Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Erməni fermer islam ekstremizmində günahlandırılır


 Aramais Avakyan
Aramais Avakyan

Fevralın 2-də Özbəkistanın Cizak rayonunda birinci instansiya məhkəməsində Aramais Avakyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib. O, islam ekstremizmində, Özbəkistanın konstitusion quruluşunu dəyişməyə cəhddə və başqa ağır cinayətlərdə ittiham olunur. İttiham tərəfi Avakyanın 18 il azadlıqdan məhrum edilməsini tələb edir.

Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə Aramais Avakyanın uzun illər öncə Ermənistanı tərk etmiş anası Flora Skunt məlumat verib.

Avakyana qarşı irəli sürülən ittihamın əsasını bir nəfərin ifadəsi təşkil edir. Amma həmin şəxs də məhkəmədə istintaqa verdiyi ifadədən imtina edib. O ifadəni fiziki işgəncə altında verdiyini bildirib.

XRİSTİAN ERMƏNİ? İSLAM EKSTREMİZMİ?

Bir qədər əvvəl AzadlıqRadiosunun özbək xidməti xəbər verirdi ki, məhkəməyə 33 yaşlı xristian erməninin islam ekstremizmi və başqa ittihamlarla əlaqəsini göstərəcək dəlil-sübut təqdim edilməyib. Həmin xəbərdə Avakyanın işgəncələrdən sonra belə, özünü günahkar saymadığı da vurğulanırdı.

“Necə olub ki, ittiham tərəfi cinayətin subutu üçün bu durumu qulaqardına vurub?” Bu suala cavabı uzun müddət Human Rights Watch beynəlxalq təşkilatının Özbəkistanda nümayəndəsi olmuş Janna Aleksanyan verir.

“Özbəkistan ən qəddar və geridə qalmış ölkələr sırasına aid edilir. Bu baxımdan da qeyri-insani və qəddar münasibətləri ilə məşhur olan diktator ölkəsidir. İslah düşərgələri də eynu bu vəziyyətdədir”, - hüquq müdafiəçisi belə deyir.

DAVA BALIQÇILIQ TƏSƏRRÜFATINA GÖRƏYMİŞ

Aramais Avakyanın Özbəkistanın Cizak bölgəsində balıqçılıq təsərrüfatı var. O da, onunla birgə fermer təsrrüfatında çalışan daha dörd dostu da ötən il sentyabrın 4-də həbs ediliblər. Elə o vaxtdan da bu beş nəfər həbsdədirlər.

Bu il yanvarın 6-da erməni fermer və dörd dostunun işi ilə bağlı məhkəmə prosesi başlayıb. Onların beşi də konstitusion quruluşu zorla dəyişməkdə, dini ektremist qrup yaratmaqda və oğurluqda ittiham edilir.

Özbəksitan hökuməti Avakyanı terrorçu qruplaşması sayılan “İslam dövləti” ilə əlaqədə suçlayır.

Ancaq Avakyanın qohumlarının sözlərinə görə, fermerin yerli hakimiyyət nümayəndələri ilə konfliktinin kökündə başqa məsələ var. Rayon rəhbəri Qafur Karşibayev fermerin biznesini zor gücünə əlindən qoparmaq istəyib.

ICRA BAŞÇISI: “SƏNİ MƏHBƏSDƏ ÇÜRÜDƏRƏM”

Rayon başçısının Avakyanla söhbəti qalmaqalla bitib. Ətrafdakı insanlar onun fermerə “Səni məhbəsdə çürüdərəm!” qışqırmasını eşidiblər.

Hüquq müdafiçisi Janna Aleksanyan deyir: “Özbəkistanda hər bir müqavimətin qarşısı alınır. Əgər sən müstəqilsənsə və kiçik biznesin varsa, onu sənin əlindən almaq üçün saxta ittihamlarla uzunmüddətli həbs cəzaları verəcəklər. Sənin heç bir müdafiən yoxdur, çünki Özbəkistan bütün beynəlxalq təşkilatları ölkə ərazisindən çıxarıb, vətəndaşlarını nəzarətdə saxlayır və onlarla istədiyi kimi rəftar edir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, belə vəziyyətdə, Ermənistanın Xarici işlər, Diaspora və ədliyyə nazirlikləri işə qarışmalıdırlar.

ERMƏNİSTAN RİCA EDİR Kİ...

Fevralın 2-də Ermənistan Milli Məclisinin insan haqqları üzrə daimi komissiyasının sədri Elinar Vardanyan Özbəkistan parlamentinin Dövlət-hüquq komissiyasının sədrinə müraciət edib.

Onlar Aramais Avakyanla bağlı ədalətli məhkəmə araşdırması aparılmasını və istintaqın diqqətdə saxlanmasını rica ediblər. Vardanyan deyir: “Aydındır ki, o Ermənistan vətəndaşı deyil və burada bizim imkanlarımız çoz məhduddur. Sadəcə, əməkdaşlıq çərçivəsində xahişlə müraciət etdik ki, məhkəmə prosesini diqqətdə saxlasınlar”.

Bir qədər əvvəl Ermənistanın ombudsmanı da özbək həmkarına müraciət edərək Avakyanın sağlıq durumu ilə bağlı nformasiya verilməsini və ona qarşı qanunsuz hərəkətlərin qarşısının alınmasını istəyib.

XS
SM
MD
LG