Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

-

Həm konseptual, həm duyğu şeirinin birlikdə mümkün ola biləcəyinə bir örnək

Rasim QARACA

Bitə qarşı şampun

Siz ey, ordakılar

uzaq planetlərdə yaşayan humanoidlər

nə olar

sözümü eşidin,

səsimə səs verin nə olar…

1 nömrəli uşaq evi

ünvan Bakı

Rüstəm Rüstəmov küçəsi 66

uşaqların sayı 120

onlardan 70-i yetim

ehtiyacları:

qış paltarı, yorğan və döşək, ayaqqabılar,

bir də əgər imkanınız olsa

elektrikli sobalar…

Ümidlər kəsilib Yerdən

siz ey mobil kainat gücləri

yardım əlinizi uzadın

Lənkəran uşaq evinə

uşaqların sayı 175

onlardan 175-i yetim…

sahib çıxın öz kainatdaşlarınıza

ehtiyacları var yuyucu toza,

pəncərə şüşəsi, çarpayı və soyuducuya

yun corab, yataq dəstləri, ayaqqabılar və antibiotiklərə

SOS

ey başqa dünyalılar, yad planetlilər

Şəki uşaq evində uşaqların sayı 98

onlardan 18-i yetim

qab-qacaq, çarpayı və yorğan yetərli deyil

uşaqların ehtiyacı var alt və üst geyimə, ayaqqabıya

gəlsəniz əgər

özünüzlə vitaminlər, antibiotiklər, tənzif,

sakitləşdirici dərmanlar, vərəmə qarşı preparatlar və

novokain gətirməyi unutmayın.

Siz ey şüşə ürəkli təpəgözlər

öz uçan boşqablarınızda uçub gəlin

Sabunçu rayonu Maştağa qəsəbəsi

atılmışların sayı 261

bu il övladlığa götürülmüşlərin sayı sıfır

ehtiyacları var

alt-üst geyimə, yataq dəstlərinə və ayaqqabıya

ümidlər sizədir, təkcə sizə

sığınıblar ilahi mərhəmətinizə

kar uşaqlar üçün 1 nömrəli Respublika İnternat məktəbi

Bakı şəhəri, Şərq küçəsi, ev 13

uşaqların sayı 313

onlardan 24-ü yetim

yetin, ehtiyacları var

alt-üst geyimə, yataq dəstlərinə və ayaqqabıya…

ey yad planetlilər,

üçbucaq başlı, skafandrlı canlılar,

qalaktikalararası yardım servisləri,

elektron sxemalı robotlar…

2 nömrəli Mərdəkan yetim uşaqlar evi

uşaqların sayı 310

çatışmır çarpayı, yorğan və don,

ağrıkısici iynələr, spirt, novokain, burun-boğaz dərmanları,

prednizalon…

Siz ey, ordakılar,

özünüzü yetirin,

Suraxanı rayonu, 4-cü mədən küçəsi,

7 nömrəli internat məktəbi

əlaqə telefonu 20 45 60

məktəbin direktoru Fərhad Həsənov

uşaqların sayı 238

bu il övladlığa götürülənlərin sayı 0

yetimə sahib çıxan ey uca varlıqlar,

ey pəri üzlülər, mələk qanadlılar,

ehtiyacları var bu uşaqların

vur-tut yorğan döşəyə və çarpayıya

bir də, olsa-olsa, əyinlərinə geymək üçün paltara…

Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,

Almaz İldırım küçəsi 43a

uşaqların sayı 185

onlardan 11-i yetim

corab, yataq dəsti və ayaqqabı gətirin,

bir də vitaminlər, antibiotiklər, ağrıkəsici dərmanlar,

yod, spirt, pambıq və bitə qarşı şampun…

Sumqayıt şəhəri, 5-ci mikrorayon,

əlil uşaqlar üçün internat məktəbi

uşaqların sayı 156, onlardan 50-i yetim,

çarpayı, yorğan və döşək yetərli deyil

uşaqların ehtiyacı var

alt-üst geyimə, ayaqqabıya və qarın dolusu yeməyə.

bir də, gəlirkən yolda

antibiotik, vitamin, tənzif, yod, spirt, pambıq,

ağrıkəsici tablet, revanol və

bitə qarşı şampun almağı unutmayın.

Bilirəm

minnət qoymadan yaxşılıq etmək əlinizdən gəlir

saat qurğusuna oxşayan diş-dişli ürəyinizdə

kimsəsiz cocuqlara sonsuz acıma var

vaxtı bada vermədən

bir göz qırpımında gəlin Ordubada

Rəfiyev küçəsi 1, M. Füzuli adına İnternat məktəbi

uşaqların sayı 350

onlardan 20-i yetim

həkimə ehtiyacı olanların sayı 100

lazer saçan gözlərinizin önündə bir an canlandırın

yetərli sayda deyil çarpayı, yorğan, döşək və ayaqqabılar

oynamağa oyuncaq tapmırlar

antibiotiklər, vitaminər, ağrıkəsici preparatlar

bir də bitə qarşı şampunlar.

Culfa rayonu, Əjdəroğlu adına internat məktəbi

burada 182 uşaq möhtacdır

alt və üst geyimə, yataq dəstlərinə, ayaqqabılara

dərs kitabları, dəftər-qələm, diş pastaları və diş fırçalarına

Əziz Humanoidlər

Lənkəran şəhərindəki Xüsusi İnternat məktəbinin də

sponsora ehtiyacı var

onlarda da çatışmır alt və üst geyim, yataq dəstləri

ayaqqabılar, diş pastası, diş fırçası və oyuncaqlar,

antibiotiklər, vitaminlər, bitə qarşı şampunlar,

tənzif, yod və spirt.

Siyəzən rayonu İnternat məktəbi

uşaqların sayı 250, onlardan 150-si yetim

necə deyim

bəlkə siz onlara donorluq edəsiniz

məktəbin əsaslı təmirə, paltaryuyan maşına, yuyucu toza,

çarpayı, televizor, soyuducu və elektrik sobasına ehtiyacı var,

uşaqların qış paltarı, yataq dəsti, ayaqqabı, dərs ləvazimatı və oyuncaqlara,

bir də antibiotiklərə, vitaminlərə, bitə qarşı şampunlara,

yod, spirt, pambıq və ağrıkəsici dərmanlara.

Tovuz rayonu İnternat məktəbi,

ünvan Qovlar qəsəbəsi, Vağzal küçəsi 8,

məktəbin direktoru Elmira Tağıyeva

cib telefonu 320 13 58

uşaqların sayı 520

onlardan 50-si yetim

dava-dərmana ehtiyacı var 300 nəfərinin.

Siz ey ordakılar,

uzaq planetlərdə yaşayan insanlar,

özünüzü yetirin!

Elektrik sobası, su qızdırıcılar,

paltar sabunu, boşqab dəsti və pəncərə şüşəsi,

ətcə bəbələr üçün paltar, yataq dəsti, ayaqqabı və oyuncaqlar

öz uşaqlarınızın geyilmişlərindən olsa da olar,

bir də antibiotiklər, vitaminlər, bitə qarşı şampunlar,

sarğı materialı, yod, spirt, pambıq və ağrıkəsici dərmanlar…

Biləsuvar rayonu Axundov küçəsi 112, İnternat məktəbi

uşaqların sayı 363

onlardan 66-sı yetim

bu il övladlığa götürülmüşlərin sayı sıfır

ümidləri təkcə sizədir

Siz ey başqa dünyalarda yaşayan canlılar,

hay verin, dadlarına çatın, məktəbin əsaslı təmirə,

paltaryuyan maşına, yuyucu toza,

çarpayı, televizor, soyuducu və elektrik sobasına,

uşaqların qarın dolusu yeməyə, alt və üst geyimə,

yataq dəstlərinə, ayaqqabıya, diş pastası və oyuncağa,

antibiotiklərə, vitaminlərə və bitə qarşı şampuna ehtiyacı var.

Siz ey uzaq ulduzlarda yaşayan sivilizasyonlar,

naməlum uçan obyektlərinizdə gəlin,

ey əntarili madamlar, slindirli müsyolar,

Qusar şəhəri İnternat məktəbi

uşaqların sayı 173

diş-damaq xəstəliklərindən əziyyət çəkənlər 50…

elektrik sobası, su qızdırıcılar, paltar sabunu və bir kisə buğda unu

çox şey istəməzlər qorxmayın,

olsa, olsa, qış geyimi, yataq dəsti, ayaqqabı və bir az da diş məcunu

antibiotiklər, vitaminlər, bitə qarşı şampun

yod, spirt, pambıq, ağrıkəsicilər və tənzif

bir də özlərini asmağa ip…

Neftçala şəhəri, Üzeyir Hacıbəyov küçəsi 4

Mehman Səfərov adına İnternat məktəbi

uşaqların sayı 474

onlardan 34-ü yetim

paltryuyan, yuyucu toz, çəngəl-bıçaq, və çarpayı,

corab, yataq dəsti, ayaqqabı,

antibiotiklər, vitaminlər, bitə qarşı şampunlar,

yod, spirt, pambıq, bir də ağrıkəsici dərmanlar.

Goranboy rayonu İnternat məktəbi

uşaqların sayı 229

onlardan 37-i yetim

50 nəfəri xəstə…

elektrik sobası, su qızdırıcı, yataq dəstləri, çarpayılar,

qış paltarı, ayaqqabılar, antibiotiklər, vitaminlər,

bir də…bitə qarşı şampunlar.

Şamaxı rayonu İnternat məktəbi

Məmməd Əmin Rəsulzadə küçəsi 25

uşaqların sayı 492 onlardan 454-ü yetim

paltaryuyan maşın, sabun tozu, çarpayı, televizor, soyuducu,

bir də bilirsiniz, qış paltarı, yun corab, yataq dəstləri, ayaqqabılar,

antibiotiklər, vitaminlər, ağrıkəsicilər və bitə qarşı şampunlar…

Qazax şəhəri, Mehdi Hüseyn adına İnternat məktəbi

ünvan Sabir küçəsi 150

direktorun adı Qasım

uşaqların sayı 804

onlardan 76-sı yetim

elektrik sobası, su qızdırıcı, paltar sabunu,

stol, stul və çarpayıya ehtiyacları var,

bir də gələrkən özünüzlə alt və üst geyimi, yataq dəstləri,

ayaqqabılar, antibiotik, vitamin, tənzif, yod, spirt, pambıq,

ağrıkəsici dərmanlar, təzyiqölçən, birkərəlik şpris

və bitə qarşı şampun gətirsəniz çox yaxşı olar.

Göyçay rayonu

Səməd Vurğun adına İnternat məktəbi

Ünvan; Rəsul Rza küçəsi 130

şübhəniz varsa, əlaqə telefonunu verirəm 5 11 19, kod 267

uşaqların sayı 345, onlardan 111-i yetim, 20-si əlil

bu il

övladlığa götürülənlərin sayı sıfır

ehtiyacları var pəncərə şüşəsi, dam örtüyü, soba, çarpayı və qazana

qış paltarı, yorğan, döşək, ayaqqabı, corab və sairəyə

antibiotiklərə, ağrıkəsicilərə və bitə qarşı şampuna.

Bağışlayın, uzunçuluq edirəm,

ey uzaq planetlərdə yaşayan canlılar

rəhman və rəhim olan Allahın bəndələri

ey kimsəsizlər səcdəgahı qərib kimsənələr

Ağdaş rayonu İnternat məktəbi Azadlıq küçəsi 92

uşaqların sayı 370, onlardan 150-i yetim

pəncərə şüşəsi, dam örtüyü…

paltar, yataq dəsti, ayaqqabılar…

tənzif ağrıkəsici və bitə qarşı şampunlar.

Lerik rayonu İnternat məktəbi

əlaqə telefonu; 5 47 81, kod 257

uşaqların sayı 311

onlardan 51-i yetim

4-ü əlil

övladlığa götürülən yox

cərrah bıçağına möhtaclar 10

pəncərə şüşəsi, dam örtüyü, paltar sabunu,

çarpayı, qazan və elektrik sobasına ehtiyacları var

bir də corab, ayaqqabı və paltara

antibiotiklərə, vitaminlərə, ağrıkəsicilərə

yod, spirt, pambıq və bitə qarşı şampunlara…

Mingəçevir şəhəri İnternat məktəbi

ünvan Üzeyir Hacıbəyov küçəsi 1

uşaqların sayı 260

onlardan 93-ü yetim

kainatın dibindən qopub gəlin

sayın yupiterlilər

möhtərəm neptunlular

ehtiyacları var bu tifillərin

pəncərə şüşəsi, dam örtüyü və məftillərə

corab, yataq dəsti, ayaqqabıya

pambıq, yod, spirt və bitə qarşı şampuna.

Salyan şəhəri Tağıyev küçəsi 22

Azər Səfərov adına İnternat məktəbiu

uşaqların sayı 383

onlardan 100 nəfəri yetim

ehtiyacları – alt və üst geyim

yataq dəstləri və ayaqqabılar

dərs kitabları (mars dilində olsa da olar) dəftər və qələm

bitmədi hələm

antibiotiklər, vitaminlər, yod, yataq dəsti, spirt, pambıq və ağrıkəsicilər

revanol, novokain, birkərəlik şprislər və bitə qarşı şampunlar.

Zaqatala rayonu Sülh küçəsi, əsas İnternat məktəbi

direktorun adı Fəxrəddin

əlaqə telefonu 5 31 85, kod 274

uşaqların sayı 327

onlardan 6-sı yetim…

dam örtüyü, pəncərə şüşəsi və mismar

qış paltarı, corab və ayaqqabıya ehtiyacları var

çatışmır

ağrıkəsici preparatlar, antibiotiklər, birkərəlik şprislər

yod, spirt, pambıq və bitə qarşı şampunlar…

Balakən şəhəri Rafiq Səmədov küçəsi 21

rayon İnternat məktəbi

uşaqların sayı 283

elektrik sobasına, qış paltarına, sarğı materiallarına

yod, spirt, pambıq və ağrıkəsicilərə

bitə qarşı şampuna

bir də əgər pulunuz çatsa

dərs kitablarına ehtiyacları var.

Quba rayonu, Zərdabi kəndi

yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün İnternat

uşaqların sayı 136

qış paltarı, soba, yataq dəstləri, antibiotiklər və ağrıkəsicilər

bitə qarşı şampunlar, yod, spirt, və pambıq

bir uşaq ürəyindəki ağrını azalda biləcək nəyiniz varsa.

Siz, ey uzaq planetlərdə yaşayan lar

Bakı şəhəri Bakıxanov küçəsi 37

körpələr üçün 1 nömrəli uşaq evi

uşaqların sayı 90

onlardan 80-i yetim

yetimlərdən 25-i qonur saçlı

14-ü mavi gözlü

qız uşaqlarının sayı 54

orta yaş həddi 3

uşaq evinin sponsora ehtiyacı var

ümidləri kəsilib Yerdən

çarpayı, yataq dəsti, soba, qış paltarı, ayaqqabı və kleyonka

tənzif, yod, spirt, diş pastası,

antibiotiklər və bitə qarşı şampunlar göndərin…

Siz, ey ordakılar

uzaq dünyalarda yaşayan humanoidlər

səsimə səs verin nə olar

Şəki İnternat məktəbi

ünvan; Axundov küçəsi 162

uşaqların sayı 56

56-sı da yetim…

2004

Günün bütün mövzuları

XS
SM
MD
LG