Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

-

Dünya Psixiatriya Assosiasiyası XXI əsri «depressiya və intihar əsri» adlandırıb.

2014-ci ilin statistikasına görə, hər il dünyada 900 minə yaxın insan həyatına qəsd edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hər 40 saniyədə bir nəfər özünü öldürür. Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11.4 nəfəri intihar edir.

Azərbaycanın bu statistikada yeri haqqında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılovla söhbət etdik.

«VƏZİYYƏTİN ÇIXILMAZ GÖRÜNMƏSİ ONLARI İNTİHARA SÖVQ EDİR»

Professorun sözlərinə görə, son bir ayın statistikasına nəzər salanda, özünə qəsd edənlərin əsasən maddi çətinliklər və borcla bağlı bu yolu seçdiyi məlum olur:

«Bu insanların hər hansı psixoloji problemlə bağlı müalicə alması və ya qeydiyyatda olması faktları yoxdur. Sadəcə, üzləşdikləri maddi problemlər və vəziyyətin çıxılmaz görünməsi onları bu addıma sövq edir».

Mütəxəssisin fikrincə, burda bank əməkdaşlarının da müəyyən rolu var: «Onlar bank kreditlərin qaytarmaq üçün borclu insanlara saysız-hesabsız zəng edir, psixoloji təzyiq göstərirlər».

Azərbaycanda ötən ilin intihar statistikası hələ hazır deyil. 2014-cü ildə isə 515 nəfərin intihar etdiyi bildirilir. İntihar edənlərdən 19 nəfər yeniyetmədir. Rəsmi statistikaya görə, ölkədə hər 100 min nəfərdən 10-u intihara əl atır. Rusiyada bu rəqəm hər 100 min nəfərə 27, Litvada 33-35 nəfər təşkil edir.
Bəzi mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanda intihar statistikası heç də həqiqəti özündə tam ehtiva etmir.

F.İsmayılov daha sonra deyir: «Statistika intihar edənlərin 80 faizinin bu niyyətini kiməsə açıqladığını göstərir. Onlar ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə kiməsə deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu anlayar, problemləri ilə maraqlanar».

F.İsmayılov bildirib ki, Azərbaycanda insanlar psixiatr və psixoloqlara vaxtında müraciət etmirlər. Onun qənaətinə görə, intiharla mübarizə aparmaq üçün ilk növbədə depressiyanın qarşısı alınmalıdır. Çünki depressiyaya düşən xəstələrin 20 faizində intihara meyllilik var.

Depressiya

Depressiya

DEPRESSİYA - İNTİHARA APARAN YOL

Azərbaycanda əhali arasında depressiya halları da artır. Bu prosesin bütün dünyada müşahidə olunduğunu deyən F.İsmayılov əlavə edib ki, əvvəllər depressiya yaşı 30-dan çox olan insanlar arasında yaranırdı. Ölkədə hər il əhalinin 10-15 faizi depressiyadan əziyyət çəkir:

«Yeniyetməlik dövrünə qədər olan uşaqlar arasında depressiya göstəricisi 2-4, yeniyetməlik dövründən 18 yaşadək olan uşaqlar arasında isə 8 faizdir. Yəni, hər 100 yeniyetmədən 8-i depressiyadan əziyyət çəkir».

Mərkəz direktoru bildirib ki, insanda depressiyanın olduğunu təsdiqləmək üçün 3 əsas əlamət, ən azı, 2 həftə ərzində müşahidə edilməlidir: «Əhvalın aşağı olması, hər şeyə marağın itməsi və enerjinin tükənməsi ciddi siqnallardır. Bundan başqa, həmin şəxsdə yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmənin aşağı olması, ümidsizlik, yaranır. Bu vəziyyətdə insanlar intihar haqqında fikirləşə bilərlər».

Ölkədə intihar cəhdinin qarşısının əvvəlcədən alınması üçün görülən işlərdən danışanda, F.İsmayılov bunları deyib: «Ötən il bu məqsədlə UST-yə müraciət olunub. Biz uğurlu bir model götürüb onun əsasında işləmək istəyirik. Bizə İsveçin Karolinski İnstitutu örnək göstərilib. İndi onların təcrübəsi öyrənilir. Eyni zamanda bunun üçün yerlərdəki həkimlərə xüsusi treninqlər keçirilib. Ayrıca psixiatr və psixoloqlar üçün də treninqlər keçirilir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG