Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

-

"Bu nədir belə, yoxsa dırnağın çoxluğu duyğunun azlığından asılıdır?!.."

Araz Gündüz

DƏVƏNİN BOYNU İLƏ QUYRUĞUNDA İLİŞƏNLƏR

Səhrada dəvə

Səhrada dəvə

Dəvənin boynunun bunca əyri-üyrü olmasını bəyənmirsiniz, sözüm yox, özünüz bilərsiniz, ancaq deyin görək, onun əyri-üyrü—dolanbac yollarla getməyi sevmədiyini də bilirsinizmi? Dəvənin ən “düzgün yeriyən” dördayaqlı olmağı necə, sizə bəllidirmi?

Bəlli deyilsə, qulaq asın deyim. İş burasındadır, dəvə başqa dördayaqlılar təki köndələn yeriməyi bacarmır; dördayaqlıların az qala hamısı, sağdan arxa, soldan qabaq ayaqlarını birgə atırlar, bunun ardınca isə soldan arxa, sağdan qabaq ayaqlarını birgə atmaqla yeriyirlər; dəvə isə, öncə sağdakı ayaqlarını, sonra soldakı ayaqlarını birgə ataraq yürüyür; belə yeriyən dördayaqlılar yolun “düzünü” sevərlər, onlar bəlli yerişlərinə görə, sağa-sola dönməkdə çevik deyillər, döngələrdə ağır tərpənərlər...

Deyilənə görə, ərəblər muğamı dəvə zınqırovunun səslənməsinə, əruzu və onun bəhrlərini isə dəvə yerişinin yeyinliklərinə uyğun yaratmışlar...

Bir də... axı, özünüz məndən yaxşı bilirsiniz, əyri boynunu “söz elədiyiniz” dəvə yola düzəldimi: gecə bilməz, gündüz deməz, az gedər, üz gedər, dərə-təpə düz gedər; qum çöllərinin ilğımında: donmuş dalğalara oxşayan barxanların arasından, "səhra gəmisi" kimi "üzüb gedər"; günlərlə: aclıq bilməz, susuzluq bilməz, yorğunluq bilməz, dözüb gedər.

Dəvənin quyruğu yerə çatmasa da, belinə çatılan batman-batman ağır yüklərə gücü çatar; göy üzündə ocaq çatan Günəşin qızmar istisindən çat-çat olmuş yollarda, susuzluqdan çatlayan dodaqlarını dəvə tüpürcəyi ilə islada-islada, gedib uğracağına çatar.

Getdiyi yerə gəlib çıxdımı, bir oturuma on sənək su içər, qabarlı dizlərini yerə atıb, xıxar, gözlərini qırpar: sıx-sıx kipriklərinə qonmuş tozları çırpar; uzanıb yornuğunu alar: heysizliyini, üzgünlüyünü sovar; bir hovurdan, kirimişcə dayanıb yenidən yükünü tutar: ağır-ağır tayları belinə yüklədər, boy-buxununu dikəldər, ayaqları yenə addım-addım yerdən üzülər, yolun ağına düzələr.

Ovsarının eşşəyin quyruğuna bağlanmağı dəvənin beyninə batmaz, döşünə yatmaz, öz bağımsızlığından umsuq olar, bunu qara qayğı eləyib ürəyinə salar, bağrı dağlanar1, ancaq öz qanacağına qısılar: susar, durar… yalnız ölüm ayağında, dili açılar,—bu incikliyini yiyəsinin üzünə vurar. (Yoxsa, “dəvəsi ölmüş ərəbin” sarsıntıları bir də, bundan yanadır?!..)

Burnunu deşib butlu2 soxarlar, bu butluya ovsar taxarlar, ağrıdan yanar, yaxılar, ancaq dözüb durmaqdan savayı bir yolumu var dəvənin?

Dəvə

Dəvə

Günlərin bir günündə nallanan atın iniltisindən səksənəndə, gözucu-yanakı baxıb nalbəndə, onun üçün “yeni” olan bu işgəncədən baş açmaq istəyəndə, onda gördün, bu ürəyiyuxalığını, istiqanlığını qanmazlığa yozarlar, öz qansızlıqlarını yazıq dəvənin adına yazarlar! At—“təkdırnaqlı”, Dəvə—”qoşadırnaqlı”, İnsan—“beşdırnaqlı”; bu nədir belə, yoxsa, dırnağın çoxluğu duyğunun azlığından asılıdır?!..

Ağır yük altında belini yağır eləyərlər, sonra da adına qara yaxarlar: dəvə oynadığından qar yağır, deyərlər! Yalanın böyüklüyünə baxın bir: yazıq dəvə üstünə yağan qarı silkinmək üçün, qızınmaq, isinmək üçün atılıb düşür, görün, bunlar nə düşünür...

Toy adı ilə çağırıb: ac-sussuz, əldə-ayaqda işlədib amanını qırarlar; işlətməklə yox, aldatmaqla ürəyini sındırarlar; sonra da deyərlər, dəvə kin saxlayır, acıq çıxır: hayxırıb, üzümüzə tüpürür!3

Beldamını(Kəcavəni) bərkitməyi unudarlar, sonra da: ”dəvə qalxdı, dam yıxıldı”—qara-qışqırığı ilə yan-yörədəkiləri yanıldarlar.

Arxadaş şıltağına, sınağına duruş gətirmək, qonaq ağırlamaq, təkdənbir kişinin başarığıdır deyə, ”Dəvəçi ilə arxadaşlıq eləyənlər, qapılarını geniş yaparlar”; “Bayımdan(varımdan) dəvəm, soyumdan nəvəm var”—deyənləri gözü götürməyənlərə baxın bir: əlimyandı ilə, arayıb-axtarıb, “dəvədən böyük fil” taparlar.

Dəvənin, “köhnə hamam içində dəlləklik elədiyindən” soraq verənlərin kimliyini-nəçiliyini soruşsanız, başbilənlər deyəcəklər: Baş qoşmayın, onlar—onun-bunun başında dəlləklik öyrənənlər, “Eşşəkcə böyüyüb, köşəkcə ağlı olmayanlardır”; “Dünyanın işləri dəvənin boynu düzələndə, düzələcək, insanlar diləklərinə dəvənin quyruğu yerə çatanda, çatacaqlar”—düşkünlüyünə uyanların bütün kimliyini yığıb-yığışdırsanız, bir “toyuğa yük olmadıqlarını” görəcəksiniz; ...Bir də toyuq demişkən, axı: “Toyuq ölsə, bir çəngə tükdür, dəvə ölsə, dərisi də bir yükdür!”

“Tanrı dəvəyə qanad versəydi, uçurmamış dam-daş qoymazdı”—deyirlər. Dəvəyə qanad yaraşdırmayanlar, biri-birindən gülünc yalanlar danışmağı özlərinə yaraşdırırlar: götürüb bir ata “adam başı qondarır, qanad quraşdırır”, Tanrı görüşünə çapırlar; yöndəmsiz, uça bilməyən, dara düşəndə başını quma basdırıb, quyruğunu bayırda qoyan, özü-özünü ələ verən bir quş tapırlar, adına—“Dəvəquşu” deyirlər; bu da azmış kimi, Lama adında bir cılız, qoyunabənzər varlıq da tapıb, onu da dəvəyə tay eləyirlər.

“Qaragünlüyünü” düyünləyib belində gəzdirən,—güvən4 eləyən, dəvə!

Özündən başqasına arxalanmayan, özgəsinə güvənməyən, dəvə!

Sənin boy-buxununa, qaragünlü dolanışığına baxanda, yaşamı kiminsə yaratdığına inanmağım gəlmir!..

Elə bil, varlığa güzgü tutmusan: bir sənə baxıb, özünü tanıyanlar üçün; bir də sənə baxıb hırıldayanlar, özünə güldüyünü anlamayanlar üçün...

__________________________________________

1Dəvənin qızmar quma ən çox toxunan yerlərində: dizləri ilə köksündə, istidən qarsalanmamaq üçün anadangəlmə döyənəkləri—qabarları olur; köksündəki döyənək çox iri olduğundan, əski çağın şairləri: ” dəvənin köksü dağlıdır”, demişlər.

2Butlu—əski türkcədə, dəvənin ovsarını bərkitmək üçün onun burnuna keçirilən ağac qırığına deyilmişdir.

3Canlıların bədənindən ən çox su itkisi nəfəslərini buraxanda olur, dəvənin burnu su itkisinin qarşısını almaq üçün çox yaxşı qurulduğundan, dışarı çıxan havadakı su buxarını saxlayır, burun seliyinə qarışan bu suyu dəvə ağzına qaytarır, sonra seliyin “suyunu sıxıb” mədəsinə göndərir, yerdə qalan köpüyü isə tüpürür.

4Güvən, yaxud da hürgüc, dəvənin belindəki donqara deyilir, burada yığılan piydən dəvə, aclığını və sussuzluğunu yatırmaq üçün yararlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG