Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23

Sultanməcid Qənizadə. İnsan vicdanı Allah qorxusundan təsirlidir


Sultan Məcid Qənizadə

Sultan Məcid Qənizadə

-

"İndiki bu mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə gedib, zülf və kəkilə mədh və rəcəz oxumaq hünər deyil, məsxərəbazlıqdır, indi “hekayəçiliyə” meyl etmək, oxucunun həyatına, tərbiyəsinə müsbət təsir göstərən həyati nəsr əsərləri yazmaq lazımdır."

Sultanməcid Qənizadə

Ülvi Babasoy

Sultanməcid Qənizadəni tanıyırsızmı?

Ülvi Babasoy

Ülvi Babasoy

Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1866-cı ilin aprelində Şamaxı şəhərində dünyaya göz açıb.

Azərbaycan maarifçi bədii nəsrinin istedadlı nümayəndəsi, ictimai xadim, tərcüməçi-pedaqoqdur.

Yazıb-oxumağı ilk dəfə atasından öyrənmişdi. Tiflisdəki Aleksandrovski Müəllimlər İnistitutunda təhsil almışdı. 1887-ci ildə dostu Həbibbəy Mahmudbəyovla birgə “Rus-Azərbaycan məktəbi” adlı yeni tipli ibtidai məktəbin əsasını qoymuşdu. Səhnəmizin şəhidi Hüseyn Ərəblinskini sənətə gətirmişdi.

Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə etmiş və ilk dəfə bir rus dram əsərini səhnələşdirmişdi. Kulislərdən böyük səhnələrə gələn Ərəblinskiyə həsr etdiyi “Böyük aktyor haqqında xatirələrim”, məktəb illərində eyni sinif partalarını bölüşdüyü “Sabir haqqında kiçik bir xatirə” yazılarının və bir çox elmi-pedaqoji əsərlərin müəllifidir. 1937-ci il repressiyasının qurbanı olmuşdu. Və...

Nəsrimizin ilk didaktik məzmunlu romanı

XX əsrin astanasında mənsur roman tariximizin ilk örnəyi “Bahadır və Sona” (Nəriman Nərimanov) əsərindən sonra Sultanməcid Qənizadə “Məktubati Şeyda bəy Şirvani” romanını qələmə aldı.

"Məktubati Şeyda bəy Şirvani" ədəbiyyatımızda ikinci roman olmaqla yanaşı, ikinci dilogiyadır. Romanın birinci hissəsi “Müəllimlər iftixarı” (1898), ikinci hissəsi “Gəlinlər həmayili” (1900) adlanır.

Azərbaycan ədəbiyyatının ikinci romanı haqqında

“Məktubati Şeyda bəy Şirvani” romanı XIX yüzilin ədəbi məhsulu olsa da, XX əsrdə müxtəlif illərdə yenidən çap olunmuş və müəllifinə şöhrət qazandırmışdı.

Firidun bəy Köçərli Sultanməcid haqqında deyirdi: “Məktubati Şeyda bəy” sərlövhəsi ilə yazdığı “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin iqtidarlı bir ədib olduğunu bildirir.

Bu əsərlərin hər birisində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”.

XIX əsrin birinci yarısında A.Bakıxanovun “Miratul camal” poemasında öz əksini tapan bir sıra əxlaq məsələləri, Avropa həyat tərzinin şərhi, nəsihətamiz fikirlərin qabarıq tərənnümü...

Sultanməcid Qənizadənin nəsr dilində, yeni ədəbi strukturda, epistolyar roman janrında təzahür etdi.

Sultanməcid həm həyat idealı, məfkurəsi baxımından, həm də didaktik əqidəli, maarifçi dünyagörüşlü bədii irsi ilə Abasqulu ağa Bakıxanovun layiqli xələfidir.

Tarixin dərin qatlarına nüfuz etsək görərik ki, Məktubati Şeyda bəy Şirvani”nin Xaqani Şirvaninin məktublar şəklində yazdığı bədii nəsr nümunələri ilə qohumluq əlaqələri var və yaxud Füzulinin “Rind və Zahid”inin söhbətinə qulaq asıb və müasir roman kimi doğulub.

Qənizadə klassik ədəbiyyatımızın didaktik ruhunu modern üslub və formada yenidən bədii idrakın üfüqlərində əks etdirməyə çalışırdı.

Badu-kubəyə isti may günündə gələn bir məktubun tarixçəsi

Dilogiyanın “Müəllimlər iftixarı” adlı hissəsi küləklər şəhəri Bakıda isti may gününün təsviri ilə başlayır. Günortanın istisindən və məşğuliyyətin yorğunluğundan istirahətə çəkilən Şeyda bəyə anası Fatma xanımdan məktub gəlir.

Məktubda yazılır ki, tezliklə Ağabəhramla Diləfruzun toyu olacaq və Şeyda bəyin gəlişini “intizarla” gözləyirlər. Ağabəhram Şeyda bəyin bacısı oğlu, Diləfruz isə qardaşı qızıdır. Bu zaman Şeyda bəyi qəm-qüssə bürüyür. Çünki qardaşı qızı Diləfruza toyunda boyunbağı (həmail) alacağına dair söz verən Şeyda bəyin pulu yoxdur.

Müəllimlik maaşı ilə ancaq dolanan Şeydanın gündəlik məişət dərdləri, qayğıları çoxdur. Ancaq bu ehtiyaclar onun özünün deyil. O, azacıq maaşı ilə yetimlərə, kimsəsizlərə və şagirdlərinə kömək əli uzadır, öz boğazından kəsib başqalarının ehtiyaclarını qarşılayır. Elə bu səbəbdən həmail üçün pul yığa bilməyib.

Şeyda müəllim obrazı kimi əsərin başlanğıcından kuliminasiya zirvəsinə ucalır. Bizlər ağlasığmaz, “utopik” (əslində olması gərəkən) bir insanla - müəllimlə tanış oluruq.

Şeyda bəyin xarakterik xüsusiyyətləri ideal müəllimin ürək və ruh böyüklüyünə güzgüdür. “Müəllimlər iftixarı”nda ən böyük zənginliyin “mərifət dövləti”nin olması vurğulanır.

Sultanməcidə - Şeyda bəyə görə “mərifət dövləti”nin təmsil və təbliğatçısı müəllim ticarətlə məşğul olmamalıdır: ”Müəllimin mal və mətaı (mal-mülkü – Ü.B) dərs və təlimdir. Müəllimin kəsb və icrəti (mükafatı – Ü.B) millətin məhəbbət və iradətidir”.

Şeyda bəy müəllim maaşı ilə boyunbağı ala bilməyəcəyini dərk edir və “Gəlinlər həmaili” adlı xatirə-məktublar yazmaq qərarına gəlir: “Bəli, Diləfruzun həmaili mərifət mirvaridindən düzülmüş yazı sətirləri” olur.

Təəssüf ki, Qənizadənin müəllimliklə bağlı bir–birindən dəyərli kəlamlarını Şeyda bəyin əməli davranışlarında görə bilmirik, bədii inikasın göstərmə qənaəti təhkiyəçinin mülahizələri ilə əvəz olunur.

“Müəllimlər iftixarı”nda ədəbi fikirin hadisələrə insan əməlləri ilə işıq salma iqtidarına şahid ola bilməsək də, Şeyda bəyin saflığını, insaniyyətini duyuruq.

Bütün bu kəsirlərə baxmayaraq, “Müəllimlər iftixarı” dilogiyanın dəyərli hissəsidir. Eyni zamanda Ağabəhramla Diləfruz obrazları da diqqətimizi cəlb edir.

Ağabəhram ticarətlə məşğul olur və bütün asudə vaxtlarını elm öyrənməklə, ktab oxumaqla keçirir. O, iki xarci dili mükəmməl bilir.

Diləfruz obrazı da Ağabəhramdan geri qalmır: O elm və mərifət öyrənməklə yanaşı, qadınlara məxsus ev və əl işlərini də bacarır. Hər iki gənc ideal obrazdır.

Yazıçı bu obrazları dramaturji əyaniliklə hərəkətdə, hadisələr axarında canlandırsaydı, daha uğurlu alınardı. Ağabəhramla Diləfruz Sultanməcidin romantik təxəyyülünün dolğun bədii inikasına çevrilə bilmir, onlar müəllif nitqində mənalanan ədəbi işartı, siluet təsiri bağışlayırlar.

Şeyda bəy günlərin gərgin əməyi nəticəsində “Gəlinlər həmaili”ni tamamlayır və qəfil xəstəlikdən vəfat edir. Vəfat edərkən bütün sərvətini dostu S. Qənizadəyə vəsiyyət edir. Onun bütün sərvəti “Gəlinlər həmaili” romanı, bir neçə məktəb ləvazimatı və kəfəninə çatacaq miqdarda pul olur. “Müəllimlər iftixarı” Şeyda bəy Şirvani obrazı bütün dövrlər üçün örnək şəxsiyyət, insanlıq mücəssəməsidir.

İlk macəra romanımız

“Gəlinlər həmaili”ndə Şeyda bəy “Kornilov” adlı gəmi ilə səyahətə çıxır. Səyahətin başlanğıcı Bakı şəhəridir. Qənizadə ( Şeyda bəy) Bakının XIX əsrə aid olan ümumi mənzərəsini təsvir edir. Yer kürəsinə işıq verən, nur verən “Qaraca şəhər”in – Bakının tarixi, ekzotik görkəmi ilə qarşılaşırıq.

Şeyda bəy müasiri olduğu Bakı ilə qədim Bakını müqayisə edir. Bu müqayisə tarixin mifik yaddaşına qədər gedib çxır. Bakıdakı abidələrin, müxtəlif yaşayış yerlərinin tarixi, etimologiyası əsatirlərlə əlaqələndirilir.

Şeyda bəyin təsvir etdiyi Bakı bizlərdə doğma, emosional, nostalji hiss və təsəvvürlər yaradır. Şeyda bəy bir məqamı da unutmur: “İndi altındakı qaraca neft sayəsində durbin gözlü firəngiləri” (avropalıları-Ü.B), yəni onların doğma Bakımızın neftinə “göz dik”mələrini də vurğulayır.

Gözəl Bakıdan ayrılacağına kədərlənən Şeyda bəy millətimizin geridə qalmasını, gözəl torpaqlarımızın öz ixtiyarımızda olmamasını (Çar Rusiyasının tərkibində olmağımız ötəri də olsa qələmə alınır) böyük həyəcan içində ürəyindən keçirir.

Şeyda bəy səfər əsnasında əslən rus olan gömrük məmuru Pavel Petroviçlə tanış olur. Bütün hadisələr Şeyda bəyin Pavellə ünsiyyəti üzərində davam etdirilir. Pavelin həyat yoldaşı Sofiya Mixaylovnanın gözəlliyi Şeyda bəyi heyran edir.

Sofiyaya aşiq olan Şeyda Pavellə olan münasibətini daha da möhkəmləndirir... Pavel Şeydadan xahiş edir ki, “ zəhmət olmasa onun (Sofiyanın) qolundan yapışıb çay içməyə gətirəsinz”. Şeyda bəy sevincin verdiyi sərsəmliklə Sofiyanın yanına gedir.

Gəmi nömrəsində Şeyda ilə baş-başa qalan Sofiya deyir: “İndi mən səninkiyəm”. Şeyda bu zaman “nəfsi əmmarə”nin (pis əməlləri əmr edən nəfs) sınağına çəkilir. Şeyda bəyin mənəvi saflığı, “əmanətə xəyanət yoxdur” insanlıq düsturunu vicdanında duyması onu Pavelin əmanətinə xəyanət etməkdən xilas edir.

Sofiya Mixaylovna Şeyda bəyin bu hərəkətini özünə qarşı “həqarət” kimi başa düşür. Bu hadisədən sonra Sofiyanın Şeyda bəyi ələ keçirmək üçün etdiyi cəhdlər uğursuz alınır. Şeyda isə Sofiyaya şəhəvani hisslərin ötəriliyini, bir qadının həyat yoldaşına, dünyaya gətirəcəyi uşağa xəyanət etməsinin faciəsini izah edir.

Türk oğlu rus qızını “yanlış” əxlaq əqidəsindən, dünya görüşündən xilas edir. Şeyda bəy qadınları gözəl göstərən ən böyük boyunbağının “iffət”, “əxlaq” həmailinin olduğuna Sofiyanı inandıra bilir. Çünki Sofiya düşünür ki, vücud onundur və istədiyi kimi istifadə edə bilər.

Sultanməcid Qənizadə

Sultanməcid Qənizadə

Pavel isə Şeydaya öz həyat yoldaşını ona görə təslim edir ki, bir avropalının, bir rusun təsəvvüründə bu cür hallar normaldı. Sultanməcid şərq-qərb təfəkkür tərzini, əxlaq düşüncəsini, ailə münasibətlərini qarşılaşdırır.

Əlbəttə ki, Sofiyanın daxili aləmindəki təkamül real həyat ştrixləri ilə əks olunmur, daha çox Şeydanın öyüd-nəsihətlərinin qabarıq mənalandırılması nəzərə çarpır.

Bu cür hallar ədəbi əsər üçün arzuedilməz olsa da, Şeydanın mənəvi saflığına fəxarət hissi ilə yanaşırıq. Yazıçı həqiqəti hansısa qütbün aşağılanması hesabına göstərmir, hadisələr və xarakterlər bariz özünüifadə rolunu oynayırlar.

"Gəlinlər həmaili”ndə Şeyda bəy səfər boyu bir çox maraqlı hadisələrə şahid olur. O, dini və irqi müxtəlif olan, fərqli keyfiyyətlərə malik, rəngarəng insanlarla ünsiyyətdə olur. Həmin insanların əməlləri fonunda dini fanatizm, sünni-şiə, müsəlman-xristian ayrıseçkiliyi, şovinizm kimi naqis xislətlər tənqid olunur.

Külləklər şəhərindən başlayan macəralarla dolu səfər Türkmənistanın Cərco şəhərinin limanında başa çatır. Və “Məktubati Şeyda bəy Şirvani”nin “Gəlinlər həmaili” hissəsi nəsrimizdə səfər təəssüratlarından doğan ilk macəra romanı kmi tarixə daxil olur.

Romanın dilində fars-ərəb sözlərinin çoxluğu, mürəkkəb izafət birləşmələri olsa da, usandırıcı deyil, hətta o dövr üçün səciyyəvi olan leksikonun ədəbiyyatda istifadə olunması baxımından fərqlənir. (Çox istərdik ki, “Məktubati Şeyda bəy Şirvani” romanı da Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” (1894) povesti kimi xalis ana dilimizdə yazılsın.) Ancaq Qənizadənin nəsr dili və təfəkkür tərzi başqa bir poetikandan, şərq bəlağət və ürfanından qidalanır.

Nəhayət, Sultanməcidin “Məktubatı Şeyda bəy Şirvani” romanı yaddaşlara, “əsrlər və nəsillərə” xitab edən mərifət və ədəbiyyat səlnaməsinə çevrilir.

Vicdan

Sultanməcid Qənizadə “Allah xofu” hekayəsində saf, təhtəlşüurdan doğan və yanılmayan, doğrunu söyləyən vicdanla yaradıcı qüvvə Allahdan qorxma dilemmasını işləyir.

Hekayənin qəhrəmanı Məşədi Ələsgər oğurluq edir və oğurladığı pulları qaytarıb-qaytarmamaq seçimi ilə üzləşir, vicdanı ilə hesablaşmalı olur.

Məşədi Ələsgər böyük ehtiyac içində olsa da, oğurladığı pulları sahibinə qaytarır. Hekayədən hasil olan qənaət budur ki, insan vicdanı Allah qorxusundan daha təsirlidir.

Vicdan ilahinin bəşəriyyətə bəxş etdiyi ən böyük mexanizmdir, yol rəhbəridir. Qənizadə “Allah xofu”nu qabartmağa çalışsa da, vicdan duyğusu təbii bir biçimdə, öncül poetik xitab təsiri bağışlayır!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG