Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

Moskva prospektində ağac kəsimi narazılıq yaradıb


Foto ilüstrasiya
Foto ilüstrasiya

-

«Kim zəmanət verir ki, bu ağaclar kəsiləndən sonra yerində bina tikilməyəcək?».

Nəsimi rayonu, Moskva prospekti, 92 saylı binanın sakini Səməd Muradov AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirib ki, iki gündür bina sakinləri ərazidə başlanan ağac kəsimindən narahatdır. Onun sözlərinə görə, texnikayla əraziyə gələn icra hakimiyyətinin işçiləri binanın qarşısındakı ağacları kəsməyə başlayıblar. Bu da sakinləri dilə gətirib:

«Biz etiraz etdik, çalışdıq ki, qarşısını alaq, ancaq bizə əhəmiyyət verən kimdir ki... Bilmirik niyə kəsirlər. Bildiyimiz təkcə odur ki, hər yerdə abadlıq adı altında kəsirlər, sonra da hansısa işbaz gəlib həmin yerdə bina ucaldır. Bir sözlə, gözümüz qorxub».

Bina sakini Zemfira Qocayeva isə deyir, kəsilənlər sağlam meyvə ağaclarıdır. Uzun illərdir ki, bu ağacları binanın qarşısında elə sakinlər özləri əkibmiş:

«Yayda kölgəsində sərinlənirdik. Ərik ağacını kəsdilər. Başqa ağacları da kəsdilər. Yalandan deyirlər, guya budama işi aparırlar. Onların gördükləri iş budama işi deyil, ağacları kökündən kəsirlər. Həyatımıza təhlükə yarada biləcək ağacların qol- budaqlarının kəsilməsinin əleyhinə deyilik. Ancaq kəsdikləri sağlam ağaclardır, həyatımıza da heç bir təhlükəsi yaratmır».

KƏSİLƏN AĞAC ÇOXDAN QURUYUB

Nəsimi rayon İcra Hakimiyyətindən bildiriblər ki, Binəqədi rayonu ərazisində abadlıq işləri davam edir. Moskva prospekti, 92 saylı binanın qarşısındakı ağacları da icra hakimiyyətinin fəhlələri budayır.

«Bir ağac kəsilib, o da qurumuşdu və kəsilməsi üçün xüsusi razılıq da çoxdan alınıb», - bildirən qurum işçisi tezliklə ətrafdakı binaların təmirinə də başlanacağını deyib.

XS
SM
MD
LG