Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

Ankara partlayışının riskləri


Ankarada terror - 17 fevral 2016
Ankarada terror - 17 fevral 2016

-

Fevralın 17-də Türkiyə paytaxtı Ankarada hərbi maşının partladılması nəticəsində azı 28 nəfər həlak olub, 61 nəfər yaralanıb. «Bloomberg» yazır ki, bununla Türkiyənin Suriya müharibəsinə müdaxilə riski artmış oldu.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, ötən ilki hücumlarda «İslam Dövləti» (İŞİD) qruplaşması ittiham olunurdu. Prezident Recep Tayyip Erdoğan da bildirib ki, Türkiyə sərhədi daxilində və xaricindəki hücumlara çoxsaylı cavab verəcək.

«Birbaşa risk ondan ibarətdir ki, Türkiyə qonşu Suriyadakı müharibəyə daha çox girə, hətta Rusiya ilə birbaşa toqquşa bilər. Erdoğan prezident Bashar al-Assad ordusuna qarşı vuruşan üsyançı qrupları dəstəkləyir», - yazıda vurğulanır.

«Çərşənbə hücumundan sonra Türkiyə ölkə daxilində PKK-ya və Suriyada PYD-yə qarşı tammiqyaslı döyüşə başlayacaq», - Vaşinqton İnstitutunda Türkiyə tədqiqat proqramının direktoru Soner Çağaptay deyir. «Bu, Vaşinqtonla münasibətləri qəlizləşdirəcək, PYD isə daha çox Rusiyanın müştərisinə çevrilməyə doğru yol alacaq».

Bu ayın əvvəlində ABŞ təmsilçisi Suriyadakı kürd döyüşçülərini alqışlayandan sonra Erdoğan prezident Barack Obama administrasiyasını seçim etməyə çağırmışdı. «Sizin tərəfdaşınız mənəm, yoxsa Kobanidəki terrorçular?» demişdi.

«Bloomberg» yazır ki, Suriyada kürdlərin son irəliləyişi Erdoğan-a ikibaşlı təhlükə yaradır: Hələbdə Türkiyənin dəstəklədiyi üsyançıların təchizat xətti kəsilə bilər və onlar Suriyada sərhəd boyunca kürd idarəçiliyini möhkəmlədə bilərlər. Bununla da Türkiyədəki kürd azlığının da bənzər niyyətləri alovlanmış olar.

ABŞ Dövlət Departamenti Ankara hücumunu pisləsə də, baş nazirin müavini Numan Kurtulmuş belə bəyanatların artıq yetərli olmadığını söyləyib: «Sadəcə, pisləmə bəyanatları ilə iş bitmir. Beynəlxalq ictimaiyyəti terrorla mübarizədə yanımızda olmağa çağırırıq».

Suriyada kürd qüvvələri
Suriyada kürd qüvvələri

BUFER ZONAYA MÜMKÜN TƏHLÜKƏ

«Cümə axşamı Brüsseldə AB liderlərinin görüşündə Türkiyənin Suriya sərhədi boyunca 10 kilometrlik bufer zona yaratmaq təklifi ciddi sınaqla üzləşəcək. Liderlər qaçqınlarla bağlı vahid mövqeyə gəlməyə çalışacaqlar». «The Globe and Mail» saytında Victor Kotsev yazır ki, Ankara partlayışı bir daha bu zona məsələsini qabartdı:

«Son günlər Suriya hökumət qüvvələrinin və ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərin Türkiyə sərhədinə yaxınlaşması Ankaranın beynəlxalq təcridini sürətləndirib. Elə Qərbdə Türkiyənin ən böyük dəstəkverəni olan Almaniya kansleri Angela Merkel də getdikcə daha artıq təcrid durumuna düşür».

«Yaz-yay ayları yaxınlaşdıqca, daha çox miqrant axını gözlənir və bu, təkcə Şengen zonasının deyil, bütövlükdə Avropa Birliyinin bütövlüyünü zərbə altında qoyur», - Londonda mənzillənən IHS qlobal təhlil şirkətindən Ege Seçkin deyir. «Merkel qaçqın axınının önlənməsi üçün Türkiyənin əməkdaşlığına möhtacdır».

Türkiyə isə bufer zonası sayəsində Suriya qaçqınlarını sərhədindən uzaq tutmaq istəyir. Ancaq ABŞ və Rusiyanın dəstəyi olmadan bu plan çətin görünür.

«Bir təhlükə ondan ibarətdir ki, düşmən qüvvələr əraziyə hücum edər, 1995-ci il Srebrenitsa qətliamına oxşar qırğın törədərlər. Suriyadakı Rusiya təyyarələri planlaşdırılan əraziyə çox yaxın uçurlar», - bunu İstanbuldakı Kadir Has Universitetinin professoru Hamid Akın Ünver deyir. «Təkcə o deyil. Təklif olunan təhlükəsiz zonanı YPG, Suriya rejimi və İŞİD dövrələyir. Onları da nəzərə alanda, bu zona hərbi baxımdan xeyli zəif görünür».

R.T.Erdoğan və Massoud Barzani - 2011
R.T.Erdoğan və Massoud Barzani - 2011

KÜRDLƏRDƏN FAYDALANMAQ

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Türkiyə və İraq Kürdüstanı region kürdlərinin həyatına təsir göstərəcək iki vacib referenduma hazırlaşır. Ankarada prezident Recep Tayyip Erdoğan prezidentliyini möhkəmləndirmək istəyir, kürd azlığının yaratdığı təhlükəni həll edəcəyini deyir. Ərbildə isə Kürdüstan Regional Hökumətinin (KRG) prezidenti Massoud Barzani kürdlərin müstəqilliyi məsələsini qabartmaqla mandatını yeniləmək niyyətindədir:

«Hər iki prezident narazıları sıxışdırmaqla öz hakimiyyətini gücləndirməyi hədəfləyir, əsas məqsəd budur. Diqqətsiz davransalar, Ankarayla Ərbilin çətinliklə qurduğu həssas münasibəti korlaya bilərlər».

Yazıda Erdoğan-ın 2009-cu ildən KRG ilə daha sıx diplomatik münasibətlər qurması yada salınır. Məqsəd Türkiyə daxilindəki kürd probleminin həllinə yardım idi. Erdoğan regiona Türkiyə sərmayəsini həvəsləndirdi, ərazisindən kürdlərin enerji ixracına şərait yaratdı. Yeni münasibət sayəsində Türkiyənin tikinti və enerji şirkətləri İraqın şimalında imkanlar qazandı.

Ancaq təhlildə vurğulanır ki, tərəflər bu əlaqələrdən qazansa da, münasibət kövrək olaraq qalır. Türkiyə Ərbilin güclənməsində maraqlıdır, amma yalnız Bağdadın və İranın cəngindən dartıb çıxarmaq niyyəti güdür. Öz ərazisindəki kürd azlığı ucbatından müstəqil kürd dövləti ideyasına qarşı çıxır.

Digər tərəfdən, müstəqillik KRG üçün də real görünməyən hədəfdir. Elə Barzani də referendumun bu məqsədi daşımadığını söyləyir. Kürdlərin müstəqilliyi Ərbilin Bağdad və Birləşmiş Ştatlarla da münasibətlərini korlamış olar. ABŞ İraqla münasibətini zərbə altında qoymamaqdan ötrü KRG-nin müstəqilliyini tanıya bilməyəcək.

XS
SM
MD
LG