Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:37

Siz kök deyilmişsiniz...


arxiv fotosu
arxiv fotosu

Bədən kütləsi indeksi 54 milyon amerikalını səhvən "artıq çəkili", yaxud "kök" kimi dəyərləndirir

Bədən kütləsi indeksi (BKİ) yüksək olanlar üçün şad xəbər var: Los Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) yeni araşdırması aşkar edib ki, BKİ-nə görə piylənmədən və artıq çəkidən əziyyət çəkməli olan 54 milyon amerikalı əslində sağlamdır.

"International Journal of Obesity" jurnalında dərc olunmuş nəticələr göstərir ki, bu indeks əsasında işə götürənlər adamlara ədalətsizcəsinə yüksək tibbi sığorta qiymətləri yükləyə bilərlər.

UCLA-də işləyən psixoloq, kitab müəllifi A. Janet Tomiyama deyib ki, bu tapıntı "BKİ-nin tabutuna vurulmuş sonuncu mismar olmalıdır".

BKİ NƏDİR?

Bədən kütləsi İndeksi insanın kiloqramla ifadə olunmuş çəkisinin onun metrlə ifadə olunmuş boy ölçüsünün kvadratına nisbətidir. (Məsələn, çəki 75 kq-dırsa, boy 170 sm-dirsə, boyu metrlə ifadə edirik: 1,7 metr. Boyun kvadratı edir - 2,89. 75-i bölürük 2,89-a. Alınan nəticə, yəni 25,95 BKİ-dir. )

BKİ-i 18,5 - 24,9 arasında olanlar "sağlam", 25-29.9 arasında olan şəxslər "artıq çəkili" hesab olunur. BKİ-i 30 və daha yuxarı olanlarınsa piylənmədən əziyyət çəkdiyi düşünülür.

Zaman keçdikcə tədqiqatçılar guya "sağlam" BKİ-nə malik insanların əslində çox qeyri-sağlam, yüksək BKİ-li insanlarında əksinə, çox yaxşı formada olmasından şübhələnməyə başlayıblar.

Tomiyama düşünür ki, ictimaiyyət "köklük" sözünü ölüm cəzası kimi görür. "Halbuki köklük yalnız BKİ-nə əsaslanan rəqəmdir və biz düşünürük ki, BKİ insanın sağlamlığının çox kobud və pis göstəricisidir," deyə Tomiyama qeyd edib.

BU HƏM DƏ İQTİSADİ MƏSƏLƏDİR

Bu məsələ ona görə mühümdür ki, ABŞ-ın Bərabər İş İmkanları Komissiyası bu yaxınlarda yeni qayda qəbul edib. Bu qayda işəgötürənlərə tibbi sığortaya görə ödənən məbləğin 30%-ə qədərini 24 sağlamlıq meyarına cavab verməyən işçilərə ödətməyə icazə verir. Amma əgər BKİ insanın sağlamlıq vəziyyətini düzgün əks etdirmirsə, onda bu adamlardan tutulan məbləğlərin əsassız olması mümkündür.

UCLA-dən olan tədqiqatçılar BKİ-nin sağlamlıq göstəriciləri ilə əlaqəsinin olub-olmadığını yoxlamaq üçün 2005 - 2012-ci illər arasında Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunda iştirak edən 40420 nəfərin daxil etdiyi məlumatı təhlil edib. Adamların qan təzyiqi, triqliseridləri, xolesterol, qlükoza, insulin müqaviməti səviyyəsi və C-reaktiv proteini haqda məlumat təhlil edilib. Bu məlumatlar ürək xəstəliyi, iltihab və s. kimi xəstəliklərlə bağlıdır.

Məlum olub ki, artıq çəkili sayılan adamların 47,4 %-i, kök sayılanlarınsa 29%-i metabolik nöqteyi-nəzərdən sağlam insanlardır. Əksinə, BKİ-nə görə "sağlam" sayılanların 30%-i isə metabolik olaraq qeyri-sağlamdır.

Bu nəticələr göstərir ki, BKİ-dan əsas sağlamlıq indikatoru kimi istifadə edilməsi o deməkdir ki, ABŞ-da 74,9 milyon yetkin insan səhvən sağlam və qeyri-sağlam adlandırılıb. BKİ-nə görə nlardan 34,4 milyon nəfəri artıq çəkili, 19,8 millionu isə kök sayılır.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, "idarəçilər yalnız BKİ-nə əsaslanmağın qəsdən olmayan nəticələrini nəzərə almalıdırlar".

XS
SM
MD
LG