Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:44

Bakının bir-bir yoxa çıxan kinoteatrları


►Vaxtilə Bakıda 20-yə yaxın kinoteatr vardı...

İndi nazirliyin balansında üçü qalıb...

“İndi Bakıdakı kinoteatrların qarşısından keçəndə deyirəm ki, “vaxtilə burda “Araz” kinoteatrı vardı, vaxtilə burda “Vətən” kinoteatrı vardı”. Bir azdan deyəcəyik ki, vaxtilə burda “Azərbaycan” kinoteatrı vardı”...

Bunu köhnə bakılı, uşaqlıq, yeniyetməlik, gənclik illərində şəhərin bütün kinoteatrlarını ayaqdan çıxarmış Emil Seyidrzayev 5 il əvvəl deyirdi.

Onda hələ “Azərbaycan” kinoteatrı uçurulmamışdı, bir-iki seans filmlər də göstərilirdi. Ancaq Emil Seyidrzayev kimi mədəniyyətə ürəyi yananlar buranın da başının üstünü qara buludların alacağını sezmişdi.

İndi çoxları “Azərbaycan” kinoteatrının, daha doğrusu, kinoteatrın dağıntılarının qarşısından keçəndə məşhur “vaxtilə” sözünü işlədir.

“Bakının kinoteatrları... Həmin kinoteatrlar bu şəhərin mədəniyyət daşıyıcıları idi. “Şəfəq”, “Araz”, “Dostluq”. Qızlar-oğlan sevdikləri, qrup yoldaşları, sinif yoldaşları ilə kinoya gedirdi. Mən də, heç olmasa, həftədə bir dəfə arvada deyirdim ki, “hazırlaş, kinoya gedirik””.

Bunu isə keçmiş kino həvəskarlarından olan 65 yaşlı Məhərrəm Məmmədov deyir:

“Onda biz “Drujba”ya, “Mir” kinoteatrına çox gedirdik. İndi hanı o şəhər, o kinoteatrlar?”

Məhərrəm Məmmədov düz deyir. İndi o kinoteatrlar yoxdur. Varsa da, quruca daşı-divarı qalıb.

Yoxa çıxan kinoteatrlar

Bakı kinoteatrları 90-cı illərdən sonra bir-bir sıradan çıxmağa başladı. Əvvəlcə seanslar azaldı, sonra tamam dayandı. Kinoteatrlarının binası çayxanalara, oyun zallarına, mağazalara çevrilməyə başladı.

Metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Şuşa” kinoteatrı, Yasamaldakı “Qələbə”, Salyan kazarmasının yanındakı “Xəzər” kinoteatrı yoxa çıxdı. N.Nərimanov adına kinoteatr da əvvəlcə seansları azaltdı.

Sonradan binası söküldü. İndi yerində beton divar ucalır. Burda nə tikildiyini heç kim bilmir. “Dostluq” kinoteatrının binasının bir hissəsində mebel satılır, bir hissəsində Bələdiyyə Teatrı yerləşir. “Şəfəq” kinoteatrında da teatr kollektivi yerləşir. Yaxınlıqdakı keçmiş “Sülh” kinoteatrı da artıq yoxdur.

Şəhərin mərkəzindəki “Azərbaycan” kinoteatrının binası bir neçə aydır sökülür. “Araz” kinoteatrının binası qalır. Ancaq burada daha film göstərilmir, qapısı da bağlıdır. Yaxınlığında isə “Araz” kafesi yerləşir.

___________________________________________________________

Bunlara da bax:
Vahid Əhmədov: “İslahatçı hökumətə ehtiyac var”
“Retro” şirkətləri kimindir?

____________________________________________________________

“Bir az pul yığaq, bərpa olunacaq”

Bir az kənarda, metronun “Qara Qarayev” stansiyası yaxınlığında “Sevinc” kinoteatrı vardı. Sonra adını dəyişib “Təbriz” qoydular. Bura da bir müddət oyun zalı, çayxana kimi fəaliyyət göstərib. İndi, ümumiyyətlə, işləmir. Kinoteatrın direktor müavini Tofiq Şəfiyev deyir, bina təmir olunandan sonra kinoteatr kimi fəaliyyət göstərəcək:

Amma əsas məsələ kinoteatrın məhz nə vaxt bərpa olunacağıdır ki, bunu da hələlik bilən yoxdur.

