Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

-

Bakının mərkəzi küçələrinin birində, Azərbaycan prospektində yerləşən Yazıçılar Poliklinikası Sovet vaxtından Yazıçılar Birliyi, həmçinin Rəssamlar, Bəstəkarlar birliklərinin üzvü olanlara və onların ailə üzvlərinə xidmət göstərmək üçün nəzərdə tutulub.

Bu birliklərin əksər üzvləri faktiki olaraq, poliklinikanın xidmətlərindən istifadə etmirlər. Birincilər ona görə istifadə etmirlər ki, katiblik üzvləri, redaktorlar, prezident təqaüdü alan yaşlı yazıçılar (bəstəkarlar, rəssamlar) özəl tibb müəssisələrinin xidmətlərindən istifadə edirlər.

İkincilər ona görə istifadə etmirlər ki, bu poliklinikaya getməmək üçün başqa səbəbləri var. Məsələn, şair Məmməd Arazın qızı İradə Tuncay deyir ki, Yazıçılar Poliklinikası bir vaxt onun üçün və başqa yazıçı ailələri üçün doğma yer olub, "Onlar bizi, biz də onları tanıyırdıq, bir şikayətimiz olanda gedirdik, müalicə də olunurduq, şirin-şirin söhbətlərə də qulaq asırdıq, yenilikləri də öyrənirdik. Sonra biz böyüdük, həkimlərimiz yaşlandı. Bir neçə il əvvəl ora gedəndə bir doğma sima görmədim.... Daha getmirəm. Problem yarananda başqa yerlərdə həkim axtarırıq."

Bir qisim yazıçı da ona görə getmir ki, bu poliklinikada işləyən gənc həkimlərin soyadlarına baxanda görürsən, hansısa məşhur yazıçının, şairin soyadıdır. Aydın məsələdir ki, tapşırıqla işə salınıblar, onların tibbi bilik və təcrübələri şübhəlidir.

Bu poliklinika da bekar qalmaqdansa, "Yazıçı", "Dövlət" kimi adlar altında "piştaxta altından" özəl xidmətlər göstərir.

Budur, Ultrasəs Müayinə cihazında uzanmış bu qadın nə yaradıcı adamdır, nə sözügedən yaradıcı təşkilatlardan hər hansının "knijkalı" üzvüdür, onların ailə üzvü də deyil. Deyir ki, gələcək uşağının cinsini yoxlatmaq üçün gəlib bura. Ancaq bunu gizlin edirlər.

Böhran dövründə dotasiya ilə işləyən belə poliklinikaların da bağlanması ehtimalı varmı?

Poliklinikanın baş həkimi Nərgiz Rüstəmxanlıya zəng etdik. O, dedi: "Bu poliklinika bağlana bilməz." Əlavə suallara isə cavab verməkdən imtina etdi: "Səhiyyə Nazirliyinin mətbuat xidmətindən soruşun."

Poliklinikanın kadrlar şöbəsi, ümumi şöbəsi "Yazıçılar Poliklinikasının təxminən neçə işçisi var" sualına da cavab verməkdən imtina edir: "Baş həkim tapşırıb ki, mətbuatla danışmayaq."

OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG