Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

-

Xam neftin qiyməti ötən cüməki sıçrayışdan sonra bazar ertəsi enməyə başlayıb. Səbəb də böyük istehsalçıların hasilatı azaldacağı sarıdan şübhələrdir. Fevralın 15-də Nyu-York birjasında mart fyuçerslərində xam neftin barreli 29.11 dollara düşüb. Londonun «ICE Futures» birjasında isə «Brent»in barrelinin aprel qiyməti 0.40 sent azalaraq 32.96 dollara düşüb.

«The Wall Street Journal»da Jenny Hsu yazır ki, neftin qiymətinin birgünlük sıçrayışının səbəbi bir açıqlama idi. Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri dedi ki, OPEC üzvləri əməkdaşlığa hazırdır.

«Bugünkü düşüş bazarın OPEC-in hasilatı azaldacağına böyük şübhəylə yanaşmasının göstəricisidir», - «Phillip Futures»in təhlilçisi Daniel Ang deyir. «İki ildir bu sözləri eşidirik, konkret addım görməyənədək eniş davam edəcək».

Son iki ildə neftin ucuzlaşmasının səbəbi bazarda təklifin tələbi üstələməsidir. Səudiyyə Ərəbistanı, İran, Rusiya hasilatı azaltmağa meyl etməyib, ABŞ istehsalçılarının bazarda payını artıracağından ehtiyatlanıblar. OPEC istehsalı yüksək həddə saxlamaqla ucuz qiymətlərin rəqiblərini sıradan çıxaracağına ümid edib.

«Səudiyyə və İran hasilatın azalmasında maraqlı deyillər, ancaq eyni zamanda barrelin 25 dollardan düşməsini də istəmirlər, bu halda da qazancları yoxdur»,- «Nomura» şirkətindən Gordon Kwan deyir.

Miqrantlar Serbiyada.

Miqrantlar Serbiyada.

Bazar hazırda Çinin yanvar statistikasını gözləyir. Çin dünyanın ikinci neft istehlakçısıdır. Təhlilçilərin fikrincə, bu il ölkənin neftə tələbatının azalacağı gözlənilir. Belə ki, Çin sənaye iqtisadiyyatından xidmət-oriyentasiyalı iqtisadiyyata yönəlir.

AVROPAYA QAÇQIN AXINI GÜCLƏNİR

Bu ilin ilk altı ayı ərzində Avropaya ötən ilin dörd ayından daha çox qaçqın gedib. BMT-nin Qaçqınlar üzrə Agentliyinin ötən həftə açıqladığı hesabatda belə deyilir.

«The Time» hesabata əsasən yazır ki, ilin əvvəlindən Avropaya qayıqla 80 mindən çox qaçqın və miqrant keçib. Ötən il Avropaya 1 milyondan artıq qaçqın getmişdi.

«Yanvarda gələnlərin çoxu - 58 faizə yaxını qadınlar və uşaqlar idi. Yunanıstana gedənlərin 1/3-i uşaqlar olub. Ötən sentyabrda hər 10 nəfərdən biri uşaq idi», - agentliyin sözçüsü Melissa Fleming jurnalistlərə deyib.

Bu arada Avropa ölkələri Suriya, Əfqanıstan və İraqdan miqrant axınını önləməyə çalışır. Bəzi ölkələr məhdudlaşdırıcı immiqrasiya siyasəti tətbiq ediblər.

M.Fleming Avropa ölkələrini ailələrin birləşməsinin hüquqi və təhlükəsiz yollarını təkmilləşdirməyə çağırıb.

İŞİD döyüşçüsü.

İŞİD döyüşçüsü.

İŞİD-ÇİLƏR SAQQALI NİYƏ QIRXIR?

Qərbin hava hücumlarından qorunan «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzvləri dinc sakinlərin evlərində gizlənir və bəzən hətta saqqallarını da qırxırlar. Bunu NBC-nin müxbiri Rohit Kachroo İŞİD-dən qaçan suriyalılara istinadla yazır.

Hətta qruplaşmanın elan etdiyi «xilafət»in paytaxtı sayılan Raqqada cihadçıların çoxu dövlət binalarından çıxır.

«Tutaq ki, ailənlə bir evdə yaşayırsan. Onlar evini əlindən tutur, ailəsini oraya yerləşdirir», - 19 yaşlı Abu Baraa deyir. O, ötən ay Raqqadan Türkiyəyə qaçıb. «Dinc sakinlərin özlərini bu durumdan uzaq tutması çətin məsələdir. Belə çıxır, hava zərbələrindən İŞİD deyil, biz də ziyan çəkirik».

Baraa-nın sözlərinə görə, qapısı döyülən sakinə deyilir ki, İŞİD-çi ya onların boş otağına, ya da elə bütün evinə yerləşəcək. İmtina edərsə, edam oluna bilər.

«Son vaxtlar görünüşlərini də dəyişirlər – mülki geyimdə olurlar, saqqalı qırxırlar. Daha çox hərbi maşınlardan deyil, taksidən istifadə edirlər, ya da maşınlarını palçıqla örtürlər ki, təyyarələr onları görməsin», - Baraa deyir.

Gənc onu da sözlərinə əlavə edir ki, İŞİD maşınlar üçün yeni vergi qoyub. Yolu qırmızı işıqda keçməyə görə cərimə var. Motosikletlərin hamısı İŞİD-in adı olan nömrə nişanı daşımalıdır və s. Bütün bu yeniliklər də son 3 ayda qüvvəyə minib.

Günün bütün mövzuları

XS
SM
MD
LG