Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:48

Niyə Stanislavskidən başqa heç nə öyrənə bilmirlər?


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

"Azərbaycanın teatr adamlarının dərdi bir qarın çörək pulu tapmaq, tamaşa oynamaq üçün Ərəblinski kimi illərlə bir teatr səhnəsi axtarmaq, güc-bəlayla məskunlaşdığı kiçik teatr binasının sökülüşünə ağlamaq, tənə-töhmətdən, qınaqdan yaxa qurtarmaqdır."

Orxan Bahadırsoy

Teatr adamlarından yenilik uman ədalətsiz xalq

Məşhur alman şair, dramaturq, teatr rejissoru Bertolt Brecht'in “Qalileyin həyatı” adlı dram əsərində köməkçisi Qalileyə deyir: "Vay o ölkənin halına ki, onun qəhrəmanı yoxdur”. Qaliley isə cavab verir: “Vay o ölkənin halına ki, onun qəhrəmana ehtiyacı var”.

Amma qəhrəmanlar qəfildən yetişmir. Onları zaman və xidmət etdikləri xalq yetişdirir. Biz Qalileyin köməkçisinin vay oxuduğu ölkə deyilik. Amma Qalileyin vay oxuduğu ölkənin özüyük. Çünki bu gün bizim bütün sahələrdə qəhrəmana ehtiyacımız var.

Hüseyn Ərəblinski
Hüseyn Ərəblinski

Ötən əsrin əvvəllərində Azərbaycanın incəsənət sahəsində böyük bir qəhrəmanı yetişmişdi. O, Azərbaycan teatrının banilərindən biri sayılan, peşəkar aktyor və rejissor məktəbinin təməlini qoyan Hüseyn Ərəblinski idi. Amma nə yazıq ki, bu qəhrəmanı təkcə zaman yetişdirmişdi. Xalq isə məhv elədi.

(Əlbəttə, günahkar təkcə xalq deyildi. O dövr tarixini yaxşı bilənlər təsdiqləyər ki, Hüseyn Ərəblinski kimi nəhəngin məhvinə xalqın əlində bayraq etdiyi dəyərlərlə yanaşı, hakim təbəqələrin mənfəətxorluğu, Hacı Zeynalabidin Tağıyevin tamah və nifrət hissi də səbəb olmuşdu.)

Antonin Artaud
Antonin Artaud

Fransız şair, dramaturq, aktyor, rejissor, avanqard teatrın yaradıcısı Antonin Artaudun yaşamına baxdıqda bizim qəhrəmanımız Ərəblinskinin yaşamına bir gözünlə gülürsən, bir gözünlə ağlayırsan.

Antonin Artaud ənənəvi, romantik teatr standartlarından bezib tamaşaçıya əsl katarsis yaşatmaq, tamaşaçının təkcə duyğularına deyil, həm də şüuruna xitab edərək, yeri gəldikdə hirsləndirmək, yeri gəldikdə ürəyini bulandırmaq üçün avanqard teatrın əsasını qoymuşdu.

Bizim Hüseyn Ərəblinski isə həmin illərdə ümumiyyətlə bir teatr yaratmağın, xalqa teatrın nə olduğunu göstərməyin dərdində idi. Bu böyük fərq iki nəhəngin şəxsi həyatında yer alır.

Antonin Artaud yeni ideyalar, fərqli yaradıcılıq nümunələri, dövrü üçün misli görünməyən səpkidə tamaşalar düşünməkdən tez-tez psixoloji sarsıntılar keçirir, psixiatriya klinikalarına yatırılırdı.

Bu səbəbdən yüksək dərəcədə psixatrop maddələr qəbul edirdi və elə bu psixatrop maddələrin təsirindən bir gün əlində ayaqqabısını tutmuş halda ölü tapıldı. Bu ölümün intihar, ya təbii ölüm olduğu hələ tarixə məlum deyil.

Amma bizim qəhrəmanımızı qohumları, xidmət etdiyi xalqı, dövrün məmurları və milyonçusu “bığını qırxan, arvad paltarı geyinən” deyə-deyə xəstə etmişdi. Elə bu səbəbdən də bir gün dayısı oğlu onu güllələyib öldürdü. Bu qətlin sifarişli, yoxsa sırf qohumluq məsələsi olduğu da hələ mübahisəli məsələdir.

Elə düşünməyin ki, bunlar ötən əsrdə yaşanmış, artıq tarixin dərinliklərinə gömülməkdə olan hadisələrdir. Bu hadisələrin oxşarı, bəzi hallarda eynisi elə bu gün də davam edir.

Bu gün qərbin sənət adamlarının dərdi yeni teatr ideyaları düşünmək, fərqli sənət nümunələri yaratmaq olduğu halda, şərqin, xüsusən də Azərbaycanın sənət adamlarının dərdi bir qarın çörək pulu tapmaq, tamaşa oynamaq üçün Ərəblinski kimi illərlə bir teatr səhnəsi axtarmaq, güc-bəla məskunlaşdığı kiçik teatr binasının sökülüşünə ağlamaq, tənə-töhmətdən, qınaqdan yaxa qurtarmaqdır.

Bu maddi və mənəvi sıxıntıların içində olan yaradıcı insan nə yeni, fərqli sənət nümunəsi yarada bilər ki?!

Elə buna görə də illərdir Stanislavski prinsiplərindən başqa heç nə öyrənə bilməyən, dünya teatrlarını izləmək, eksperimentlər aparmaq üçün heç adicə yolpulu tapmayan, başı çörəkpulu qazanmaq dərdinə qarışmış bu zavallı sənət adamlarından yenilik, fərqlilik, maraqlılıq uman xalq böyük ədalətsizlik etmiş olur.

Bütün bunların bir gün müsbətə doğru dəyişəcəyinə ümid edənlər üçün bir nümunə gətirim:

Henrik Ibsen'in “Per Günt” əsərinin qəhrəmanı “həyat varsa, ümid də vardır” deyəndə, məşhur tənqidçi Walter Benjamin cavab vermişdi ki, “əgər əlimizdə ümid deyə bir şey qalıbsa, bu ümidsizlik deməkdir”.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG