Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:02

-

OxuZalına göndərilən hekayələrdən

"Həjrəhim də sözünü geri götürdü - içkili olmuşam yəqin. Mən hardan bilirəm adam əti necə dadır. Əclaf Mişa içib ağlına gələni danışdı."

Bəxtiyar Hidayət

UŞAQ ƏTİNİN TAMI

Gəlib bir nəfər Uzunoba məhləsində durub ha çağırsın "ay Məşədi, ay Məşədi heey", Məşədinin özü qarışıq kimsə bilməz kimi çağırırlar. Darvazadan çıxıb, "burda elə adam yoxdu" deyərlər.

Məşədini yalnız qıraq yerin adamları bu adla tanıya bilər. Qıraq yer deyəndə isə, biraz dəqiqləşdirmə aparmaq lazımdı - məsələn, yaxın sovetliyin kəndləri sayıla bilər. Amma Rusiya yox. Çünki Məşədi elə rus kimi bir şeydi və ruslu- müsəlmanlı onu tanıyanlar Mişa kimi tanıyırlar.

Yaraşsa da, yaraşmasa da, “məmmədpındıq” kimi çıxsa da, balacalar ona Mişa dayı, hətta Mişa baba deyəndə də vecinə deyil.

Yalnız qış “sezonunda” kənddə olur Mişa. Özünün dediyinə görə, onu Rusiyada darıxmağa qoymayan “yutufdu”. Orda boş vaxtlarında aşığa qulaq asırmış. Biraz da şeirdən-zaddan bilir. Ruslara da klassik aşıq şeiri deyir çox içəndə.

Özünün kənddəki həyatını isə Ələsgərin bir beyti ilə tərs mütənəsib sayır:

İnsan payız ölə, yazda dirilə

Zimistanda boran-qarı çəkməyə.

Deyi,r mən boz sərçəyəm, elə bu kəndin zimistanını çəkməyə yaranmışam. Rusiya da il on iki ay zimistan. Bahar yaddı mənə - deyir. Bunu da qara taleyə, qara bəxtə yozur Mişa. Elə uzun illər oğlunun olmadığını da taleyə, bəxtə yozub.

Artıq 40 yaşa qədəm qoyub. Özü də Rusiyada olanda arvada tapşırıb: bir toydan, vaydan qalmırsan, get adımı siyahıya yazdır. Rusiyadan gələndə qıraq kəndlərdə dost-tanışın yas yerlərinə də mütləq gedib dəyər. Özgə də arvadın dəyə bilmədiyi yerlərə, həm də qıraq kəndə-kəsəyə mütləq gedib dəyərdi.

Vəssalam, Çayqoyuşan kəndində işi budu Mişanın. Qalan vaxt isə qapı-bacada qurdalanar. Şəhərin çayxanasına, kəndin ortalığına elə də meylli adam deyil.

Çayxanaya, ortalığa yığılanları boş adamlar adlandırır. "Avara yeri" deyir elə yerlərə. Deyir, adamın boş vaxtı çoxdusa, deməli, boş yeri də çoxdu, içinin boşluğu da çoxdu, hələ başı da boşdu. Boş vaxt nədi əə? Heç bir iş tapmayanda uşağın dərsi ilə maraqlan. Elə ən yaxşı iş budu.

Ən böyük arzusu isə oğul atası olmaqdır ki, o xoşbəxtliyə də bugünlərdə nail olub. Nəhayət ki, onun da oğlu oldu. Adı da Fərrux, - atasının adını qoyub uşağa. Heyvərə də bir qonaqlıq verib.

Cüvəllağılar nə məzələnirdilər onunla? Nə bilim, başına papaq qoy işlə, ayağına sapoq geyin işlə, sağ böyürə tərəf işlə və sair. Amma papaq məsələsini həqiqətən eləmişdi - di gəl o da boş şey imiş. Guya sezon yoldaşı Fedya (Fazil) belə edirmiş və buna görə də dalbadal üç oğlu olmuşdu.

Bu illər ərzində o qədər adama qonaqlıq söz verib ki, indi də nə sözündən qaça bilir, nə də evdə dura bilir.

Mişa izlə-bizin arasında yüngülvari bir qonaqlıq təşkil edir. Necə olsa, tapacaq bir şey. Neçə kababçının sonra gedib suvaq işini görüb nisyənin əvəzinə. Bəzi adamlar da mürəbbəli çay qonaqlığı ilə yaxasından əl çəkiblər. Beləcə də şəhər çayxanasının yolunu tanıyıb. Çayxanada da bir-iki pullu iş danışıb - barışıb. Bir qədər münasibəti dəyişib çayxanaya. Indi hərdən çayxanaya çıxır.

25 yaşında evlənib. Südəcər-südəcər də üç qızı olub. Böyüyünün 14, ortancılın 13, kiçiyin isə 12 yaşı var. Dördüncü övladı da südəcər ola blərdi, amma arvadı göndərdi bıçağın altına. Yoxlatdırmışdılar, bu da qız imiş.

Dalınca da o biri illər. Yenə qız, yenə bıçaq altı, yenə qız, yenə bıçaq altı. Özü də o vaxtlar indiki kimi deyildi, ana bətnində uşağın cinsini bir qədər gec bilirdi həkimlər. Döl 4-5 aylıq olmamış həkimlər bunu müəyyən edə bilmirdilər.

Beləcə də yalan olmasın, bu illər ərzində 6-7 qızı dünyaya gəlməyə qoymamışdılar. Sanki həyat belə də olmalıymiş.

İndi Fərruxun kirvəsi də, qardaşlığı da hamısı tutulmuşdu. Ev hazır, eşik hazır, nəyi çatmırdı kopolunun? Mişa istəsə indidən göbəkkəsmə də edərdi onu, amma evlənmək işini uşağın öz seçiminə buraxacaqdı. Əlbəttə ki, seçdiyi gərək halal süd əmmiş, ey südü əmmiş olaydı.

Evdən çıxmağa bəhanə də var, - gedim görüm nə iş tapıram.

Bu gün yenə iş bəhanəsi ilə evdən çıxıb parka buruldu. Onun dost-tanışı belə vaxtlarda harda ola bilər - əlbəttə, dominoxanada. Dominonun səsi başıma düşür - deyib Mişa hərlənmir oralara.

Həmin gün çayını köhnə Ruset yoldaşı Fedya ilə içib, bundan bir şey çıxmaz, gedək sənin qonaqlığını verim - dedi. Bazara düşdülər. Fedya arağı aldı, bu da iki kilo ciyər götürdü. Həjrəhimin kababxanasında yaxşıca qeyd etdilər Fərruxun dünyaya gəlişini.

Bir araq azlıq elədi. Yenə əvvəlki kimi, Fedya arağı aldı, Mişa da ciyər almaq istədi. Amma Fedya qoymadı, - əşşi nə qədər içalat yemək olar, kartof al, çəkdirək. Bir qədər kartof, biraz da göy-göyərti aldı Mişa. Hamısını eyni qadından.

Məclisi yenidən davam etdilər. Mişa artıq şeirə keçmişdi:

Neçə bağban calaq vurdu söyüdə

Çəkdi öz zatına badam olmadı

Çiçək açdı, bar gətirdi aşikar

Heyif meyvəsində o tam olmadı

Şeirin də üstündən “zakuska” kimi bir kartof kababı yemək istədi, amma yeyə bilmədi. Nəsə yad bir tam vardı kartofda. Hardasa insan əti tamı. Amma Mişa insan əti yeməmişdi ki. O tam hardan tanış idi Mişaya? Bunu düşünürdü ki, Fedya göy-göyərtinin adam əti daddığını bildirdi:

-Əşşi, elə bil adam əti yeyirəm, bunu kimdən alıbsan?

-Kartof da elə dadır.

Fedya kartofu, Mişa da göy-göyərtini yoxladı, hər ikisi düz deyirmiş.

-Yaxşı Fedya, deyək ki, Həjrəhim kartofu də ət kimi çəkir kababa, əlinin bəndi yaxşıdı, bəs bu göy-göyərti niyə ət dadsın? Yəqin satan arvad üstünə ət–zad qoyubmuş.

-Əşşi kimi doğrayıb qoyub kartofun üstünə? Bu ki adam əti dadır?

-A qıvlasız, adam ətimi yeyibsən?

-Yox e, mənə elə gəlir.

