Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:45

-

"Mavi gözlü qız dəhlizdə idman edərkən, o biri əlilliyi olan qızlar ya qeybət edir, ya da telefon qurdalayırdılar."

Orxan Adıgözəl

Mavi gözlü qızın mübarizəsi

Keçən il (2015) yay vaxtı müalicə aldığım müayinə mərkəzində gözəl bir qızla tanış olmuşdum. Yox, aramızdakı əlaqə heç bir məhrəm duyğulara köklənməmişdi, biz sadəcə eyni yerdə müalicə alan pasiyentlər və yaxşı həmsöhbət idik. Mənim kimi o da əlil arabasından istifadə edir.

Bu yaxında onu təsadüfən yenidən gördüm və onun mübariz ruhu günlərdir fikrimi işğal etdiyindən, sizinlə də bölüşmək istədim.

Onu ilk dəfə müalicə mərkəzinin yeməkxanasına girərkən gördüm. Əynində qara rəngdə idman geyimi olan, açıq qəhvəyi saçlarını kip yığmış həmin qızın bədən quruluşundan davamlı idmanla məşğul olduğu bilinirdi. Qayğılı baxışlarını aşağı dikib, fikirli halda yanımdan keçərkən ona diqqətlə baxdığımın fərqinə varmamışdı.

Astadan ona salam verdim. Gözlərini yerdən ayırıb, gülümsəyərək salamımı aldı. Dodaqlarında yaranan təbəssümü mavi gözlərində də gördüm. Həmin gözlərdə mübarizə nişanəsini sezdim. Sonra dəhlizdə onun hər gün saatlarla idman etdiyini görəndə ilk fikrimdən əmin oldum.

Müalicəvi bədən tərbiyəsi proseduru səhər 10-dan günorta 15.00-a kimi davam edirdi. Mərkəzdə müalicə alanlar özləri üçün təyin olunan müxtəlif saatlarda orada təlimçilərin nəzarəti və dəstəyi ilə idman edirdilər. Mavi gözlü qız da bizim kimi həmin məşqlərə qatılırdı.

İdman zalı

İdman zalı

Açığı, təlimçilərin peşəkarlığı və pasiyentlərə təsir gücü o qədər də ürəkaçan deyildi. Ona görə biz ora ilə yetinmir, əlavə, fərdi şəkildə öz otaqlarımızda və ya dəhlizdə məşq etməli olurduq.

“Biz” deyərkən mən orada müalicə alanların 5 faizini nəzərdə tuturam. Çünki əksər pasiyentlər çox tənbəl olduqlarından, yalnız idman zalındakı gündəlik prosedurla kifayətlənir və ondan artıq məşq etməyi özlərinə artıq bilirdilər.

Dəhlizdə siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə siqaret sümürmə “məşqi” daha çox nəzərə çarpırdı, nəinki fiziki idman.

Mavi gözlü qız dəhlizdə idman edərkən o biri əlilliyi olan qızlar ya qeybət, ya da telefon qurdalamaqla məşğul olurdular. O isə barmaqsız əlcəkləri əllərinə geyinir, əlil arabasının yanına nazik dördayaqlı, gəzməyə dəstək olacaq xüsusi qurğusunu yaxınlaşdırır, ehmalca ayağa qalxırdı. Əllərini dirəyib, qurğuda ayağa qalxarkən necə çətinlik çəkdiyi açıq görünürdü. Sonra onun qurğu vasitəsilə yavaş-yavaş yeriməsi eynilə azyaşlı uşaqların təzə-təzə addım atmağa meyl göstərdikləri vaxt valideynlərinin onların hər iki əlindən tutub gəzdirməsi mərhələsini xatırladırdı.

Çox astadan, yeyin addımlarla 25 metrlik yolu təxminən yarım saata qət edən həmin gözəl qızın üzündə həmin an qorxu və narahatlıq ifadəsi açıq duyulurdu. Bu, çox təbiidir. Eynən mən də divara bərkidilmiş məxsusi qurğuda ayağa qalxarkən o hissləri yaşayıram. Yıxılmaq qorxusu ruhumuza hakim kəsilir, bədənimizi gərgin vəziyyətdə saxlayır. Sonra isə qorxu hissi sovrulub gedir.

Məhdudiyyəti ilə yanaşı, qorxu və narahatlıqla da mübarizə aparan həmin qız orada olduğu müddətdə bir gün də boş dayanmır, çətinliklə də olsa gəzməyə, əlil arabasından qurtulmağa çalışırdı. O, öz dayanıqlı əzmi ilə sanki yolu kəsərək od püskürən böyük bir əjdaha ilə vuruşan, yaralandıqca sarsılmayan qəhrəman obrazı kimi görünürdü. Güc resursunun azlığı və özündən beşqat böyük əjdahanın yırtıcılığı onu qorxudub narahat etsə də, o, yolundan vaz keçmir, amansız əjdahaya sinə gərirdi.

Mavi gözlü qız bu mərhələyə gələnə qədər çox çalışıb. Keçirdiyi qəzanın tarixini və motivini özündən soruşmağa nəsə çəkinsəm də, bildiyim odur ki, o, bir neçə ildir dördayaqlı qurğuda gəzməyə başlayıb və məqsədi yaxın vaxtlarda əlil arabasından birdəfəlik qalxıb hələlik iki qol ağacı ilə gəzməyə nail olmaqdır. İnanıram ki, gələn dəfə onu elə görəcəyəm.

Açığı, mən onun kimi çox məşq edən biri deyildim, amma o, mənə böyük stimul verdi. İndi məşqləri daha həvəslə edirəm.

Hər kim ki, özü üçün məqsədlər müəyyən edib, onlara doğru irəliləməli, gəzmirsə, əlil arabası ilə, sürünərək, bütün ruhu və hətta baxışı ilə ona doğru can atmalıdır.

Kimlərsə həvəsimizi öldürməyə çalışsa belə, onlara fikir vermədən, inam və əzmlə davam etsək, mütləq istədiklərimizə nail olacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG