Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

Sosial media: yaradır, ya dağıdır?


Wael Ghonim Təhrir Meydanında - 2011
Wael Ghonim Təhrir Meydanında - 2011

-

«The New York Times» qəzetində Thomas L.Friedman son illərin «Facebook inqilabları»ndan yazır. «Ərəb baharı»ndan tutmuş İstanbul, Kiyev, Honq-Konqdakı aksiyalaradək – hamısı sosial mediadan alovlanıb. «Ancaq tüstü çəkilən kimi, bu inqilablardan çoxu davamlı yeni siyasi düzən gətirməyib. Bir səbəb odur ki, çoxlu səslər ucaldıqca, konsensusa çatılması çətinləşir», - müəllif yazır.

«Belə çıxmırmı ki, sosial media işləri düzəltməkdənsə, başlatmağa, qızışdırmağa daha çox yarayır? Misirdə 2011-ci ildə «Təhrir inqilabı»nın başlanmasına təkan verən bir Facebook fəalı bununla razılaşır. Wael Ghonim hazırda «Egypt-Google» şirkətinin əməkdaşıdır, onun anonim səhifəsi həmin inqilaba təkan verdi, Hosni Mubarak devrildi, ancaq demokratik alternativ ortaya çıxmadı. Ghonim ötən dekabrda ABŞ-a köçüb. TED-də çıxışında yanlışlardan danışıb: «Nə vaxtsa deyirdim ki, cəmiyyəti xilas etmək üçün sənə internet lazımdır. Ancaq yanılmışam... «Ərəb baharı» sosial şəbəkənin potensialını ortaya qoydu, ancaq çatışmazlıqları da üzə çıxardı. Diktatorları devirməyimizə gətirən silah sonda bizi ayrı saldı».

Sonradan ordunun və islamçıların tərəfdarları sosial mediadan bir-birinə qara yaxmaq üçün istifadə etdilər... Ghonim və digərlərinin inqilabını «Müsəlman Qardaşlığı» oğurladı, daha sonra ordu ələ keçirdi, dünyəvi baxışlı gənclər həbsə atıldı. İndi ordu da özünümüdafiə üçün Facebook-dan yararlanır».

Ghonim sosial media barədə gəldiyi qənaətləri bölüşür: 1) Şayiələrlə necə davranmağı bilmirik; 2) Ancaq fikirlərini paylaşdığımız şəxslərlə kommunikasiya qururuq, digərlərini izləmirik, blok edirik; 3) Onlayn müzakirələr sürətlə qəzəbli kütləyə çevrilə bilir; 4) Baxışlarımızı dəyişmək doğrudan da xeyli çətinləşib. Sosial medianın qısalığı və sürəti sayəsində nəticə çıxarır, mürəkkəb məsələlər barəsində 140 işarəlik fikirlər yazırıq. O fikirlər də əbədi olaraq internetdə qalır. 5) Ən vacibi, sosial mediada dərin söhbətlərlə bağlı dayaz şərhlər yerləşdirilir, sanki bir-birimizlə danışmırıq, bir-birinin ünvanına fikirlər səsləndiririk.

Ancaq Ghonim təslim olmayıb, dostları ilə bu yaxınlarda parlio.com adlı sayt da yaradıb, mübahisəli məsələlərlə bağlı intellektual söhbətlər aparılır. «Beş il öncə düşünürdüm ki, cəmiyyəti azad etməkdən ötrü internet gərəkdir. Bu günsə inanıram ki, cəmiyyəti azadlığa çıxarmaq istəyiriksə, birinci interneti azad etməliyik», - o deyir.

Rosneft
Rosneft

RUSİYADA ÖZƏLLƏŞDİRMƏ YENƏ ALINMAYACAQ

Moskva davamlı iqtisadi problemlər dövründə maliyyə mənbələrini ciddi götür-qoy edir və bu dəfə bəzi dövlət şirkətlərini, müəssisələrini özəlləşdirməyə çıxarmağı nəzərdən keçirir. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, bu plan 12.5 milyard dollar gətirə, federal büdcədə gözlənən 37.5 milyard dollarlıq defisitin doldurulmasına yardım edə bilər. Təklifi hökumətin böyük şirkətlərə nəzarətini daim tənqid etmiş maliyyə naziri Anton Siluanov irəli sürüb.

İllərlə Kreml elitası Siluanov-un planına qarşı çıxıb, şirkətlərdə paylarını saxlamağa çalışıblar. Ancaq ölkədə böhran dərinləşdikcə, bu təkliflərdən bəzilərinə baxılır. Nazir bu yaxınlarda bütün sektorlarda büdcəni 10 faiz kəsib, təqaüdlər də kəsilib. Və ola bilsin, özəlləşdirmə proqramı da dəstək qazansın.

Ancaq təhlildə vurğulanır ki, Rusiyanın öncəki özəlləşdirmə cəhdlərindən fərqli olaraq, indi iqtisadi və siyasi mühit daha pisdir. Rusiya Ukrayna böhranına görə Qərblə qarşıdurmadadır. Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiya şirkətlərinin əksəriyyətinə sanksiyalar qoyub. İnvestorların da yanaşması dəyişib. London birjasında Rusiya şirkətlərinin işləri yaxşı getmir. Bir sıra Qərb firmaları isə Rusiya bazarını tərk etməkdədir. Britaniyanın «Global Council» şirkətinin məlumatına görə, 2014-cü ildə Ukrayna böhranı başlanandan bazardan daha çox şirkət çıxıb, nəinki 2008-ci il böhranı zamanı. Hesablamalar 60 böyük Qərb şirkətinin getdiyini üzə çıxarıb, onlarla firma bu il çıxa bilər.

Nəticədə, Rusiya qeyri-Qərb tərəfdaşları tapıb, əsasən Yaxın Şərq və Şərqi Asiyadan 2014-2015-ci illərdə 21 milyard dollarlıq investisiya cəlb edə bilib. Ancaq bu sərmayə daha çox kənd təsərrüfatını əhatələyir və daha geniş iqtisadiyyata aid olmayacaq.

«Ən vacibi, Rusiyanın Suriyada əməliyyatları və Türkiyə ilə münasibətlərin pisləşməsi Yaxın Şərqlə əlaqələri də çətinləşdirib. BƏƏ, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı da neftin ucuzlaşmasına görə xərcləri azaldır. Rusiya ötən il «Rosneft» şirkətindən Çinə pay satacağına eyham vurub. Ancaq Çin də xərcləri yavaşıdır və Pekin artıq Rusiyanın enerji sektoruna yatırdığı sərmayəni məhdudlaşdırır. Qısası, Rusiyanın özəlləşdirmə sxeminə nə Şərqdən, nə də Qərbdən güclü maraq var», - «Stratfor» vurğulayır.

«Aedes» ağcaqanadı
«Aedes» ağcaqanadı

«ZİKA» NİYƏ QORXU YARADIR

Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri «Zika» virusunun Amerikada sürətlə yayıldığını, 3-4 milyon insanın bu virusa yoluxa biləcəyini bildirir. Hazırda «Zika» vaksininin hazırlanması üçün iş aparılır. «Reuters» informasiya agentliyi bu virusla bağlı bəzi suallara cavab hazırlayıb.

İnsanlar virusa necə yoluxur? Virus dişi «Aedes» ağcaqanadının insanı dişləməsi nəticəsində keçir. Bu ağcaqanadlara Kanada və Çilini çıxmaqla, Amerikanın bütün ölkələrində rast gəlinir. Hələlik infeksiyanın müalicəsi, uyğun vaksin yoxdur. Şirkətlər dərmanın hazırlanmasından ötrü bəhsə giriblər. Ancaq vaksinin hazırlanması aylar, yaxud illər çəkə bilər.

Amerikanın Səhiyyə Təşkilatı bildirir ki, «Zika»nın ölümcül olmasına dəlil yoxdur. Lakin ağırlaşmalardan ölüm halları da baş verə bilər. «Zika» virusunun yeni doğulan körpələrdə bəzi qüsurlarla da əlaqəli olduğu aşkarlanıb.

«Zika» infeksiyasının ilkin əlamətləri yüngülvarı qızdırma, dəri səpkisi, əzələ və oynaq ağrıları, əzginlikdir. Bu simptomlar 2-7 gün çəkə bilər. Amma yoluxanların 80 faizində heç simptomlar olmur.

Hələlik virusun önlənməsi üçün ağcaqanad çox yayılan yerlərdə həşəratlar məhv edilir, dişləmələrə qarşı vasitələrdən, miçətkənlərdən istifadə olunur. ABŞ səhiyyə rəsmiləri hamilə qadınlara Latın Amerikası və Karib ölkələrinə getməməyi tövsiyə edib.

Bu virus 2007-ci ildən öncə yayılmayıb deyə, törətdiyi ağırlaşmalar barədə də bilgi azdır. 2013-2014-cü illərdə Fransa Polineziyasında «Zika» yayılanda, Giyena-Barre sindromu da yüksəldi. İndi Braziliyada da bu sindromun artdığı bildirilir.

XS
SM
MD
LG