Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21

Cəza çəkdiyinə görə kompensasiya alacaq


-

Səbail rayon Məhkəməsində 18 ay həbsdə saxlanılan Bayram Niyazovun şikayətinə baxılıb.

Vəkil Ceyhun Yusifov APA-ya deyib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iddiaları qismən təmin edilib. Məhkəmə B. Niyazova 3 min manat kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Vəkil Ceyhun Yusifov məhkəmə qərarı ilə razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib:

“Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri saxlama və ya satma) maddəsi ilə ittiham olunurdu. Guya ruhi xəstə olan Bayram Niyazov narkotik vasitə satıb. Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılan proses zamanı onun günahsız olduğu sübuta yetirildi və barəsində bəraət hökmü çıxarıldı. Bundan sonra biz onun qanunsuz olaraq həbsdə saxlanılması ilə bağlı dövlət tərəfindən kompensasiya ödənilməsini istədik. Bununla bağlı məhkəməyə müraciət etdik. İddia ərizəsində ona 62 min 200 manat pul ödənilməsi istənilmişdi”.

Bayram Niyazov 2012-ci ildə Gəncədə tutulub. İttihamnaməyə görə, O, tutulduğu vaxt Balakənin Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb və Gəncə şəhərinə gətirib. Həmin gün şərti alıcı olan Gəncə stansiyası Xətt Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Vüqar Qədirova 2159,78 qram narkotik vasitəni 3 min dollara satarkən həbs edilib. Bundan sonra ona qarşı ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Niyazovun uşaqlıqdan xəstə olduğu, həmçinin onun şərlənərək həbs edilməsi müəyyən edilib. Məhkəmə B.Niyazovun barəsində bəraət hökmü çıxarıb və iclas zalından azadlığa buraxıb. Hakim B.Niyazovun həbs edilməsi zamanı iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəlib. Buna görə də Elşad Məsiyev və əməliyyatçılar barəsində xüsusi qərardad çıxarılıb.

Hökmdən prokuror Rizvan Həsənov apelyasiya protesti verib. Prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və B.Niyazovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti təmin edilməyib. Həmin qərardan verilən kassasiya protesti isə Ali Məhkəmə tərəfindən təmin olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG