Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34

-

«The Wall Street Journal» nəşri «Günəşli» yatağındakı yanğının hələ də söndürülmədiyini yazır. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev fevralın 10-da deyib. Ancaq Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, fevralın 10-da, saat 19:24-də yanğın tamamilə nəzarətə alınaraq söndürülüb.

Qəzet bu yanğında 11 neftçinin həlak olduğunu, 19 nəfərin itkin düşdüyünü qeyd edir. Neftin ucuzlaşmasından əziyyət çəkən ölkənin dərdinin üstünə bir dərd gətirdiyini vurğulayır.

«SOCAR-ın neftinin 60%-i bu neft platformasından çıxarılırdı. İndi ildə 500-600 min ton, yaxud günə 10-12 min barrel neft itkisindən söhbət gedir», - şirkət prezidenti Rövnəq Abdullayev Londonda neft konfransı çərçivəsində jurnalistlərə deyib. «Ancaq durum sabitləşməkdədir».

Cənab Abdullayev sözlərinə əlavə edib ki, təmir briqadası hazır vəziyyətdə dayanıb və SOCAR 3-4 aya platformanı yenidən işə salmağı planlaşdırır.

Qəzet Azərbaycanın ixracının 90 faizinin neft-qazdan asılı olduğunu qeyd edir. 2009-2010-cu illərdə neft hasilatı pik həddə çatıb, 1 milyon barreldən artıq neft hasil olunub, ancaq sonradan düşməyə başlayıb.

OPEC aylıq hesabatında bildirir ki, bu il Azərbaycanın hasilatı günə 40 min barrel, yaxud 4.7% azalacaq. Ötən il gündəlik 860 min barrel idi, bu il 820 min barrelə düşəcək.

Yük maşını sürücülərinin etirazı - 2015

Yük maşını sürücülərinin etirazı - 2015

PUTIN «RƏNGLİ İNQİLAB»LA ÜZ-ÜZƏ?

«Rusiya iqtisadi çaxnaşmayla üzləşib, fəhlə etirazları da artıb. Kremlin narahat olmağa əsası var». Bunu «The Washington Post»da Stephen Crowley və Irina Olimpieva yazır.

«Rusiyada iqtisadi böhranı doğuran səbəblər hansılardır? Krımın işğalı səbəbindən qoyulan beynəlxalq iqtisadi sanksiyalar; rublun ucuzlaşması və hər şeydən öncə də neftin qiyməti. Hökumət vergiləri artırmağa, imtiyazları kəsməyə məcbur qalacaq ki, bu da etirazlarla sonuclanacaq».

Müəlliflər fəhlə etirazlarının artıq başlandığını vurğulayır. Bu yaxınlarda minlərlə yük maşını sürücüsü yeni vergiyə etiraza qalxıb. Liberal müxalifət ümid edir ki, fəhlələrə Moskva və Sankt-Peterburqda orta sinif də qoşular və belə bir kombinasiya Ukrayna və Gürcüstandakı kimi «rəngli inqilab»a gətirə bilər.

«Rusiyada üfüqdə «rəngli inqilab» görünürmü? Bəzi şərhçilərin təxminlərinə baxmayaraq, bu, heç real səslənmir. Ancaq Putin, şübhəsiz, narahatdır. İqtisadi böhran və mümkün etirazlar onun liderliyinə ciddi əngəllər yaratmaqdadır».

Müəlliflər yazır ki, neft baha olanda hökumət neft sənayesindən rejimi qorumaq üçün istifadə edirdi. İqtisadi artım, müəyyən imtiyazlar və subsidiyalar hesabına vətəndaşları siyasətdən kənar saxlaya bilirdi. Ancaq neft ucuzlaşdıqca bu alveri sona çatdırmaq çətinləşir:

«Rusiyalılar xoşbəxt deyillər, ölkəboyu iqtisadi etirazlar baş verir. Rusiyada Sosial və Əmək Hüquqları Mərkəzindən Petr Bziyukov ötən il ölkədə 409 əmək etirazının olduğunu hesablayıb. Bu, 2014-cü ildəkindən 40 faiz, 2008-2013-cü illərdəkindən 70 faiz çoxdur. 2008-09-cu illərdə Rusiya iqtisadi böhran keçirib».

Ancaq yazıda o da vurğulanır ki, bu etirazların çoxu kiçikmiqyaslı olub. Üstəlik, ölkədə həmkarlar ittifaqları da güclü deyil:

«Rusiyada hələ də artan iqtisadi narahatlıqlarla Putin-ə dəstək arasında böyük bir uçurum var. Bu o deməkdir ki, rusiyalıların rejim dəyişikliyi istəməsinə hələ çox var. Çoxları Putin-ə 1990-cı illərdə «diz üstə çökmüş» ölkəni dirçəltmiş lider kimi baxırlar. Dövlət mediası onları inandıra bilib ki, Ukraynada 2014-cü il Maydan inqilabı kimi «rəngli inqilab»lar anarxiyaya aparır».

Suriyada qaz emalı zavodu.

Suriyada qaz emalı zavodu.

RUSİYALI MÜHƏNDİSLƏR İŞİD-İN ZAVODUNDA

Moskva «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması ilə mübarizə apardığını deyir, ancaq tərəflər iqtisadi sövdələşmələri də kəsmirlər. «Foreign Policy» dərgisində Ceren Kenar və Ragıp Soylu bunun səbəblərini araşdırır.

Rəsmi olaraq, Suriya prezidenti Bashar al-Assad hökuməti və Rusiya İŞİD-lə müharibə aparır. Suriyanın şimalında bu qruplaşmanın nəzarətində olan qaz zavodu isə hökumətlə İŞİD-in biznes əlaqələrinin qalmasına dəlalət edir. Türkiyə rəsmiləri və suriyalı üsyançılar bildirirlər ki, bu obyektdə İŞİD-lə prezident Vladimir Putin-ə yaxın enerji şirkəti də əməkdaşlıq edir.

«Tuweinan» qaz zavodu İŞİD-in de-fakto paytaxtı Raqqadan 60 mil cənub-qərbdə yerləşir, Suriyada bu sahədə ən böyük obyekt sayılır. Milyarder, Putin-in yaxını Gennady Timchenko-ya məxsus «Stroytransgaz» şirkəti tərəfindən tikilib. ABŞ Maliyyə Departamenti bu şirkətə sanksiyalar da qoyub. Yazıda vurğulanır ki, Suriya hökuməti 2007-ci ildə «Tuweinan»ın tikintisini «Stroytransgaz»a verib. Suriyalı podratçı «Hesco» da tikintiyə cəlb olunub. Onun da rəhbəri Rusiya və Suriya vətəndaşı George Haswani-dir. ABŞ ona da sanksiya qoyub, İŞİD və Assad rejimi arasında neft satışı brokerliyində ittiham edib.

2014-cü ildən bu obyektə İŞİD nəzarət edir. Türkiyə rəsmisinin sözlərinə görə, «Stroytransgaz» «Hesco» vasitəsilə qurğunun tikintisini davam etdirib, bu iş İŞİD-in razılığı ilə görülüb. Ötən il obyekt tam işə düşüb və hasil olunan qazın bir hissəsi Hələb elektrik stansiyasına, qalanı Homs və Dəməşqə vurulur. Hələb stansiyası da İŞİD-in nəzarətindədir.

Karneqi Beynəlxalq Sülh Fondundan Aron Lund deyir ki, oxşar razılaşmalar Suriyanın ərazisinə bütünlükdə xasdır: «İŞİD və rejim, İŞİD və rəqib sünni ərəb üsyançılar, kürdlər və rejim, kürdlər və üsyançılar, rejim və üsyançılar arasında belə sövdələşmələrə rastlanır. Ölkə parçalananda, müxtəlif tərəflər arasında boşluğu doldurmaqdan ötrü silahlı qruplaşmalar, qaçaqmalçılar, özəl biznes qeyri-rəsmi ticarət əlaqələri yaradırlar, çünki infrastrukturun, iqtisadiyyatın bütöv qalması vacib amildir».

Günün bütün mövzuları

XS
SM
MD
LG