Onların söhbətinə qonşu masadan da qoşulan oldu. Pensiyaya çıxmış biologiya müəllimi idi:

-İnsanın genetik yaddaşı var. Bəli, bizim babalarımız adam əti yeyənlər olub. Amma bu kartof niyə o tamı versin axı? Olmaya, kartofun da genetik yaddaşı oyanıb? Hinduların qurbanlarınımı yada salır bu kartof, görən? Allah özün saxla, Allah. Itin-pişiyin olum, Əəllah.

Sonra da əli əsə-əsə tutduğu rumkanı qaldırdı başına və özünə gələndə üzünü göylərə tutub əlavə elədi:

-İlahi, bunu günaha yazma. Qoy bu acı badələri şirin-şirin içək hələ. Qoy əysik günümüz belə olsun, Amin.

Kartof

Kartof

Qoca biologiya müəllimi icazəsiz-filansız kartof kababından birini götürüb “zakuska” elədi.

-Hə, hə. Lap neandertal dadır ki.

-Nəə?

- Neandertal. Qədim insan. İtin, pişiyin olum, Əəallah.

Biologiya müəllimi maytaya-maytaya getdi. Fedya və Mişa da pendir-çörəklə, turşuyla ikinci arağı da birtəhər içib qalxdılar.

Diksinmişdilər.

Bu söz-söhbət yayıldı rayona. Bazarda adam əti dadan kartof, göy-göyərti peyda olub.

Bazarın kababxanalarında nə qədər kartof kababı çəkildi bunu yoxlamaq üçün. Amma kabab necə dadmalıydı eləcə də dadırdı.

Beləcə də, Fedya və Mişanın kartof əhvalatları onların sərxoşluqlarına yozuldu. Həjrəhim də sözünü geri götürdü - içkili olmuşam yəqin. Mən hardan bilirəm adam əti necə dadır. Əclaf Mişa içib ağlına gələni danışdı.

Sonra da Mişa getdi “sezona”.

Hadisənin üstündən bir il keçmişdi. Uşağın ad günü üçün bazarlıq edirdi Mişa. Əlində də uzun bir siyahı. Siyahıda da birinci yerdə arvad kartofu yazmışdı.

Yenə həmin nurani qadın idi. Adam əti dadan kartofu o satmışdı. Yenə o qadından kartof aldı.

Ad günündəki qonaqlar da kartofun nəsə ayrı bir tam verdiyini bildirdilər.

Aradan bir-iki gün keçmiş, Mişa özünü yetirdi Həjrəhimin yanına. Kartof satan qadın Həjrəhimin kababxanasından görünürdü. Qadını göstərib soruşdu:

-Qağa, bu arvad kimdi, nəçidi?

-Noolub, Mişa? Yazığın biridi. Göy-göyərti satır, yanına da kartof-soğan qoyur arada. Gedib qapılardan özü yığır.

-Əşşi, bunun satdığı şeylər adam əti dadır.

-Nəə? O ili də məni el-obada biabır elədin.

- Yox özzüm ölüm. Elədi ki, var. Get al, bax. Lap istəsən mərcə girək.

Həjrəhim gedib qadının qabağından bir dəstə acıtərə götürdü. Bir qom acıtərəni ikisi də tezbazar yedilər. Adi acıtərə idi.

-Nooldu, Mişa?

-Əşşi, deyəsən, adam ətinin tamının da günü-saatı var. 2-3 gün əvvəl elə dadırdı.

-Az iç, a qıvlasız. Mərcə girsən, indi uduzmuşdun.

-Gəl indi kartofu da yoxlayaq. Gözüm aldı, həmin iri, qırmızıya çalan kartoflardan var o arvadda. Gəl yoxlayaq onu da. Adam əti dadmasa itin oğluyam.

-Əşşi onsuz da il uzunu göyü, kartofu ondan alıram, yazıq adamdı. Xeyir ona qalsın. Hələ elə şey olmayıb.

-Get al, gətir bax.

Həjrəhim getdi və hadasa bir kiloya yaxın həmin iri, qırmızıyaçalan kartofdan yığıb gətirdi.

10-15 dəqiqə sonra hər ikisi kababdan iyrənmişdilər. Yenə həmin tam vardı.

Mişa cumub arvadı sorğu-suala tutdu:

-Ay arvad, de görüm, Həjrəhim alan kartofları hardan almışdın?

- Nə bilim, a bala. Məhlədə qonu-qonşudan yığıram. Bunu da Gülsabahdan almışam.

Mişa deyinə-deyinə getdi:

-Əşi mən nə hərləyirəm Gülsabah, Gülaxşam zad. Amma o kartof niyə elə dadsın. Bəlkə də masonlar-zaddı, bizi qırmaq istəyirlər. itin – pişiyin olum, Əəllah.

Məhləyə gələndə gördü hay- küy var. Təcili yardım gəlib. Qonşunun arvadının vəziyyəti pis imiş. Qan aparıbmış Səmayəni. Səbəb də - səbəbi arvadı dedi. Aborta gedibmiş. Gülsabah abort eləyib. Amma sən demə, gəlinin uşaqlığını zədələyibmiş. Qanaxma da ona görədi.

-Kiim? Gülsabaaah?

-Həə, noolub ki?

-Nəçidi o?

-Abort həkimidi. Evindəcə abort eləyir milləti.

-Nəə?

-Evində, özü də gizli. Indi qoymullar evdə abort eləməyə. Deyir, büdcəyə getməlidi pul. Büdcə boşalıb. Qanuni yolla - hökumətin də pulunu verirsən. Pul da gedir büdcəyə.

-Kopolunun nazirləri büdcəni taladılar, əvəzini də bizim döllərimiz ödəyir. A kişi, kopolunun Ruseti ayrı yerdi e. Qızlar əməliyyat bitəndən sonra bir tabletka atırlar, vəssalam. Burda heç fahişələrin də xəbəri yoxdu o tabletkalardan.

-Oo, çox görübsən deyəsən, Nataşaları?

-Sən dədənin göru yenə başlama.

-Bə hardan bilirsən, tabletka zad nədi.

-Səy qızı səy, orda açıq satılır, üstündə də şəkil. Aptekə girən bilir o dərman nə üçündü. Gülsabah, Gülsabah. Hansı Gülsabah idi bu? Ha tərəfdə olur aaz?

-Şəhərdə Yuxarıbaş tərəfdə. Evində abort eləyir gizlicə. Vaxt uzanıbsa, ya da hamilə qalan qızdısa, əri burda yoxdusa, uşaq dünyaya gəlməyi ilə biabırçılığa səbəb olacaqsa...

-Poxlu işləri bumu təmizləyir?

-Əə, məni 6-7 dəfə onun yanına göndərən sən deyilsənmi? Indi noolub belə?

-Nəə?

-Caan.

... 16-17 il qabaq idi. Fedya zibilə düşmüşdü, Nəzakətin zibilinə. Nəzakətlə nəsə işi qarışdırmışdılar. Nəzakət də bundan həm böyük, həm də adı onnan- bunnan çıxmışın biri. Bu da yada yarsı, qohuma hamısı deyib, qohumluğa- zada baxmamşdı.

Dörd-beş aydan sonra xəbər gəldi ki, gəl, uşağımız olacaq. Nəzakət özünü beləcə, Fedyaya sırımaq istəyir. Fedya da – itin qızı, Allah bilir kimdəndi uşaq, mənimi minmək istəyirsən? Qoy olsun, analiz məni göstərsə səni alıb, 6 aydan sonra da boşayaram. Qələtmi elədik, iki dəfə maşını qaraja verdik?

Nəzakətgilin planı baş tutmadı. Uşaq xaric ediləsi oldu. Belə razılaşdılar ki, xərci Fedya çəkəcək. Fedya da Mişa ilə birləşib, bu işi aşırdılar. Söz-söhbət isə artıq dolaşmaqda idi. Nəzakət qarnını gizlədə bilmirdi artıq. Və bir neçə ata müəyyən edən el- oba o ataların içində Fedyanın da adını çəkirdi. Buna görə də Fedya o tərəflərə hərlənmirdi.

Həmin axşam Mişa özü Nəzakətgilin Gödəkoba məhləsinə maşın sürdürüb Nəzakəti maşında oturtmuş, sonra da maşını şəhərə sürdürüb Nəzakətin böyük bacısını da götürüb Yuxarıbaşa qədər də özü qabaqda oturmuşdu. Yuxarıbaşın döngəsində isə düşüb aradan çıxmışdı. Nəzakətin bacısına da o vaxtın 200 manatını vermişdi ki, onda o 200 manata bir toyu yola verən bir dana almaq olardı.

Məsələnin belə baha başa gəlməsinə əsas səbəb isə, uşağın artıq 7 ayını keçməsi idi. Özü də oğlan uşağı imiş - kopolunun Fedyasının zavodu oğlan istehsal edir də, Rusetdə də ikisi-üçü var.

Deməli, bu, həmin Gülsabah imiş. Bir də abort haqda eşitdiklərini yada saldı, dölün xəbəri olurmuş bıçaqdan. Hətta qorxurmuş da. Hətta ana rəhminin bir küncündə gizlənmək də istəyirmiş. Əti ürpəşdi, çimçəşdi.

- Aaz, o Gülsabahın qapı-bacası varmı?

-Dəlisənimi əə, mən nə bilim, stola çıxanda gözümə qapı-bacamı görünürdü? Bağırdıqca ölün qalmırdı, dirin qalmırdı, hamısını düzə çıxardırdım.

-Kartof zad əkirmi? Göy-göyərti də əkir bəlkə.

-Deyəsən, sən lap tez başladın axı dəli olmağa. Yazıq mənim günümə. Heç kartof yeridi? Qonşu ölür, sən də kartofdan danışırsan.

-Sən canın, indi bu dünyanın işlərinə bax. Biri milyon tökür- uşağı olmur. Biri də uşaq istəmir - məcbur aborta, şpirisə qalır işi. İtn-pişiyin olum, Əəallah? Ədalət dediyin bumu?

...Artıq yazağzı idi. Fedya Kakalımda idi. Mişa da 4-5 günə yola çıxacaqdı. Bu il lap çox olmalı idi qazancları. O tərəflərdə soyuq çox olan kimi pul da çox olurmuş. Binaların üstünə tol çəkəcəkdilər. Tolun da bir topu 50 kvadratmetr yer aparırmış və haqq-hesab da kvadratmetrə ilə hesablanırmış.

Mişa gələnə qədər ordan pul göndərəcəkdi. Amma indi olan-qalan pul onun yolpulunu zorla ödəyərdi. Bu 4-5 günə bir “jırnı” iş tapmalıydı ki, bunu da tapdı. Şəhərin qulağındaca suvaq işi idi. Fəhlə qoçaq olsa, ikicə günə iş hazır idi.

Nəhayət, fəhlə də tapıldı, özü də Yuxarıbaşdan.

İlk tanışlıqdan sonra:

-A bala, o abortşik Gülsabaha yaxındımı eviniz?

-Abortşik nədi, a Mişa dayı? Bəlkə aboyşik...

-Aboy evi bəzəmək üçündü, abort evin uşağını azaltmaq üçün. Uşağı dünyaya gəlməyə qoymayan...

-Həə, qapıbir qonşuyuq Gülsabahla. Yaxşı ailədilər. Yaxşı qonşudular.

-Həyət-bacaları varmı?

-5-10 sot yerləri var arxın altında. Onlar təkcə abortnan dolanmır ha. Elə o yer onların dolanmasını verir. Bir kartofları olur, bir göy-göyərtiləri olur, gəl görəsən. İldə iki dəfə məhsul götürürlər. qarışqa kimi eşələnirlər torpaqda.

-Vay dədəəə.

-Nooldu Mişa dayı?

-Mişa dayın ölsün, a bala.

-Sən canın noolub?

Mişa sözü dəyişdi:

-Heç, o gün peyin aparırdılar bizim kənddən. Dedilər, Gülsabah doktorgilə aparırlar. Dedim, o da əkinmi əkir, o boyda həkimdi.

-Əşşi, canavardı e, canavar. Özü dəhnə basır, su yeridir.

Əli heç cürə işə yatmayan Mişa arvada zəng elədi:

-Aaz, get spiral qoydur dedim. Böyrəyə ziyandı, cəhənnəmə ziyan olsun. Bə ürəyə də ziyandı.

Mişanın ağzında uşaq ətinin tamı vardı. Qusmağa başladı. Fəhlə bunu mədəsinin arağa dözməməsinə yozdu.

Təcili yardım çağrıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG