Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:45

Putin Merkel-i necə zəiflədir


Angela Merkel və Vladimir Putin
Angela Merkel və Vladimir Putin

-

«2015-ci ilin dekabrında, Yaxın Şərqdən Almaniyaya qaçqın axınının kəsilməyəcəyi bəlli olanda kansler Angela Merkel mühafizəkar Xristian Demokratik Birlik partiyasını əmin edirdi ki, hər şey nəzarətdədir. O, ancaq və ancaq daha çox möhlət istəyirdi. Almaniya 1 milyondan artıq qaçqının öhdəsindən gələcəkdi». Karneqi Fondundan Judy Dempsey yazır ki, Merkel - sadəlövhlükdənmi, ya başqa bir səbəbdən - iki şeyə bel bağlayırdı: Suriyada beş illik müharibəyə son qoyacaq sülh danışıqlarına və AB ölkələrinə qaçqın axınını dayandıracaq Türkiyə ilə əməkdaşlığa. Ancaq bu gün bunlardan heç biri həyata keçməyib və Merkel-in verdiyi vədə də kölgə düşür.

Qaçqınlar Türkiyədə qalmaqdansa, Avropaya yol almağı üstün tutur, Suriyada müharibə sürməkdədir, Merkel getdikcə hər tərəfdən mühasirəyə alınır.

Müəllif yazır ki, Rusiya prezidenti Vladimir Putin-in Suriya lideri Assad-ı dəstəkləməsi ilə Merkel-in öz ölkəsində zəif düşməsi arasında birbaşa əlaqə var. Suriya müharibəsi uzandıqca, Merkel daha da zəifləyir. Bu, AB-nin qalan hissəsinə də təsirini göstərir. Zəifləmiş Merkel zəif, parçalanmış Avropa deməkdir. Blok getdikcə artan təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilməyəcək. Ukraynadakı siyasi böhrandan heç danışmayaq, elə ötən həftə iqtisadiyyat naziri istefa verdi.

«Belə bir durumda Avropanın ən güclü lideri ölkəsindəki əhval-ruhiyyəni də çətin qaldıra bilə. Almanlar getdikcə kanslerin «Wir schaffen das!» (Öhdəsindən gələcəyik!) şüarına da skeptik yanaşırlar».

Müəllif yazır ki, «Almaniya üçün Alternativ» (AfD) partiyası rəy sorğularında aybaay irəli çıxır. Vaxtilə avroskeptik burjua partiyası idi, artıq cildini dəyişib, ifrat sağçıların sığınacağına çevrilib. AB ölkələri qaçqınlardan imtina etdikcə, AfD antiavropa, antiqaçqın əhval-ruhiyyəsindən faydalanmaqdadır.

A.Merkel miqrantların əhatəsində.
A.Merkel miqrantların əhatəsində.

«Putin Suriyada müharibəni uzatdıqca, Merkel-in dekabrda istədiyi möhlət də əldən çıxır. Martda üç mühüm regional seçkidə liderliyinin sınağa çəkiləcəyi bir dönəmdə ona həmişəkindən artıq möhlət gərəkir. Və bu möhləti Putin verən deyil».

ALMANİYA İNTEQRASİYADAN ƏL ÇƏKƏCƏKMİ?

«Bu gün Avropa Birliyi sərhədlərinə basqın edən milyonlarla insan haqlı olaraq miqrasiyanın ən yaxşı inqilab olduğunu düşünürlər. Bu, kütlənin deyil, fərdlərin inqilabıdır… Ancaq görünən odur ki, miqrant inqilabı Avropada asanlıqla əks-inqilab da yarada bilər». «The New York Times»da Ivan Krastev belə yazır.

Müəllif qeyd edir ki, hələ Kölndə əcnəbi görkəmlilərin qadınlara hücumlarından öncə almanların çoxu ölkələrinin yüz minlərlə qaçqını inteqrasiya edə biləcəyinə şübhəylə yanaşırdı. Bu yaxınlaradək Avropa Birliyinin özünəinamının və qətiyyətinin simvolu sayılan kansler Angela Merkel-i indi Gorbachev-ə bənzədirlər - kübardır, ancaq sadəlövhdür». «Wir shaffen es!» – «Öhdəsindən gələcəyik» siyasəti Avropanı riskə atıb. İndi Berlinin qarşısında təkcə qaçqın problemi deyil, Avropanın inteqrasiyası məsələsi dayanıb.

«Berlini cənubda sərt qənaət tədbirlərinə etiraz edən Yunanıstan, İspaniya, Portuqaliya və İtaliya, şərqdə isə qaçqınlara qarşı çıxan hökumətlər əhatələyir. Cənub Berlinin maliyyə qaydalarını, Mərkəzi Avropa isə açıq cəmiyyət siyasətini sual edib durur. Qaçqın böhranı Avropanın şərqi ilə qərbi arasında inamsızlıq və anlaşılmazlıq yaradıb», - müəllif yazır.

«Parçin» hərbi kompleksi
«Parçin» hərbi kompleksi

İRANIN İKİÜZLÜ NÜVƏ STRATEGİYASI

«Stratfor» Araşdırmalar Mərkəzinin yaydığı təhlildə isə vurğulanır ki, İranın Qərblə nüvə sazişi qüvvəyə minsə də, bu, Tehranın nüvə proqramı sarıdan beynəlxalq narahatlığın bitməsi demək deyil. İran müəyyən hərbi texnologiyaları inkişaf etdirməkdədir. Ballistik raketlər də bu sıradadır və bir gün nüvə fəaliyyətində istifadə oluna bilər. Tehran, eyni zamanda, ölkədə bir sıra hərbi obyektlərdə işini gizlicə davam etdirir.

««AllSource Analysis» təşkilatındakı tərəfdaşlarımızın təqdim etdiyi peyk təsvirlərində İranın Qərblə danışıqlar boyunca nüvə proqramına ikili yanaşmasının şahidi oluruq. «Parçin» hərbi bazasında 2010-cu ilin iyulunda və 2016-cı ilin yanvarında çəkilmiş fotolar Tehranın danışıqlar gedən zaman nüvə fəaliyyətinin izlərini necə məhv etdiyi görünür. Üstəlik, kompleksin içində yeraltı obyekt tikilib ki, tədqiqat və silah hazırlama fəaliyyəti orada gizlədilə bilərdi».

«Stratfor» həmin fotolara istinadla yazır ki, 2012-ci ildə Qərblə danışıqlar intensivləşdiyi bir vaxtda İran ərazini təmizləməyə başlayıb. Torpağın bir neçə qatı götürülüb – axı onda öncəki fəaliyyətin izləri qala bilərdi – və böyük ərazi betonlanıb. 2015-ci ilin sentyabrında isə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri yoxlamaya gəliblər. Müfəttişlər, təbii ki, «Parçin»də yeraltı obyektlərə baş çəkə bilməyiblər. Təhlildə qeyd olunur ki, ölkənin gizli hərbi obyektləri Tehranın nüvə sazişinə uzun müddətə sadiq qalacağına kölgə salır.

XS
SM
MD
LG