Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

-

20-ci yüzilin görkəmli ədəbiyyat nəzəriyyəçisi Ihab Hassan'ın müsahibəsindən qısa çıxarış:

Mən Ihab Hassan ilə 1982-ci ildə tanış olmuşam, onun NEH Yay Məktəbində “Modernizm, Postmodernizm və Mətn məsələsi” seminarında. Orada onun təkcə bir yazıçı və tənqidçi deyil, eyni zamanda fövqəladə bacarıqlı, güclü məllim olduğunu kəşf etdim. Onu tanıdığım bu illər ərzində Hassan'ın yazılarından olduğu qədər, müəllimliyindən də təsirlənmişəm.

Aşağıdakı müsahibə 1998-ci ilin noyabrından 1999-cu il, yanvarın sonlarına qədər telefonla, elektron və adi məktubla başa gəlib.

Frank L. Cioffi

-Sizin əsas tənqidi əsərləriniz postmodern ideyası ilə bağlıdır - "The Dismemberment of Orpheus", "Paracriticisms", "The Right Promethean Fire", "The Postmodern Turn" və başqa məqalələriniz ədəbi tənqid və nəzəriyyəyə nəhəng təsir göstərib. Bu təsiri qısaca xaraterizə edə bilərsinizmi?

HASSAN: Onların “nəhəng təsirimi” olub? Mənə belə gəlir ki, onların təsiri cüzi olub. Charles Jencks və ya Linda Hutcheon, yaxud Hans Bertens o əsərləri tərifləyərlər, başqaları isə, xüsusən neo-marksistlər bu haqda tamam başqa, mənfi fikirdədirlər; onlar bu əsərləri nəzərəçarpan sükutla qaşılayırlar.

İstisnalar var, əlbəttə, məsələn, tarixi materialist Bernard Smith, onun son essesində “The Last Days of the Post Mode” yetkin və zərif mühakimələr var.

-Siz “postmodern” sözünü müəyyən növ ədəbiyyata münasibətdə ilk dəfə işlətmisiniz, siz bir ədəbi hərəkatı təyin etməyə kömək etmisiniz...

HASSAN: Yox, birinci mən işlətməmişəm. Deyilənə görə, John Watkins Chapman adlı Britaniya rəssamı bu termini 1870-ci illərdə tez-tez işlədərmiş.

O vaxtdan Federico de Onis, Bernard Smith, Dudley Fitts, Arnold Toynbee, Charles Olson, Irving Howe və Harry Levin bu termini müxtəlif mənalarda işlədiblər. Bütün bunlar məndən əvvəl olub.

Mənsə, deyəsən, bu termindən möhkəm yapışdım və meydana çıxmaqda olan hərəkatı özüm üçün aydınlaşdırdım.

- Romantizm, Modernizm və Postmodernizm arasındakı münasibətlər haqda nə düşünürsünüz? Princeton Universitetində ictimai mühazirədə bu yaxınlarda Robert Storr'dan (Modern Art Muzeyinin rəhbəri) xahiş etdim ki, “Postmodernzm” termininə aydınlıq gətirsin, o dedi ki, bu terminin mənası onu həmişə çaşdırır. Sizcə, niyə çoxları onun kimi karıxır bu termin qarşısında?

HASSAN: Ah, bu, mənim üzərində xeyli müddət işlədiyim mövzudur, bu bahar Almaniya və Avstriyadakı mühazirələrimin mövzusu olub: “Romantizm, Modernizm, Postmodernizm: Üç “izm” anlayış arayışında”.

Gəlin Romantizmdən başlayaq: Bu da Postmodernizm qədər etirazlar doğuran kateqoriya olub. Modernizm isə bu qədər çox etiraz doğurmur, çünki bu haqda sadəcə çox yazılması mövzuya müəyyən çəki və stabillik verib - Bernard Smith’in “Modernizmin tarixi” (rəssamlıqda) və Peter Conrad’ın “Müasir zamanlar” (mədəniyyətdə), bunların ardınca Christopher Butler’in “Erkən Modernizm” və William R. Everdell’in “İlk modernlər” kitabı…

Bildiyiniz kimi, bəzi tənqidçilərin, məsələn, Harold Bloom-un fikrincə,, Romantizm heç vaxt bitməyib – biz hamımız onun özü kimi “gecikmiş” Romantiklərik. Onun fikrincə, biz Postmodernizmin ironiyalarını, qeyri-sabitliyini, qeyri-müəyyənliyini Romantizmə yükləmişik; biz Romantizmi öz simamızda yenidən kəşf etmişik.

Bəzi mövzular, problemlər, yaxud məlumatlar hər halda Romantizmdən Modernizm yoluyla Postmodernizmə, özü də bu zaman mutasiyaya məruz qala-qala keçir. Məsələn, Romantik Təxəyyül Modernist Şüur, Modernist Şüur isə Postmodern Dilə çevrilir – Təxəyyüldən Dilə. Həmçinin Romantik Öz, - Modernist Eqoya çevilir. Modernist Eqo isə Postmodern boş Subyektə, Diskursa çevrilir…

- Bu yaxınlarda yaxşı bir şey oxumusunuzmu? Sizi heyrətləndirən bir şey? Bugünkü romançı, şair, dramaturqlardan kimləri tövsiyə edə bilərsiniz?

Don DeLillo

Don DeLillo

HASSAN: Son zamanlar avstraliyalıları oxuyuram. Patrick White’ın "Voss" heyrətamiz nailiyyətdir. David Malouf da əladır, ümid edirəm, o, tezliklə Nobel alar. Thomas Keneally da əladır. Murray Bail’in "Eucalyptus" bu yaxınlarda nəşr olunub, nəfis əsərdir.

Amerikan nəsrinə qayıtsaq, Pynchon’un "Mason & Dixon" və DeLillo’nun "Underworld" kitabları kimi böyük kitablar, xüsusən sonuncu mənim xoşuma gəlib, amma tərpətməyib.

Eyni şeyi Paul Auster haqda da deyə bilərəm, adamın fikrini məşğul edən əsərdir, kiçik miqyasda. Amma bir səsim olsaydı, Don DeLillo-nu seçərdim. Toni Morrisonun xələfi kimi.

Bizim dövrümüzçün kimi oxumalı? Kirpi və tülkü: Nietzsche və Şekspir. Yaxud Beckett və Montaigne. Yaxud Kafka və Zen. Və hamısının qarşısında sual işarəsi.

Qısaca desəm, mən yazıçıları, şairləri, dramaturqları aşağıdakı cəhətlərinə görə seçirəm: ağıl, təxəyyül, doğruluq, sosial instinkt, metafizik sərhədlər, üstəlik, dil.

Günün bütün mövzuları

XS
SM
MD
LG