Əhmədlidəki məşhur “Bakı” kinoteatrının da binası qalır. Burada çoxlu mağazalar var. Ara-sıra kinoafişaları da gözə dəysə də, kino göstərilmir. Köhnələrdən üzünə gün doğan ancaq “Nizami” kinoteatrıdır. 2011-ci ildə əsaslı təmir olunandan sonra “Nizami” Kino Mərkəzi kimi fəaliyyət göstərir. 50, 80, 500 nəfərlik zalları var. (Ardı aşağıda)

Kabulda 7D kinoteatr
Gözlə
Embed

No media source currently available

0:00 0:01:25 0:00

Yenilərdə də qiymət bahadır

Yeni kinoteatrlardan əhali arasında ən çox məşhur olanı Park Cinema və 28 Cinema-dır. Yeni kinoteatrlarda biletlər 3-8 manatadır. Hər gün bir neçə seans nümayiş olunur. Tamaşaçılardanyeni kinoteatralrdan razı qalanlar da var, biletlərin baha olduğunu deyənlər də:

- “Nizami” kinoteatrı çox yaxşıdır. Zalları, akustikası məni qane edir.

- İndi yeni kinoteatrlar var. Ancaq bir filmə baxdım, bilet baha idi, 10 manat.

– Əlbəttə, qiymələr ucuz olsa, yaxşıdı.

– Heç olmasa tələbələrə endirim eləsələr, yaxşı olar.

– Qiymətlər bahadır.

– Məncə, içəridə çox səs-küy olur.

Kinodramaturq Eldəniz Quliyev deyir, keçmiş kinoteatrların hər biri, az qala, Bakının rəmzlərindən sayılırdı. Kinodramaturqa görə, istək olsaydı, həmin kinoteatrlar dirçələrdi:

“Dövlət, onsuz da, çox şeyi saxlaya bilmir, heç öz əhalisini, sənətkarlarını saxlaya bilmir. Ancaq ağıllı, rasional, kreativ dəstək göstərilsə, hər bir kinoteatr, – çoxusuna artıq “rəhmətlik kinoteatr” demək olar,– özünü saxlaya bilərdi. Təksə qazanc məqsədi güdülməsəydi, qayğı, sevgi göstərilsəydi, niyə olmurdu ki”.

Nazirliyin pulu yoxdur

Mədəniyyət və Turizm Nazirliyindən bildirdilər ki, köhnə kinoteatrların çoxu, o cümlədən, “Azərbaycan” kinoteatrı da özəlləşib. Sahibkarları buralardan necə istifadə eləyir, özləri bilir.

Nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, vaxtilə Bakıda 20-yə yaxın kinoteatr olub. 15 ilə qədər istifadəsiz qalandan sonra çoxu dövlət proqramı əsasında özəlləşdirilib. İndi nazirliyin balansında 3 kinoteatr var - Nizami kino evi, “Vətən” və “Dostluq” kinoteatrı:

“Nizami Kino Mərkəzi bir neçə il əvvəl təmir bərpa işlərindən sonra işləyir. “Vətən” kinoteatrının, təmirsiz vəziyyətdə olsa da, bir zalında film göstərilir. Bir də “Dostluq” kinoteatrdır. Hazırda burda bir neçə zalda Bələdiyyə Teatrı yerləşdirilib. Bundan əlavə Bakıda əhaliyə 40-dan artıq özəl kinozal xidmət göstərir”.

Yusif Şeyxov nazirliyin balansında olan “Dostluq” kinoteatrının bir hissəsində mebel mağazası yerləşməsində isə qəbahət görmür:

“Bəli, o binanın bir hissəsində mebel satılır. Çünki o binanı saxlamaq, qorumaq, dağılmaması üçün vəsait əldə eləmək lazım idi. Təsərrüfat hesablı müəssisədir. Dövlət ora pul ayıra bilmir. Gərək özləri nəsə qazana ki, binanı saxlaya bilə. Kinonu orda bərpa eləmək, müasir avadanlıqlarla təchiz etməkdən ötrü çox böyük vəsait tələb olunur. İndi isə belə imkan yoxdur”.

...Köhnə kino həvəskarı Məhərrəm Məmmədov isə daha kinoya baxmağa kinoteatra getmir. Ona görə ki, vaxtilə həyat yoldaşı ilə getdiyi, tanıtma lövhəsində “Dostluq” kinoteatrı yazılan binada indi mebel satılır...

Zərdab "Arzu kinoteatrı"
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

XS
SM
MD
LG