Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:57

Rasim Qaraca. Mənim həyatımı yaz (Yeni hekayə)


Rasim Qaraca
Rasim Qaraca

-

Deyir, mənim həyatımı yaz. Əvvəlcə ciddiyə almıram bu sözü, özü üçün danışır, keçmişdə olan söhbətləri bir ucdan üyüdüb tökür. Bəlkə də bilir heç nə yazmayacağımı, ancaq özünü buna inandırıb.

Bəzən, danışdıqca “bunu yazma” deyir və ya hansısa bir məqama xüsusi diqqət çəkir, “bax, bunu da yazarsan” demədən keçmir. Yüz il bundan əvvəlin söhbətləri. Deyir, babam 107 il yaşayıb. Çox yaşamağının səbəbi həftədə bir dəfə xaş yemək olub.

Pinəçi köşkü
Pinəçi köşkü

İndi üzərinə “Ayaqqabı təmiri” yazılmış bu balaca tikili əvvəllər babasının parça dükanı olub, 37-ci ildə sovetlər var-dövlətini alıblar, ancaq bu dükana dəyməyiblər.

Babası Kərbalaya gedib-gəlsə də, lotu kişi olub. Özünü xəstəliyə vurub, müharibəyə getməyib. Bir sözü vardı: “Kişi döyüşdə deyil, yataqda ölməlidir, qadının üzərində”. Həmişə cibində bir ovuc Nikolay onluğunu oynadarmış. Soruşublar, niyə belə edirsən? Deyib, qızılları oynadanda ahvalım düzəlir. Ta bu yaxınlarda, 1987-ci ildə ölüb. Təvvəllüd ili 1880 imiş.

Ancaq atası özbaşına böyüyüb, bir ayağı Rusiyətdə, əhli-kef, yeyib-içib, gəzib. Pulu olan vaxtlar da olub, olmayan vaxtlar da. Babasından qalma parça dükanını işlədib.

Hələ üstəlik, 70-ci ildə Univermağın yanında da bir qarşıq mallar dükanı açıb. Üstündə də dükanın adını özü öz əliylə yazmışdı: “Qarışqa mallar”. Bu səhvi düzəldən olmamışdı, yanlış da bir naxışdı, demişdi. Rusiyadan mal vururmuş, tutulub, yatıb, çıxıb. Necə olubsa, bunların mamasını atıb, uşaqlar yetim qalıb, oxuyub bir tərəfə çıxa bilməyiblər. Ona görə də mən çəkməçi olmuşam deyir. Ancaq, kişi ölüm ayağında olanda barışıblar, 2001-ci ildə.

Bir dəfə Pasaj bazarının yanında Musaynan təsadüfən görüşüblər (yadımdan çıxmışdı deyim, bunları danışan adamın adı Musadı), ata-oğul küsülü də olsalar, nəsə, danışmağa, dərdləşməyə ehtiyac hiss ediblər. Açıq havada oturub çay içiblər. Ordan-burdan danışıblar. "Nissan-Maxsima"ların Bakıya təzə gələn vaxtlarıymış. Atası çayxananın yanındakı yoldan keçən maşına baxaraq: "bəh-bəh, maşına bax ey, adamı vuranda da Nissan-Maxima vura" deyib.

Üstündən bir ay keçməmiş axşam evə qayıdanda qaranlıqdan bir Nissan-Maksima çıxıb bu kişini vurub. Ağır yaralanıb, saxladığı arvad baxmayıb, gətiriblər köhnə arvadın üstünə. Kişini qurtarmaq mümkün olmayıb. Hər gün zarıyıb bağırırmış. Bəlkə də ölməyəcəkmiş, atasının yerini ayrıca otaqda salıblar, dəmir, setkalı kravatda.

Bir gün lap bərkdən bağırırmış, artıq hər kəs alışdığına görə fikir verən olmayıb. Sən demə, kişi ağrıdan qıvrılan anlarda başı yatağın dəmir millərinin arasına keçib, səhərəcən bağırıb, köməyə adam çağırıb. Bir də səhərisi gün açıblar qapısını, görüblər iş işdən keçib...

Bax belə bir adam olub dünyada. Deyir, rəhmətliyin dilindən bu meyxana parçası mənə yadigar qalıb:

Eşitmişəm gəzirsən cavan bir oğlan ilə,

Findiquruş geyinmiş köhnə müsəlman ilə...

*

Deyir, fərasətli uşaq olmuşam, ancaq yiyəm olmayıb məni bir tərəfə çıxartsın. Usaq olanda, təxminən 10-12 yasımda taxta parçalarından kub formasında bir qutu düzəltmişdim, hər tərəfini rəngləyib, bir kənarına naqil baglamışdım, üstünə məftil sancmışdım anten əvəzi, ekran yerinə də güzgü yapışdırmışdım.

Xülasə, özümə televizor düzəltmişdim. Bu "televizoru" evdəki ağ-qara, kanalları dəyişmək üçün qənddoğrayandan istifadə etdiyimiz "Orsk" markalı televizorla qarşı-qarşıya qoyurdum, televizorda göstərilən şeylər güzgüdə əks olunurdu və beləliklə, verilişləri öz televizorumdan izləyirdim.

92-ci ildə aclıq çəkirdik. İş yox, güc yox. Çerez-çerez, tanışlıqla, tapşırmaqla, şirinliyi də üstündə, toyuq fermasında işə düzəldim. Hər gün sumka dolusu toyuq kəlləsi gətirib qonşulara paylayırdım.

Ancaq bir gün işdən çıxmalı oldum. Təsadəfən mühasibat sənədlərində adımın qarşısında "quştutan" sözünü gördüm, cin vurdu kəlləmə, müdriyyətlə dalaşdım, dişimin dibindən çıxanı dedim, o çıxan işdən çıxdım.

Elə həmin toyuq fermasında Zərifə adlı bir xanımla göz-qaş edirmiş. Ala, hara gedirəm qabağıma bir Zərifə çıxır, məni sevən arvadların hamısının adı Zərifə olub. Arvadımın da adı Zərifə, hələ anamın da adı Zərifə olub…

Pula qəanət etməkdən ötrü 25 nömrəli avtobusa mindik. Beşmərtəbədən fırlanıb Qaqarin körpüsünə istiqamətlənəndə ikinci dayanacaqda avtobus xeyli gözləyirdi. Sürücü motoru söndürmək istəmədiyinə görə avtobus adamı çalxalayırdı, dilxor olurdun.

Zərifə yanımda oturub, tələsir, cəmi bir saat vaxtım var, işə qayıdacam deyir. Havanın isstisi də bir yandan, adamın fikirlər yox olur, beyin keyləşirdi, gözlər də harasa zillənib qalırdı.

Yaxında olan türk liseyinin şagirdlərinin hay-küyü avtobusu doldururdu, sol tərəfdə “Nizami” metrosuna çıxan və həmişə qazılan bir küçə var idi. Ordan həmişə kimsə avtobusa çatmaq üçün qaça-qaça gəlirdi. Elə bil bu küçə həmin bu "qazılan dar küçə ilə qaça-qaça gələn adam" səhnəsi üçün hazırlanmışdı, hər gün bu epizodun şahidi olurdum.

Sağ tərəfdə sınıq daş lövhələrlə döşənmiş bir həyət vardı, həyətin bir kənarı çayxana idi, çünki ortalıqda məktəb partalarına oxşayan çayxana masaları dururdu. Həmişə də orda fəhlələr oturub tələsə-tələsə sosiska-çörək yeyirdilər. Sol əllərini işgüzar şəkildə dizlərinə söykəyirdilər, sağ əlləri ilə həm yerində düz durmayan masaların tarazlığını saxlayır, həm də sosiskaları soyub xardala batırırdılar.

