Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

-

Manatın dəyərsizləşməsi, təbii ki, əhalinin alıcılıq qabiliyyətinə təsir göstərdi. Bu təsir ilkin tələbat duyulmayan qeyri-ərzaq məhsullarında dərhal diqqət çəkdi. «Xəsisləşən» vətəndaş ya pulunu başının altına qoydu, ya da evindəki köhnəlmiş məişət texnikasını yeniləməyi daha uyğun zamanadək ertələdi.

DÜKAN SAHİBİ: «AYA BİR-İKİ TELEVİZOR, YAXUD SOYUDUCU...»

Elektrik məişət malları satan mağazalara ötəri göz atınca, durum bütün çılpaqlığı ilə göz önündə canlanır. Satış kəskin azalıb. Bu proses ötən ilin fevral devalvasiyasından - manatın 34 faiz dəyər itirməsindən bəri başlanıb.

Sumqayıtdakı elektrotexnika malları mağazalarından birinin Əziz adlı sahibi deyir ki, çoxdandır yeni mallar sifariş vermir, çünki 20 ildir işlətdiyi bu alış-veriş yerini bağlamaq niyyəti var:

«Rəfləri görürsünüz. Seyrəkdir. İki aydır aya bir-iki televizor, yaxud soyuducu satıla, ya yox. Əhali dolanışığa güclə pul tapır. Bizim alış-veriş toy mövsümündə dirçəlir: cehizlik kondisioner, paltaryuyan alanlar daha sıx-sıx gəlirlər. Tərslikdən böhran bizi qışda haqladığından toy da qəhətə çəkilib».

Başqa dükanlarda da oxşar mənzərədir. Hamı satışlardan gileylidir. Böhran elektrik malları ticarətçilərinə əməlli-başlı toy tutub.

Toydan söz düşmüşkən, indi bir çox şadlıq sarayında da «qu» desən, qulaq tutular. İnzibatçılar deyirlər ki, qışda toy üçün boş gün «tutmaq» olmurdu. Amma indi il girəndən iki həftəyə bir toy ola, ya olmaya. Əvvəldən behi alınmış toyların da ertələnməsi halları var. Toy sahibləri menyunun bahalaşmasını, hətta dəvətlilərin toya gələ bilməyəcəyini əsas gətirirlər.

«TOY BAZARI» EVLƏNƏN, «BAKI KONDİSİONERİ» İNVESTOR AXTARIR

Əslinə baxsan, «toy bazarı»nda çöküş bir neçə il öncə başlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 3 ildə ölkədə ailə quranların sayı azalmaqdadır. Əgər 2013-cü ildə 86 min 852 cütlük talelərini birləşdirmişdisə, bir il sonra bu rəqəm 84 min 912-yə düşüb. Daha bir sonra - 2015-ci ildə isə toy edib ailə quranlar cütlüklərin sayı 63 min 100 nəfər olub. Evlənənlər azdırsa, deməli, cehizin əsas atributlarından olan elektrik məişət avadanlığına tələbat da aşağıdır.

Məişət texnikasının satışı.

Məişət texnikasının satışı.

Azərbaycanda elektrik məişət texnikasına tələbatın az bir hissəsi yerli istehsal hesabına ödənilir. Əvvəllərminlərcə işçinin çalışdığı, konveyerindən ildə yüz minlərlə məhsul çıxan Bakı Çinar Soyuducuları və Bakı Məişət Kondisionerləri zavodları səhmdar cəmiyyətə çevrilsələr də, menecment işləri müasir tələblərə uyğun qurulmadı. Nəticədə 2005-ci ildə 13 min 540 ədəd məişət soyuducusu yığan «Bakı Çinar Soyuducuları» ASC son 4 ildə an az, yəni 2 min 500 ədəd məhsul buraxa bildi. Hökumət fəaliyyətini dayandırmış «Bakı Kondisioneri» ASC-yə 15 ildir investor tapa bilmir. Əmlak Məsələləri Dövlət Komitəsində bildirirlər ki, ara-sıra, bəzi xarici şirkətlər gəlib müəssisəyə baxıblar. Amma elə o gedəndirlər.

HARADASAN, ALİ EVSEN ABİ?

Şamaxıda 2008-ci ildə fəaliyyətə başlayan və «Evsen» Şirkətlər Qrupuna məxsus olan «Azərelektronika» məişət cihazları zavodu nisbətən cavandır. Amma burada da işlər ümidverici deyil. 2014-cü ildə, əsasən, Çindən, Koreya və Türkiyədən gətirilmiş komplektləşdiricilər hesabına 8 min 515 ədəd soyuducu, kondisioner və televizor yığılıb. Bu, 2013-cü ildəkindən (37 min 325 ədəd) 4 dəfə azdır. Adı beynəlxalq korrupsiya qalmaqalında hallanan qrupun sahibi Ali Evsen-in nə vaxtdır İspaniyada məskunlaşdığı və Azərbaycana gəlmədiyi, 2015-ci ildə Şamaxıdakı zavodun istehsal fəaliyyətinin daha da zəiflədiyi deyilir.

Yerli müəssisələrdən toplanan məlumatlara görə, ötən il istehsalçılar, əsasən, anbara işləyiblər. Bu ilin əvvəlinə anbar qalıqları (3 min 916 ədəd) istehsal olunan soyuducu, kondisioner və televizor sayını (3 min 762 ədəd) üstələyib.

Belə səbəblərdən məişət texnikası gətirmək üçün hər il yüz milyonlarla dollar xaricə axır. Gömrük məlumatlarına görə, məsələn, 2014-cü ildə ölkəyə məişət kondisionerləri idxalı 53.9 faiz, məişət soyuducuları idxalı – 3 dəfə, paltaryuyan maşınların gətirilməsi – 20.5 faiz artıb. Elə həmin il ölkədə televizor, paltaryuyan, soyuducu və kondisionerin pərakəndə satışı 2013-cü ilə nisbətən 60 faiz artıb və son illərin ən yüksək göstəricisi - 457 milyon manat qeydə alınıb.

Televizor.

Televizor.

HAMI İSTEHSAL EDİR, AZƏRBAYCANSA İSTEHLAK...

Ötən ilin 9 ayında isə ölkəyə kommersiya məqsədilə gətirilən soyuducuların sayı 38.6 min (39%), paltaryuyanların sayı – 24.7 min (47%), tozsoranların sayı – 10.7 min (40%) azalıb. Düzdür, bu dövrdə idxal olunan kondisionerlərin sayında ciddi artım (40 min ədəd) var. Amma mütəxəssislər bunu ötən ölkədə çox sayda idman obyekti və otellərin istifadəyə verilməsi ilə əlaqələndirirlər. Ölkəyə gətirilən televizorların 700 ədəd artımı da bununla bağlıdır.

Ötən il ölkəyə gətirilən soyuducuların əsas hissəsi Rusiya, Belarus və Ukrayna istehsalıdır. Bu üç ölkədən Azərbaycana 9 ayda 44 mindən çox məişət soyuducusu gətirilib.

Brend Almaniya və Yaponiya kondisioner markalarının əsas hissəsi Çində yığılmadır. Arxada qalan 2015-ci ilin 9 ayında Almaniyadan ölkəmizə cəmi 36, Yaponiyadan isə 143 kondisioner yola salınıb. Qalan 70 min kondisioner Çin (52 min 864), Türkiyə (15 min 272) və başqa ölkələrin məhsuludur.

Paltaryuyan maşınların idxal coğrafiyası daha genişdir. Rəqabət daha çox Rusiya, Çin, Türkiyə, Ukrayna, Belarus, İtaliya, Polşa və Slovakiya məhsulları arasında gedir.

VERGİDƏN YAYINMA FƏRQİ – 100 MİLYON DOLLAR?

Maraqlıdır ki, son illər Gürcüstanda buraxılan elektrik məişət avadanlığı da Azərbaycan bazarına ayaq açıb. Qeyri-neft sənayesinin inkişafında uğurlar əldə edən Gürcüstan ölkəmizə soyuducu, kondisioner və paltaryuyan maşın göndərir.

Rəsmi gömrük məlumatlarına görə, televizorlar sərhəddə, orta hesabla, 185 ABŞ dollarına, kondisioner – 178 dollara, soyuducu – 220 dollara, paltaryuyan maşın 160 dollara rəsmiləşdirilir. Pərakəndə satışda isə qiymətlər bundan təxminən 3 dəfə yüksəkdir. Aradakı vergidən yayınma fərqi, azı, 100 milyon dollara çatır. DGK isə gömrük rəsmiləşdirilməsi sahəsində yayınmaların olduğunu qətiyyətlə rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG