Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:39

Ziya Alar. Mənim atam sənsən? (hekayə)


Ziya Alar
Ziya Alar

-

"Atan burdadı. – dedi, - Aktau şəhərini görürsən, bax burda."

Ziya Alar

Arzu gəmisi

Atası onları qoyub gedəndə o, beşikdə mışıl-mışıl yatırdı və dünyadan xəbərsiz olduğu üçün xoşbəxt idi. Ağlı kəsəndə hamı kimi o da atasını tanımaq istədi. Anasından soruşdu. Anası xəritəni yerə sərib oğluna Qazaxıstanı göstərdi.

- Atan burdadı. – dedi, - Aktau şəhərini görürsən, bax burda. – O, barmağını xəritənin üstünə qoydu.

- Bəs deyirdin atam uzaqdadı. Bura ki, bizə lap yaxındı. Xəzərin o tərəfi... Mən atamı görmək istəyirəm.

Anası onun başını sinəsinə sıxdı ki, kövrəldiyini oğlu görməsin.

Oğlan əl çəkmirdi, xəritəyə elə baxırdı ki, elə bil bu saat atasını görəcək.

- Ora necə getmək olar? – Soruşdu.

Anası kağızdan balaca bir gəmi düzəldib xəritənin üstünə qoydu.

- Gəmiylə.

Xəzərdə Aktau limanı
Xəzərdə Aktau limanı

O gecəni oğlan səhərə qədər yatmadı. Xəyalında gəmilər düzəltdi, kapitan oldu, yelkən açdı, Aktau limanına çatdı. Sahildə onu gözləyən balıqçı atasıyla qucaqlaşıb görüşdü. Atası hündürboy, qarabığ, qüvvətli bir kişi idi. O da oğlu üçün darıxmışdı. Hətta ona Aktau uşaqlarının oynatdığı oyuncaqlardan da alıb...

Səhər xəritəni götürüb evdən çıxdı. Velosipetini sürüb boz qayalı, sarı qumlu ləpədöyənə gəldi. Xəritəni yerə sərib, gəmi düzəltdi. Qayalığa çıxdı. Əvvəl gəmini dalğalara atdı, sonra özü onun içinə tullandı...

Qayıqdan dənizə tor atmış balıqçılardan biri uşağın dənizə atıldığını gördü. Həyəcanla bağırdı, sonra sahilə tərəf kürək çəkdilər. Qayığa bərkidilmiş tor suyun altıyla sahilə tərəf çəkildikcə qarşısına keçən hər şeyi udurdu.

Balıqçılar qayalığa gəlmişdilər. Bir nəfər ən cəsarətlisi suya baş vurub uşağı suyun altında axtarırdı. Qayıqdakılar həyəcanla gözləyirdilər ki, indi o zavallının cansız bədəni çıxacaq, amma çıxmadı. Balıqçı çarəsiz geri qayıtmışdı. Kimsə dedi ki, dalğıclara xəbər vermək lazımdı. Yanındakı yoldaşı etiraz elədi:

- Gəlib görsələr tor atmışıq, bizi cərimələyəcəklər.

- Gərək toru yığaq sonra. Onsuz da uşaq ölüb.

Axşamı gözlədilər. Toru yığanda heç vaxt qarşılaşmadıqları nəhəg bir balığın torda çırpındığını gördülər. Uşağın faciəsi unudulmuşdu və o kədərin yerini balıq sevinci tutmuşdu. Toru tez-tələsik çəkib, balığı qayığın içinə saldılar.

Balıqçılar
Balıqçılar

Balıq elə çırpınırdı ki, az qalırdı qayığı aşırsın. Beş-altı kişi balığı saxlaya bilmirdi. Başa düşürdülər ki, belə getsə balıq qayığı çevirəcək, onlar da dənizə düşəcəklər. Balıqçılardan biri iri bıçağını çıxarıb, balığın başını kəsdi.

Balıq ölmüşdü. Gətirib sahilə çıxartdılar. Ağır olduğundan qayıqdan düşürməyə gücləri çatmadı. Qərara gəldilər ki, doğrayıb aparsınlar.

Başından quyruğuna qədər yardılar. Uşaq sürüşüb ayaqlarının altına düşəndə həm qorxdular, həm də heyrətlərindən donub qaldılar.

O, sağ idi. Əlibıçaqlı balıqçı uşağı dikəltdi, kürəyinə bir-iki dəfə ehmalca vurdu. Uşaq ayıldı, başını qaldırıb onu tutan adama baxdı.

- Aktauya çatdım? Mənim atam sənsən?

XS
SM
MD
LG