Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

-

"Biraz susduq. Mən Kənanı fikirləşirdim. Cavan uşaq idi, öz əliylə yıxdı evini. Bu da sənə qarışqa tapdalamağı günah sayan biri!"

Həmid Piriyev

Qarışqa tapdalamayan

Səkkizinci mikrorayonda, George Enescu'nun heykəlinin yanındakı çayxanada oturmuşduq. Kənan idi, Fərid idi, məndim. Biz yaxınlıqdakı peşə məktəbində bir qrupda oxumuşuq. Uşaqlarla təxminən dörd il idi ki, görüşməmişdik. Onların mənim haqqımda nə düşündüklərini bilmirəm, amma onlar çox az dəyişmişdi.

Zarafatla dedim ki:

“Əmi yığıb qardaşoğlularını bir yerə.” Elə oxuduğumuz vaxtdan hamısı mənə "əmi" deyir.

Çay içə-içə söhbət edirdik. Parkın pilləkənlərinin yanındakı stolda oturmuşduq. Hərdən küknar ağacının iynəyarpaqları üstümüzə tökülürdü. Amma yerimizi dəyişmirdik, çənəmiz qızışmışdı. Liseydən, ordakı uşaqlardan, başımıza gələn, yadımızda qalan maraqlı əhvalatlardan danışıb gülürdük. Lisey vaxtı bir siqareti beş nəfərə çəkən adamlar idik, çayxanaya da pul tapanda gedirdik. İndi hərəmizin cibində bir qutu bahalı siqaret vardı, çaydan boşaldıqca təzəsini sifariş verirdik.

“Kənan,” dedim, “İşin-gücün nə yerdədi?”

Kənan danışdıqca fikir verdim ki, danışıq tərzi o vaxtkı kimi qalıb. Elə özü də həminki adamdır. Kənan bir az lotufason uşaq idi. Bütün günü telefonda meyxanaya qulaq asırdı, çox vaxt dərslərə girmirdi, koridorda siqaret çəkirdi, təsbeh fırladırdı, lotuların həyatından qızğınlıqla danışırdı. Bir-iki dəfə dava elədiyini də görmüşdüm. Dindar olmasa da, dinə bağlı adam idi.

Deyəsən, üçüncü kursdaydıq. İdman dərsiydi. Oğlanlar həyətdə ağacların altında oturmuşdular. Mən qapıdan çıxıb onların yanına gedəndə Kənan yerdəki qarışqa yuvasına baxırdı. Mənə dedi:

“Əmi, ehtiyatlı ol, qarışqaları tapdalama. Günahdır. Onlar da Allahın yaratdıqları heyvandırlar da.”

İndi həmin Kənan yenə dindən və oğru aləmindən danışırdı. Amma biraz fərqli formada. Özünün internet-klubu varmış. Vid-fasonundan hiss elədim ki, deyəsən, nəşəyə-filana başlayıb. Amma özündən soruşmadım.

Sonra Fəridə baxdım. Əsgərlikdən sonra bir müddət qaynaqçı işləyibmiş, indi yenə aşpazlığa qayıdıb. Dərs vaxtından Əminə ilə əlaqəsi vardı. O da bizimlə oxuyurdu. Münasibətin indi nə yerdə olduğunu Fərid özü demədi. Mən də utanıb soruşmadım.

Biraz Caviddən danışdıq. Cavid özü bizim qonşukəndlidir. Davakarın, tez qızışıb tez də peşman olanın biridir. Qrupda dava eləmədiyi iki-üç nəfərdən biri mənəm. Aramız yaxşı idi. Onunla arabir görüşmüşdük. Onunla bağlı bir xatirəmi danışdım uşaqlara.

Üçüncü kursda idik. Dərsdən çıxıb Cavidlə bir yerdə dayanacağa gedirdik. Fikir vermişdim, beş-altı gün idi Cavidin fikri-zikri özündə deyil. Girəvə düşmüşkən, səbəbini soruşdum.

“Atamla sporlaşırıq” dedi. “Bir-iki yerdə iş düşmüşdü, qoymadı gedim. Kənddə də bir qız var, istəyirəm evlənim onunla, atam deyir ki, yox, olmaz!”

Dilimi saxlaya bilmədim.

“Ondan atana nə var e?” dedim. “Kiminlə istəyirsən evlən də. Atanla şəriknə evlənmirsiniz ki.”

Cavidin rəngi qızardı, yumruğunu sıxıb yaxamdan yapışdı.

“Əmi, gic-gic danışma!”

Açığı, məndə belə hallar çox olur. Heç uyğun olmayan zamanda heç uyğun olmayan sözü deyirəm. Tezliklə peşman da oluram, amma gec olur. Bu dəfə də beləydi.

“Yaxşı, Cavid, bağışla. Vallah, bilmədim necə dedim.”

Cavid yumruğunu saldı. Amma artıq döyülməyə hazırlaşırdım...

Bunu danışdım, xeyli güldük.

“Əmi, adam olmadın da sən.” Kənan dedi.

“Yaxşı,” söhbəti dəyişdim. “Uşaqlardan başqa kimi görmüsünüz?”

“İsmayıl hərdən zəng eləyir.” Kənan dedi.

İsmayıl birinci kursun ikinci yarımilindən gəlmişdi. Əvvəl başqa liseydə oxuyurdu, amma yolu uzaq olduğu üçün bizə keçmişdi. Biraz qəribə adam idi. Adamları olduğu kimi yox, görmək istədiyi kimi görürdü. İkinci kursun əvvəli işləri xeyli korladı. Təranəylə Əminəyə ayrı-ayrılıqda sevgi etirafı eləyibmiş. Tezliklə üstü açıldı. Söhbət böyüdü, amma tezliklə ört-basdır elədilər.

“Bilirsən,” sonralar İsmayıl mənimçün danışırdı. “İstəyirdim roman yaşayım. Camaat elə bilsin ki, Əminəni istəyirəm, amma əslində Təranəylə sevgili olum.”

“Sən seriallara az bax” dedim.

Qrupda yaxın olduğu tək oğlan mən idim. Çox vaxt mənimlə gəzirdi, məndən heç nə gizlətmirdi.

Bir dəfə də cibindən kivi çıxartdı.

“Soy yeyək” dedim.

“Bu yeməkçün deyil.” Dedi. “Bununla uşaqlara zarafat eləyəcəyəm. Bunu atacağam uşaqların cibinə, onlar da ciblərinə baxanda görəcəklər – aa, kivi. Gic olacaqlar.”

Bunu deyib ürəkdən gülməyə başladı. Mən də güldüm. Amma onun zarafatına yox, axmaqlığına. Kivinisə heç kimin cibinə atmadı, hansısa tənəffüsdə yeyibmiş.

Bir az da oturandan sonra durduq. Hesabı Kənan verdi.

II

Növbəti dəfə yarım aydan sonra, yenə həmin yerdə görüşdük. Bu dəfə Əminə də gəlmişdi. Onu Kənan çağırmışdı. Sonra öyrəndim ki, artıq Fəridlə münasibətləri dəyişib, formal dostluğa düşüb.

Sentyabr olsa da, hava hələ soyumamışdı və biz yenə açıq havada oturmuşduq. Kənanla mən əvvəlcə pivə içdik. Sonra çayla davam elədik.

Kənanın kefi kök idi, deyəsən, gəlməmişdən nəsə eləmişdi. Hamımız hiss etsək də, üstünü vurmurduq. Yenə söhbətimizin əsas mövzusu dərs vaxtlarından idi. Arabir gözaltı Əminəylə Fəridə baxırdım. Hər ikisi özünü normal aparmağa çalışır, hətta bəzən bir-birini görməzdən də gəlirdilər.

Biraz keçəndən sonra Kənanın telefonuna zəng gəldi. Kənan zəng edənə harda oturduğumuzu başa saldı. Tezliklə taksiylə bir qız gəldi. Kənanla öpüşüb görüşdü, bizə də başıyla salam verib oturdu. Arıq, qarasaç, qarayanız, göyçək qız idi. Hamilə olsa da, qarnı hələ balacaydı. Qollarında az gözəçarpan zolaqlar vardı.

“Bu Könüldü,” Kənan qızı bizimlə tanış etdi. Yenə nəsə demək istədi, amma özünü saxladı.

Biz yenə söhbət edirdik. Kənan telefonla oynayırdı. Könülsə sir-sifətini bir qarış salladıb oturmuşdu. Bu kompaniyadan sıxıldığını gizlətmirdi.

Kənan telefonu yerə qoyub Könülün qarnını sığallamağa başladı. Könül bezmiş adamlar kimi ufuldayıb yerində qurcalandı.

“Kənan, yenə içmisən?”

“Hə.” Kənan özünü tamamilə itirmişdi, özünü-sözünü bilmirdi.

Könüllə Kənan elə danışırdılar ki, heç elə bil biz yox idik. Gördüm ki, artıq şiti çıxır. Fəridlə Əminəyə göz elədim.

“Daha artıq bu komediyaya baxmaq istəmirəm” dedim.

Ayağa durub sağollaşdıq. Könüllə Kənan taksiyə minib getdilər. Fəridlə Əminə bir az narahat görünürdülər. Əvvəl istədim deyim ki, bəlkə gedib bir az gəzək? Amma demədim. Çox güman ki, bir-birlərinə deyiləcək sözləri vardı. Tək qalmaqları yaxşı olardı. Onunçün də sağollaşıb ayrıldım onlardan.

III

Yalan olmasın, bir aya yaxın vaxt keçdi. Bu dəfə Əminə zəng elədi mənə.

“Əmi, salam. Sabah uşaqlarla görüşmək istəyirik. Vaxtın olar?”

“Hə” dedim. “Kim-kim olacaq?”

“Sənsən, mənəm, Kənandı, gəlsə Fərid, bir də Kənanın dostu var – Vüsal. O.”

“Hamını başa düşdüm, amma Vüsalın orda nə işi? Tanımırıq axı onu.”

“Nə bilim. Gəlir də.”

“Yaxşı. Gələrəm.”

“Bir də Fəridə sən zəng eləyərsən də.”

“Hə, yaxşı. Arxayın ol.”

Sağollaşdıq. Düzü, bu Vüsal məsələsi mənimçün qaranlıq qaldı. Fəridlə danışdım. Könülsüz razılaşdı.

Səhəri gün həmişə görüşdüyümüz çayxanaya getdim. Kənan, Vüsal və Əminə artıq ordaydılar. Vüsal ortaboylu, pota, qaraşın biri idi. Açığı fərli adama oxşamırdı. Salamlaşıb oturdum. Fərid hələ gəlməmişdi. Çay içirdik. Vüsal Əminəylə çoxdanın tanışları kimi söhbət edirdi. Birinci dəfə görüşənə oxşamırdılar. Eybi yox, dedim, tezliklə məlum olar.

On-onbeş dəqiqə sonra Vüsal dedi:

“... mikrorayonda bir kafe var. Bəlkə ora gedək?”

Heç birimiz etiraz eləmədik.

Çox da uzaq deyildi deyə piyada gedirdik. Yolda yenə Könül söhbəti düşdü. Kənan məni bir az ləngidib yavaşca dedi:

“Əmi, bilirsən, biz üç nəfər Könüllə yatmışıq. Üçümüz də canbirqəlb dostlarıq. Bilmirik uşaq kimdəndi. Bunu necə öyrənmək olar?”

“Uşaq olandan sonra DNK testi vermək olar. Dəqiq bilmirəm, deyəsən indi uşaq doğulmamışdan da atasının kimliyini öyrənmək olur. Amma yaxşısı doğulandan sonra yoxlamaqdır.”

“İndi uşaq atasına oxşayacaq da. Düzdü?”

“Yox. Oxşamaya da bilər. Belə götürəndə el arasında inanc var ki, uşaq ananın qarnında birinci dəfə tərpənəndə ana kimə baxsa, ona oxşayır. Ana güzgüdə özünə baxsa özünə oxşayır, atasına baxsa ataya oxşayır. Nəsə belə bir şey deyirlər. Amma elmi cəhətdən düz olub-olmadığını bilmirəm.”

“Həə, onda uşaq olandan sonra baxarıq.. Amma deyəsən mənim boynumda qalacaq.”

Bunu deyib güldü. Daha bu haqda danışmadıq.

Kafeyə çatdıq. Çay təzə gəlmişdi ki, Fərid mənə zəng eləyib harda olduğumuzu soruşdu. Yeri başa salıb qapıya çıxdım ki, onu qarşılayım. İçəri girib oturduq. Əminə Fəridi görən kimi Vüsalla daha da mehribanlaşdı.

Təxminən bir saat oturduq. Bu bir saat ərzində Fərid bir kəlmə də danışmadı. Fikri dağınıqdı. Dalbadal siqaret çəkirdi. Hərdən fikrini dağıtmaq üçün nəsə zarafatyana bir şey deyib ona baxırdım. O da mənə baxıb dodaqucu gülümsəyirdi. Amma dəqiq bilirdim ki, nə dediyimi eşitməyib.

Axırda Fərid yavaşca mənə dedi:

“Əmi, duraq?”

“Necə istəyirsən.”

Durub sağollaşdıq. Kafedən çıxıb piyada Azadlıq prospekti metrosuna gəldik. Kafedən çıxan kimi Fərid danışmağa başladı. Deyəsən, ürəyini boşaltmağa imkan tapmışdı. Neçə vaxtdır yığılıb qalan və yəqin ki, ona əzab verən hər şeyi mənə danışdı.

Əlbəttə ki, söhbət Əminə haqda idi. Metronun çıxışında da yarım saatdan çox dayandıq və bütün bu müddət ərzində ancaq Fərid danışdı.

“Əmi, bilirsən, mən Əminəni sevirəm e. Düzdü, bir yaş məndən böyükdü, amma noolsun, onu sevirəm. Elə lisey vaxtından sevirəm. Demək artıqdır, hər şey sənin qabağında olub. Liseydə oxuyanda elə gözəl günlərimiz olub ki... Hər gün dərsdən sonra gəzməyə gedirdik... Axmaq olmuşam. Vallah. O vaxt Əminənin necə biri olduğunu bilmirdim. Hələ tanımırdım onu. A kişi, ona görə mən atamın yasında gülürdüm! Atam təzə ölmüşdü. Zəng eləyirdi ki, gəl gedək gəzək. Bütün dərd-sərimi yadımdan çıxartırdım. Onun yanında gülürdüm ki, mənə görə o da pis olmasın...

Arada bir dəfə onunla küsmüşdük. Zənglərinə cavab vermirdim. Anasına zəng elətdirmişdi. Anasının sözünü yerə salmayıb barışdım. Bilsəydim ki, mənə belə əzab verəcək, heç barışmazdım... Bilirsən də bu Vüsal məsələsini.”

Başımla yox dedim. “Vüsalla mənim acığıma tapışıb. Oturmaqlarını, danışmaqlarını görmürdün?.. Gərək gəlməyəydim. Əmi, inanırsan, bura ancaq sənə görə gəldim. Rədd olsun Əminə də, Kənan da, Vüsal da...”

Həə, mən yavaş-yavaş başa düşürdüm hər şeyi. Əminə bilə-bilə Fəridi mənim çağırmağımı istəmişdi. Bilirdi ki, Fərid mənim sözümü yerə salmayıb gələcək... Amma başa düşməyimdən nə fayda? Elədiyimi eləmişdim artıq.

Fərid yorulanacan danışdı. Axırda dedi:

“Əmi, sənin də başını ağrıtdım.”

Belə hallarda nə demək lazım olduğunu bilmirəm. Onun üçün bir-iki kəlmə dilucu nəsə mızıldandım. Açığı, Fəridi bura gətirdiyimə, həmçinin özüm də gəldiyimə görə utanırdım. Fəridlə sağollaşıb ayrıldıq.

IV

Sonralar görüşlərimizin arası seyrəldi. Hərdən telefonla danışırdıq. Bu hadisədən bir-iki ay sonra Kənanla danışanda dedi ki, Vüsalla Əminə yatıblar. Əminə də deyib ki, “Hamilə qalsam özümü öldürəcəyəm.” Amma sonra nə olduğunu bilmədim.

Kənanla olan bu söhbətimizdən təxminən yarım il keçdi. Açığı ona daha zəng eləmirdim. Arabir Fəridlə danışırdım.

Bir dəfə axşamüstü Fərid mənə zəng elədi.

“Əmi, bilirsən, Kənanı tutublar.”

“Yoox. Neyçün?”

“Oğurluq üstündə.”

“Aa..”

“Vaxtın varsa sabah gəl, ətraflı danışım.”

28 may tərəflərdə görüşdük. O vaxt elə düz bilmişdim, Kənan narkomaniyaya qurşanıbmış. Axır vaxtlar evə də getmirmiş deyə atası gec xəbər tutub. Təcili mikrorayondakı evlərini satıb Kənanı müalicə elətdirməyə başlayıb. Kənan guya ki, sağalıb. Amma inanmıram o narkotikdən əl çəkəydi. Nəsə, üstündən az keçmiş üç nəfərlə əlbir olub oğurluq ediblər. Elə səhəri gün də tutulublar.

“Hələ məhkəməsi olmayıb” Fərid dedi. “Görəsən neçə il alar?”

“Bilmirəm” deyib çiyinlərimi çəkdim.

Bir az susduq. Mən Kənanı fikirləşirdim. Cavan uşaq idi, öz əliylə yıxdı evini. Bu da sənə qarışqa tapdalamağı günah sayan biri!

Biraz da oturub, qalxdıq. Nədənsə hiss eləmişdim ki, bu Fəridlə də axırıncı görüşümüzdür. Elə də oldu. Amma həmin gün xeyli söhbət eləməyimizə baxmayaraq, Əminədən danışmadıq. Nə o dedi, nə də mən soruşdum...

Günün bütün mövzuları

XS
SM
MD
LG