Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:25

-


-Bacıcan, görəsən, anamız bizi nə üçün əkiz doğub?- deyə ağlı kəsəndən elə hey güzgü qabağında fırlanan, uzun hörüklərini daraya-daraya özünə baxıb şellənən ağ Bacı soruşdu.

Qara Bacı isə çarpayını xoşlayırdı, çarpayı onun dostuydu. Adətiydi saqqız olub yapışmaq çarpayıdan, qopmaq istəmirdi; bacısının hər bir hərəkəti - yerişi-duruşu, baxışı, tərpənişi, titrəyişi, sözü-söhbəti...hər şeyi - nəzərindən qaçmazdı.

Amma o, bu dəfə deyəsən, xırda pəncərədən düşən əzəmətli şəffaf kölgədə nəsə nöqtələr görmüşdü, nazəndə baxışlarını dikmişdi həmin o nöqtələrə. O nöqtələr sanki gözlə qaş arasında boyasız kölgədə hərəkət edirdilər, ya da hərəkət etmirdilər, qaynaşırdılar, ya da elə nənni kimi gah o tərəfə, gah da bu tərəfə yırğalanır, yellənir, şellənirdilər.

Hər şey bir göz qırpımında baş verdi, bir göz qırpımında! Qara Bacı qəfil şaqqanaq çəkdi, ağ bacı diksindi, dərhal çönüb çarpayıya baxdı, incimiş halda:

-Burda gülməli şey var?- gileyləndi.- Soruşuram da... Sən heç o barədə düşünürsən?

-Düşünürəm.... Hər gün, hər an düşünürəm...- Qara Bacı bu dəfə o nazəndə baxışlarıyla o qara nöqtələri az qala duz kimi yalamaq istədi. Ağ Bacı gördü ki, əkiz bacısı öz aləmindədi, bəlkə elə buna görə də onun sualına bir o qədər önəm vermir. Yenə inad atına mindi:

-Axı biz nə üçün əkizik? Bircə rəngimiz fərqlidi, rəngimiz...

-Yox... Hər şeyimiz eynidi, hər şeyimiz...- Qara Bacı dirsəkləndi, bu dəfə gözüylə tutduğu o nöqtələri başladı gözüylə də oxşamağa.

-Bura bax, sənnən deyiləm? Hara baxırsan?

-Ora...Kölgədəki nöqtələrə...

-Nöqtələrə? Dəli olmusan?

-Biz hamımız nöqtəyik, nöqtə... Bax, o sevimli kölgədə gəzən nöqtələr... O şəffaf kölgənin altındakı nöqtələr boydayıq...

Ağ Bacı uzun qara hörüklərini çiyinlərindən dala atıb hikkəli-hikkəli gəlib oturdu bacısının ayaq tərəfində, pəncərə şüşəsindən içəri düşən kölgənin qabağı bir anlıq tutuldu.

-Sənin fikrin məndə deyil... Bayaqdan söz soruşuram axı səndən! Nə üçün biz əkiz doğulmuşuq? - ədalı-ədalı yenə soruşdu.

-Bacıcan,- qara Bacı qəflətən durub əkiz bacısının böyrünə qımıldı.-Səhərdən sən güzgüyə baxanda mən də elə o barədə düşünürdüm və ora, o kölgədə qaynaşan, yırğalanan, yellənən, şellənən nöqtələrə baxırdım. Və mənə elə gəlirdi ki, o sualları həm də özüm verirəm... Və birdən elə o suala da özüm cavab tapdım, ona görə güldüm...

-Qəribə qızsan, vallah! Əzəmətli Kölgə... Nöqtələr... Yenə başladın moizə oxumağa?

-Yox, bu, moizə deyil... Bu, sadəcə birin ikini sevməsidir...Sevgidi... İlahi bir sevgi...

-Ah... Bacı qurban, sənə noolub? Bəlkə azarlamısan?- ağ Bacı onu qucaqlamaq istədi və düşündü ki, görünür, bütün günü uzanıb o nöqtələri oxşaya-oxşaya izləməkdən bacısı həqiqətən çarpayı xəstəsinə dönüb.-Bəlkə pəncərəni açım, hə? Evin havası ağırdı...(Durub pəncərəni açdı).

-Birin ikini sevməsi!!!- Qara Bacı başına xına qoyan qızlar kimi söyüncək nidalarla təkrarladı.-Qüdrətinə şükür, İlahi! Sənin kölgən olmasaydı, biz əkizlər doğrudan da darıxardıq!

Bacılar heç nə baş verməmiş kimi yenə qucaqlaşıb öpüşdülər. Evin ağır havası uçub getmişdi.

2015

Günün bütün mövzuları

XS
SM
MD
LG