Həmişə aralarından biri qapağı iplə qulpuna bağlanmış çaynikdən hamıya çay süzürdü ki, vaxt itməsin. Əbədi yarımçıq qazıntının ağzından ora-bura atılmış qazma alətlərinin tutacaqları çıxırdı.

Bu küçə diş həkimində ağzı açıq qalmış xəstəyə oxşayırdı, həkim alətləri elə onun açıq ağzına atıb harasa getmişdi və gəlmək bilmirdi. Bax, bizim avtobus da yerindən tərpənmək bilmirdi. Hər dəfə Zərifəylə onun nahar fasiləsində gəlib bu avtobusa otururduq, yenə də qaçan adam avtobusa yetişmirdi, sosiska yeyən fəhlələr yenə də o çayxanada olurdular, avtobus da öz yırğalanmağında.

Hamı öz tələsikliyində donub qalmışdı. Bütün detallar hər gün təkrarlanırdı. Zərifə ilə yad adamlar kimi oturmuşduq, çüünki bura onun məhəklləsi idi, görüb tanıyan ola bilərdi. Gözümü yenə avtobusun pəncərə şüşələrinə zilləmişdim.

Birdən gördüm ki, yolun sağ tərəfində, sosiska-çörək yeyən fəhlələrdən bir az aralıda kolların arasından nəsə narıncı hərəkətlər sezilir. Diqqətim ətalətdən çıxdı və bir sürü pişik gördüm. Çox böyük sürü idi, bütün kolluğu narıncı rəngə boyamışdılar. Bütün bu kütlə nəyinsə ətrafında ritmlə hərəkət edirdi, kənardakılar mərkəzə doğru can atırdılar, mərkəzdəkilər də kənara.

Düz ortalarında balaca və yaşlı bir qadın durmuşdu, ayaqları ilə bərk tutduğu torbadan sosiska çıxarıb pişikləri yemləyirdi. Qıpqırmızı dodaq və dırnaq boyası pişiklərin bulanıq narıncısının arasından adamın gözünü tuturdu. Elə bunlara baxırdım ki, fəhlələr naharlarını bitirib durdular, küçəni keçib qazıntı çalasına yaxınlaşdılar. Qaça-qaça gələn adam onların yanından şütüyərək yolu keçməyə başladı. Avtobus çalxalanmağından çıxıb tərpəndi. Qaçan adam çatmadığını görüb qışqırmağa başladı. Sürücü əsəblə yanındakından soruşdu: “Nə deyir ə o?”. “Deyir, bir dəyğə saxla, minən var.” Qaçan adam özünü yetirib mindi və biz getdik. Pişiklərin narıncı mənzərəsi avtobusun şüşələri boyunca arxaya sürüşərək yox oldu.

Zərifə ilə avtobusun lap arxadakı skamyasında oturmuşduq. Gözlərinin axmağından bilirdim ki məni sevir, mən də ondan ötrü az qalırdım əriyib avtobusun skamyasına yapışım.

Dostumdan evinin açarını 1 saatlığa almışdım, həftədə bir dəfə ora gedirdik. Dostum, telefonda açar söhbəti eləməyə qoymurdu, çünki telefona qulaq asan ola bilərdi. "Sənə açar lazım olanda denən, olar Çexovun kitabını götürüm?". Qaytaranda da gərək deyəydim, Əziz, Çexovun kitabını qaytarmaq istəyirəm. Ancaq hər dəfə bu sözü demək yadımdan çıxırdı. Dostum da hirslənirdi.

Düşəndə avtobusun nömrəsinə baxıram. Belə bir xəsstəliyim var, maşınların nömrəsindəki rəqəmləri toplayıb üçə bölürəm, əgər bölünərsə demək işlərim düz gətirəcək. Bu dəfə rəqəmlərin cəmi üçə bölünmədi, bildim ki Zərifəylə bizimki alınmayacaq. Ancaq yenə də yolumuzdan qalmadıq, dostumun evinə çatıb liftlə 3-cü mərtəbəyə qalxdıq, əvvəl balaca açarla, sonra seyf qapı açarıyla qapını açdıq...

O gün hər hansı bir yaramazlıq olmadı. Axşam "Çexovun kitabı"nı qaytardım. Səhərisi gün Əvəz zəng elədi, evdən üzərinə ərəb əlifbasıyla "allahu-əkbər" yazılmış suvenir yoxa çıxmışdı.

Zərifədən ürəyim o sınan sındı. Görüşməyinə görüşürdüm, ancaq bir ayağımı hər zaman qaçaraq qoymuşdum. Bir ara gizli görüşdük, sonra evinə gedib-gəlməyə başladım.

Düz altı il onu saxladım. Necə saxladım? Heç necə. Məndən uşaq istədi, mən də verdim. Qazandığımdam üç-beş manat da ona verirdim. Axırda böyük oğlum qabağımda şərt qoydu, dedi ya bizi seç, ya da onu. Mən də öz ailə-uşağımı seçdim. Ancaq lapdan əlaqəmi kəsə bilməzdim.

Bir gün Zərifənin yaşadığı blokda fəhlələr təmir işi görürdülər. Nahar vaxtı məndən xahiş etdilər ki, instrumentləri evin içinə, koridora qoyaq, podyezddə qalsa oğurlana bilər. Mən də razı oldum, müsəlmanıq da, deyim ki olmaz, axı ayıbdır.

Zərifə bunu gördü, qiyaməti qopardı. Sənin nə ixtiyarın var, filan... Yaxşı, ixtiyarım yoxdur deyirsən? Onda sən sağ mən də salamat. Əlimə bəhanə düşdü, şələ-küləmi yığışdırıb o çıxan evindən çıxdım. Sonra çox xəbər saldı, bacısından ismarıc göndərdi. Day mən bir də tüpürdüyümü yalamadım.

Özünün bir qızı vardı, məndən də bir qızı oldu. Əslində oğlan olmasını istəyirdi. Bir həkim tanışım var, həmişə çəkməsini mən yamayıram, ona dedim. Çox yaxşı adamdır, qız uşaqlarını abort eləmək istəmir, ona görə yalandan hamıya oğlan olacaq deyir. Bizə də elə dedi. Uşaq olanda gördük ki, qızdır.

Zərifə çox vay-şüvən saldı, ancaq day iş işdən keçmişdi. Zərifə özü də qaçqınçılıq görmüşdü, iki qardaşı şəhid olmuşdu. Atası-anası ölmüşdü, ancaq ana babası dünənə qədər sağ idi. Deyirdi, Hitleri görmüşəm. Bir az da almanca bilirdi.

Bir dəfə almanlar qaçqınlara ərzaq paylayanda medallarını taxıb gedib öz payını almağa. Görüb burda yardım paylayanlar almanca danışırlar. Cavanlar kişini hoydu-hoyduya götürüblər, nemeslərə güllə atmısan, sənə yardım verməyəcəklər, medallarını soyun, gizlət deyiblər. Kişi qorxa-qorxa geri qayıdıb, medallarını soyunub gəlib.

Ancaq, nə qədər nemes öldürdüyünü bilmirəm, ürəyi çox yumşaq idi. Heyvan formalı peçenye, şokolad və buna bənzər qidaları tərs üzünə çevirib yeyirdi, heyvanların üzünə baxa-baxa yeyə bilmirdi. Ömrümdə bir toyuq başı da kəsməmişəm deyirdi.

Vallah, nə deyim. Zərifə ilə günlərimiz yaxşı keçirdi. Həyatımdakı bütün Zərifələrdən daha uzunömürlü oldu sevgi-məhəbbətimiz. Üzünü görmə, daldan sev, bax o cinsdən idi bu qadın. Bakılıların sözü olmasın, daldan pioner, qabaqdan pensioner. Bircə deyingənliyi olmayaydı. Gah beləydi, gah elə. Gözünün yaşı ovcunun içindəydi. Bicliyi də vardı, heç kimin ağlına gəlməyən onun ağlına gələrdi.

Təzə ev kirələyib ora köçmüşdük. Bir aydan sonra gördüm, ipə paltar sərə-sərə üzbəüzdəki binada yaşayan adamların bütün bioqrafiyasını öyrənib. Filankəsin heç kimi yoxdur, bir qızı var, o da həftədə bir dəfə gəlir, filankəsin aşnası filankəsdir, o qara paltolu adam o gəlinin qaynıdır, filankəs eyni mərtəbədə hər oğluna bir ev alıb və s.

Bir dəfə gecə vaxtı məni yuxudan oyandırıb nə desə yaxşıdı: alt qonşumuz yan tərəfdəki tikintidən kərpic oğurlayır. Dedim, hardan bildin? Dedi hər 20 dəqiqədən bir qapı açılır, yerişindən bilirəm ki, Ağaseyid nəsə ağır bir şey gətirir və daanq deyə balkonda yerə qoyur, eyni şey 20 dəqiqədən sonra yenə təkrar olur.

Dedim, day mənim sənə sözüm yoxdur. Bir gün də Milli məclisin qabağında polislər bunu saxlayıblar. Küçədən keçəndə yanında iki cavan oğlan dava edib, guya Zərifə də buna şahid olub. Polis oğlanları da, Zərifəni də götürüb aparıb polis şöbəsinə.

Arvaddan soruşublar ki, nə söhbətdir? Deyib, bilmirəm, mən xəstaxanaya qanımı satmağa getmişdim. Soruşublar, qolundakı deşiklər nədir? Deyib, dedim axı qan satmağa getmişdim, zəng edin xəstəxanadan soruşun. Görüblər bundan pul ala bilməyəcəklər, axırda deyiblər hadisəni görüb gizlətdiyinə görə sənə 100 manat cərimə yazırıq.

Arvad əvvəlcə təkərə düşüb, götürüb rəfiqəsinə zəng edib, 100 manat istəyib, sonra özünü ələ alıb, deyib, 200 qram qan satmışam 25 manata, atam gəlsə yenə bir qəpik vermərəm, belə çox istiyirsinizsə aparın salın içəri, 5-10 gün qonağınız olum.

Viktor Soy
Viktor Soy

Görüblər alınmır, deyiblər yola salın getsin. Bunu yola salan polisin biri soruşub ki, xanım, sevgiliniz var? Bu da deyib var, amma bizim millətdən deyil, rusdur. Rusiyada toylarda müğənnilik edir, adı da Viktor Soy, bəlkə eşidəsiz. Polis deyib yox, tanımaram. Xülasə, yola salıblar gedib.

Bax belə arvaddır, söz çatdırmaq olmur.

Deyir, mənim həyatımı yaz. Bilmirəm, bu hardan ağlına gəlib. Cəmi 3 dəfə görüşmüşük, danışmadığı cəfəngiyyat qalmayıb. Heç nəyi qeyd etmirəm, soruşanda deyirəm, hamısını kəlləmə yazıram, narahat olma.

Deyir, mən korennoy bakılıyam, uşaq vaxtı evimiz şahmat məktəbinin arxasındaydı, cuhud məhəlləsində, küçənin tinində də qırmızı fənər vardı.

Cavanlıqda heç vaxt qız korluğu çəkməmişəm mən. Həmin şahmat məktəbi əvvəllər yeməkxana idi. Bir dəfə atamla gəzərkən orda yekə siçovullar görmüşdüm. Bir-iki dənə deyil e, bir sürü. Yerə tökülmüş kolbasa qabıqlarını gəmirirdilər. Gözüm kəlləmə çıxmışdı…

Oxuduğum məktəbdə uşaqların sayı normadan çoxdu. Müəllimlərin hamısı ermənilər və yəhudilərdi. O boyda məktəbdə yeganə azərbaycanlı İngilis dili müəllimi idi, onun da adı Zərifə. Təyinatını bizim məktəbə almışdı. Subay qız idi. Boy-buxun da, maşallah. Demək olar ki, o, mənim ik sevgilim oldu. Sevgilim deyirəm, ona görə ki, münasibətimiz qarşılıqlı idi.

Doqquzuncu sinifdə oxuyanda dostum Ariflə onu qaralamışdıq, sözü bir yerə qoyub gözümüzü zilləyib ona baxırdıq, pıçıldaşırdıq, qızı əməlli-başlı xoflandırmışdıq. Birlikdə sevgi məktubu yazdıq, mənim adımdan, kitabın arasında Zərifə müəlliməyə ötürdüm.

Məktubda nə yazdığımı indi xatırlamıram, ümumi məzmunu beləydi ki, sizi sevirəm, gecə-gündüz sizi düşünürəm, nə bilim nə.

Üstündən bir gün keçəndən sonra, matematika dərsində qapı açıldı, Zərifə müəllimə idi, Musanı bir dəqiqəliyinə olar? – deyə mənim icazəmi istədi. Heç kəsin ağlına bir şey gəlməzdi, əlbəttə, ancaq mənim ürəyim zıqq elədi.

Qapını arxamca bağlayıb koridorda, onun qarşısında başımı aşağı dikərək, tərəddüdlə dayandım. “Hə, nə sözün var, indi de” – dedi Zərifə müəllimə. Ancaq cəsarətim çatmadı, bir xeyli beləcə üz-üzə dayanandan sonra, “yaxşı, get” dedi.

Bir müddət beləcə lal-dinməz sevgi oyunu oynadıq, məni görəndə gülümsəyirdi, bütün hərəkətləri tövrüylə açıq-aşkar mənə cəsarət verirdi. Məndən bir şey çıxmadığını görüncə, bir gün dərsdən sonra saxladı: “İstəyirsən səni ingilis dilindən hazırlaşdırım?” İstəyirəm, dedim. O gündən evinə gedib gəlməyə başladım.

Bax, bunları da yazarsan deyir. Çox gözüm atır sanki onun sayıqlamalarından ötrü. Deyir, anamla söhbət eləməyi çox sevirdik. Məktəbdə olan hər şeyi danışırdım, dərsi necə danışdım, neçə qiymət aldım, futbolda neçə qol vurdum, hətta neçə qız sevdiyimi və məni neçə qızın sevdiyini ona danışardım.

Bir dəfə Novxanıdakı bağımızda idik, dənizə getmişdik. Üzmək üçün iki xilasedici dairəmiz vardı. Onunla söhbət edə-edə dənizdə üzürdük. Bir də gördük, sahildən çox uzaqlaşmışıq. Atamgil nöqtə kimi görsənirdi. Nə qədər qışqırırdıqsa, bizi eşitmirldiər. Külək də bizi daha uzağa aparırdı. Normalda anam çox tez panikaya düşərdi. Amma mən var idim deyə, əsas məqsəd özünü yox, məni xilas eləmək idi. Bir əllə məndən tutub üzə-üzə gətirdi məni sahilə. 10 yaşım var idi…

Sonra atamla anam ayrıldılar. Atam yaxşı kişiydi, bizi çox istəyirdi. Ancaq anam işdə olanda atam evə qız gətirib, anam da gəlib üstlərinə çıxıb. Anam deyirdi, onsuz da bilirdim gəzdiyini, ancaq deyirdim, ilan harda əyri gəzirsə yuvasına düz girər, buna görə də səsimi çıxartmır, dərinə salmırdım. Deyirdi: “levak ukreplyayet brak”. Anca onun yatağında külbaşlıq eləməsi arvada toxunmuşdu.

Ömrü boyu kişiynən barışmadı. Atam çox çalışdı barışsın, sağdan-solda elçi saldı, sovutxadı, ancaq xeyri olmadı. Anam da elə belə qadın deyildi, küçədən keçəndə bütün kişilər ona baxardı. Ancaq heç kəs ürək edib ona bir söz deyə bilməzdi. Qız vaxtı sambo üzrə respublika çempionu olmuşdu. Çox güclü, sağlam qadındı. Özünün sevgilisi də vardı. Məndən və bacımdan gizlətməzdi. Kişi Azdramanın aktyoru idi, məşhur adamdı, ailəliydi. Ancaq anamı da saxlayırdı, hərdən bizi də gəzməyə aparardı, yemək-içmək alardı.

Uzun illər görüşdülər, anam bizi başa salmışdı ki, burda ayıb bir şey yoxdur. Əgər hər gün bir kişiylə görüşsəydi, o zaman olardı ayıb. Atamla həmişə mehriban yaşamışdılar, heç vaxt dava-qırğınları olmamışdı.

Bir dəfə necə oldusa, atam bizə gəldi, heç nə olmamış kimi yanımızda yaşamağa başladı. Anam da buna bir söz demir, ayrı otaqlarda yatırlar. Bizə deyirdi, atanızdır, qoy qalsın. Bir gün anam evə çox gec qayıtdı. Saat 12-dən keçmişdi. Atamın çox hirsləndiyi açıq-aşkar hiss olunurdu, onun “hardasan” sualına anamın cavabı “sənə nə var” oldu. Anama söz deməyə dili olmadı, gücü də çatmazdı. Bununla da məsələ həll olundu.

Atam o gedən getdi, bir daha qapımızı açmadı. Anam bizi saxlamaqdan ötrü min-bir əziyyətə qatlaşdı, məktəbdə dərs dedi, uşaq hazırlaşdırdı, restoranda qabyuyan işlədi, ancaq heç vaxt qabağından yemədi, atamın qabağında qürurunu sındırmadı.

Ömrünün sonlarında qonşuluqdakı yaşlı, tənha qadını himayəyə götürdü, öləndən sonra evinə sahib olmaq istəyirdi, bizim boğazımızdan kəsib o qadına yedirdirdi. Ancaq anam rus qadından tez öldü, qadın anamdan sonra 5 il də yaşadı.

Anam qəribə insan idi, yetimcanlıydı. Bir də görürdün küçədəki yiyəsiz uşaqları götürüb evə gətirib. Çimizdirib bir-iki gün saxlayırdı, bizim paltarlarımızdan geyindirib yola salırdı.

Yadımdan çıxmaz, Rövşən adlı bir uşaq vardı. Bir ay evimizdə qaldı. Sonra hara getdiyini bilmədim. Bir gün zəng elədi, cib telefonlarının təzə çıxan vaxtlarıydı, Zərifə xala, - dedi, Tarqovıda bir xalaya yaxınlaşıb yemək almasını istədim, dedi, əgər oğurluğun-zadın yoxdusa, gəl gedək mənimlə qal. İki gündü məni götürüb saxlayır.

Xalanın 58 yaşı var, əri rəhmətə gedib, mənə mobil telefon alıb, özü barda ayaqyolunda işləyir. Deyir, özünü yaxşı aparsan, yayda kompyuter də alacam. Bu, mənim nömrəmdi Zərifə xala, yaz. Xala yaxşı adama oxşayır, ama yenə də biləsən də dedim, harda kiminlə qaldığımı. Yetimlərin yanında belənçik etibar qazanmışdı qadın…

Anamın otağı ayrı idi, yatanda televizoru söndürməzdi, nə üçün belə etdiyini bilmirdim, ancaq təsadüfən elektriklər kəsiləndə televizor sönsəydi, qalxıb oturardı, səhərəcən yatmazdı…

Uşaq vaxtı bizə danışdığı nağıllara sonralar heç bir kitabda rast gəlmədim. Sən demə, özündən uydururmuş. Qalınqaş kişilərdən xoşu gəlməzdi, deyərdi, ehtiyac olduğu qədər, heç olmasa elementar simmetriya alana qədər, kişilərin qaşlarını almasına imkan yaradılmalıdır.

Öləndə başının altından bir mücrü çıxartdı, mənə bir qızıl üzük, bacıma da “məcidiyyə” bağışladı. Anasından qalma yadigar idi. Mücrünün içində konfet kağızları vardı, bacım soruşdu ki bunlar nədir? Üzündə qəribə ifadələr dolşdı, bilmədik ağrı çəkir, utanır, yoxsa gülümsəyir.

Handan-hana dilləndi; orta məktəbdə oxuyanda məni bir oğlan sevirdi, hər dəfə görüşəndə mənə konfet alardı, onun aldığı konfetlərin kağızını yığıb saxlamışam, dedi.

Allah bilir, arvadın qarnının altında daha nə sirlər vardı? İndi yadıma düşür ki, mən də sevdiyim qızın çeynəyib yerə atdığı saqqızı kibrit qutusuna qoyub cibimdə gəzdirmişəm… Öləndə vəsiyyət elədi ki, məni yola yaxın yerdə basdırın, hərdən qulağım səs eşitsin. Dediyi kimi də oldu. Novxanıda, qəbirstanlığın yola yaxın bir yerində uyuyur anam. Heç elə bil dünyada belə ataman bir qadın olmayıb.

Musa danışır. Hər görəndə məni söhbətə tutur. Bax bunu da yaz deyir, mənim həyatımı yaz. Əng dişləri yoxdur, ön kəsici dişləri də qoymadır, danışdıqca ağzında oynayır. Bugün-sabah 57 yaşı tamam olacaq. Əlimin altında yaxşı xatunlar var deyir, cavan sütül şeylərdi, ürəyim istəyəndə çağırıram gəlirlər.

Bir dəfə tanış civilərdən biri zəng elədi mənə, dedi kinoya çəkilmək istəmirsən? Xaricdən bir rejissor gəlmişdi, porno film çəkmək istəyirdi. Nə cürsə bu qızla tanış olub, deyib belə-belə, 500 yevro da pul verirəm. Ancaq iki kişi bir qadın olmalıdır.

Qız tanıdığı kişiləri gözünün qabağına gətirib, fikirləşib ki, bu işi hamıdan yaxşı mən görə bilərəm. Ancaq gərək bir dostumu da aparaydım. Mən razı oldum, elə həmin o dostum vardı ha, Əziz, ona dedim, o da razı oldu. Amma bir şərtimiz vardı, sifətimiz kadra düşməməliydi. Razı oldular. Hər şey xaricinin istədiyi kimi alındı, bilmirəm nəyinə lazım idi, ancaq bizim pulumuzu kəsmədi.

Qız özünə 300 götürdü, dostumla mənə adama 100 yevro verdi. Nəsə, hiss elədi ki damağım islanmayıb, əyilib qulağıma pıçıldadı ki, bir dəfə gələrsən səninlə elə-belə olaram, pulsuz. Mən də razı oldum. Sonra dediyini elədi, kişi qızı kimi sözünün üstündə durdu.

Bir dəfə necə oldusa Musayla avtobusda rastlaşdıq. Həə, onu deyirdim axı, deyib söhbətə başladı. Yaxın məsafədən ağzının qoxusuna dözmək mümkün deyildi. Allah üzümə baxdı, bir-iki dayanacaq gedəndən sonra düşdü. Səkidən adlayanda ayağı büdrədi, az qaldı yerə sərələnsin. Ancaq müvazinətini saxlaya bildi. Aşağıdan avtobusun içinə, mənə baxıb gülümsəyir, əliylə işarə edərək nəsə deyirdi. Mən başa düşdüyümə görə demək istəyirdi: “Bunu da yaz!”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG