoxunu adam arasına çıxarmırlar.

–İnsanlar düzənli bir toplumda yaşaya bilmək üçün öz azadlıqlarının bir qismindən əl çəkməlidirlər, onu necəsə əskiltməlidirlər. Bu haqda nə deyə bilərsiniz?

–Mən toplumda asayişin, qulağıdinc yaşayışın qorunub saxlanmasını çox önəmli sayıram. Siz gərək elə bir dünyada yaşaya biləsiniz, burada oğurluq eləməsinlər, biri-birini öldürməsinlər, habelə bunun kimi cinayətlər baş verməsin, bundan başqa da, burada sizin qorxusuz yaşamağınızın keşiyində dayanan polislər də olmalıdır.

Mənim düşüncəmə görə, belə bir durumun yaradılması üçün insanların hansısa azadlıqlarının azaldılması yoveriləndir, bu ən çox insanların sıx yaşadığı yerlərdə daha da gərəkli olur.

B.Russel'in əsəri əsasında tamaşa
B.Russel'in əsəri əsasında tamaşa

Gəlin elə yol hərəkəti qaydalarına baxaq. Mən gənc olanda hələ avtomobil yox idi, insanlar, istənilən yolu tutub, hara istəsələr qorxusuz-ürküsüz gedə bilərdilər. İndi isə, yollarda çoxlu avtomobil olduğunudan bəlli bir qaydalar sistemi yaradılmışdır, siz də hamı kimi bu qaydaları gözləməlisiniz, bunu eləməsiniz, bu sizin üçün də, başqaları üçün də böyük problemlər yarada bilər.

Bütün bunların səbəbi isə, yer üzündə insanların sayının artmasında, bir də keçmişlərdə çox dəyərli olsa da, indi qorxulu biçim alan milli azadlıqların olmasındadır, demək istədiyim odur, yaxın keçmişlərə qədər, milli azadlıqla bağlı dəyərlər sizə yollarda ürəyiniz istəyən kimi hərəkət etmək hüququ verirdi, indi isə siz kəsinliklə yol hərəkəti qaydalarını gözləməyə borclusunuz.

–Necə düşünürsünüz, bugünümüzdə azadlıqların yenə də əskildilməsinə gərək varmı?

–Sözsüz, buna gərək vardır. Eləcə də milli azadlıqların əskildilməsinə də gərək duyulmaqdadır, burada elə şeylər vardır, doğrudan da çox bayağı görünməkdədir. Gəlin bir örnəyə baxaq, sosialistlər təbii ehtiyatların milliləşdirilməsi şüarını irəli sürmüşdülər, indi bu özünü doğrultmur, bunun yerini təbii ehtiyatların beynəlmiləlləşdirilməsi tutmalıdır. Bunun doğruluğunu göstərən ən aydın örnək neft ehtiyatlarının yer üzündə paylanmasıdır. Çox kiçik torpaqlarda olduqca böyük neft ehtiyatlarının toplanması, bu torpaqlarda yerləşən dövlətlərin bu neftin yiyəsi olması, doğrudan da bir bayağlıq yaradır.

–Necə düşünürsünüz, azadlığın təsir göstərdiyi sferaları genişlətməyə gərək varmı?

Məncə azadlığın təsirini intellektual sferada genişləndirməyə çox böyük gərək duyulur, bir də mümkün olsa, mənim bayaq mülkiyyətçilik adlandırdığım sferada azadlıqaların azaldılmasına çalışmaq yerinə düşərdi.

Rus dilindən Araz Gündüz çevirib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG