Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

Qələbəyə canatım məğlubiyyətə düçar edib bəşəriyyəti


Əli Şirin Şükürlü

Əli Şirin Şükürlü

-

Əli Şirin Şükürlü

asılı olmayan hadisələr

bir-birindən

asılı olmayan hadisələr var

və biri o birinə səbəb ola bilməz

bir-birindən asılı deyilsə.

baxaq:

qarabağı itirdik gözgörəsi.

cövhər dudayevi güllələdilər çeçenistanda.

səddam hüseyni asdılar deyəsən iraqda.

livanda qəddafini qətlə yetirdilər biabırcasına.

suriya hökuməti əldən vermir hakimiyyəti.

iran nüvə düzəldir.

amerika zəncir çeynəyir qəzəbindən.

bir yeniyetmə qız rəqs eləyir inaqurasiyada.

on bir yaşlı qız cihada qalxır fələstində.

bir körpə doğulur – milyonçu.

bir uşaq ölür acından.

və sairə.

kifayətdir, məncə.

bir-birindən

asılı olmayan hadisələr var – deyilmi?

bir-birindən asılı olmayan hadisələr

çoxluqlardı riyaziyyatda;

bir-biri ilə kəsişməyən, yəni

ortaq elementi olmayan.

amma, bu yerdə təəssüf! -

həyat riyaziyyat deyil təkcə.

həyatda bir-biri ilə kəsişməsə də,

bir-birinin içindədir bütün hadisələr.


şair və aktyor

deməli belə: mən bayılda yaşayıram,

ikimərtəbəli evin birinci mərtəbəsində.

pilləkənlə qalxıram yaşadığım mənzilə,

pilləkənlə də enirəm.

şeir yazır, elmlə baş qatıram.

hər qalxıb-enmədə həm azalır,

həm də çoxalıram. bilirsiz niyə? -

axı yaşamaq daha çox itirməkdi əslində.

qalxırsan, sonra enirsən. enirsən, sonra da

qalxırsan. təzədən enirsən... və təsviri

sinisoid əyrisinə bənzəyər, lakin və lakin

enmələr hardasa qalxmaları üstələr; nə vaxtsa

çevrilib düz xəttə enmə əyrisi yerlə bərabər olar –

həyat kardioqraması çəksən şəklini.

o isə aktyordu. həm də rejissorluq edir.

mənzili yasamalda doqquzmərtəbəli evin

yeddinci mərtəbəsində.

əsasən liftlə qalxıb-enir mənzilinə. amma

nə də olsa o da qalxıb-enər daima.

neçə ildi dostluq edirik. oturub

bəzən uzun-uzadı söhbət edirik

şeirdən, sənətdən və zəmanədən.

neçə ildi ayr-ayrı mənzillərdə yaşasaq da

ikimiz də

“eyni yolu gedirik Zaman kişi” ilə əl-ələ.

mənim saçım ağarır get-gedə, onun saçı tökülür.

amma bir məsələ var – çox qəribədi;

hər dəfə ayr-ayrı insan olaraq

fərqimiz barədə düşünərkən

ağlıma ilk gələn bu fikir olur:

o, liftlə qalxıb-enir mənzilinə,

mən pilləkənlə.

otaqda qara milçək

əsas olan qələbədi, həqiqət deyil! – eristik dialektika.

daima qələbəyə canatım daimi məğlubiyyətə düçar edib bəşəriyyəti –

anlayanda bu həqiqəti büsbütün ititrir mənasını xöşbəxtlik anlayışı.

xöşbəxtlik axtarmaq həyatda – bilirsiz bu, nəyə bənzəyir:

zibillikdə çiçək axtarışına.

25 damcı valeriana azca su qatıb çəkdi başına

azca dincəlsin keçib masa arxasına. şəffaflıq işə qarışsa da

dəf edə bilmir otaqda hökm sürən xoşagəlməz valerian qoxusunu.

iri qara bir milçək vızıltı ilə çırpır özünü pəncərə şüşəsinə.

sonra qonur dibçəkdə məyus dayanmış gül koluna.

qara milçək heç yaraşmır sarı çiçəklərə - bir yandan da

qələbə marşı kimi səslənən vızıltısı.

öldürmək istəmir – canlıdı axı! açıb pəncərəni,

çox səy göstərir qovmaq üçün milçəyi bayıra.

əməlli-başlı mübarizə gedir

qələbə marşı çalan qara milçəklə

valerian içib azca dincəlmək istəyən adam arasında.

qara milçək azadlığı əldən vermək istəmir

sarı çiçəklərin boylandığı otaqda,

adam hakimiyyət əzmini. və

milçəyin də, adamın da öz həqiqəti var yəqin

qələbə uğrunda gedən bu mübarizədə.

inanırsız,

xeyli vaxt keçsə də, hələ də başa çatmayıb

hakimiyyət uğrunda gedən bu qlobal mübarizə.

sarı çiçəklərdən hər biri

təbəssümlə seyr edir bu mənzərəni

pəncərə önündə

əbədi məhkum olunduğu dibçəkdən.

nisbilik nəzəriyyəsi

qəribə, bəzən də qəribə olduğu qədər də

qorxulu fikirlər gəlir ağlıma –

bir az da maraqlı fikirlər, doğrusu.

gözümü yumuram; məsələn,

ağlıma gəlir ki, uçuram işıq sürətilə.

uçuram hara – bilmirəm - uçuram

və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən,

yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin

sığındığı kürədən. uzaqlaşıram bir anın içində...

sonra heç nə xatırlamıram.

açıram gözümü; qayıtmışam.

az qala heç kəsi və heç nəyi tanımıram.

məkan tanınmaz dərəcədə dəyişilib.

tanışlar həyatda yoxdu artıq.

məndən sonra doğulanlar qocalıb hətta.

dəyişməyən, deyəsən, mənəm təkcə. ya da

dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə.

lakin...

sanki

ömürdən hansısa bir parçanı

salıb itirmişəm.

dəhşətə gəlirəm

və yaşanmış ömrümü gəzirəm

bütün bu dəyişmələr içində.

Günün bütün mövzuları

XS
SM
MD
LG