Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:01

«Ən yaxşı mövqedə elə prezident Əliyevdir»


İlham Əliyev
İlham Əliyev

-

«The Financial Times» qəzeti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) məktubunu dərc edib.

Müəlliflər Tom King və Marina Bowder Azərbaycanın beynəlxalq maliyyə qurumlarından 4 milyard dollarlıq təcili borc istəməsi barədə məlumatlara toxunur. Bu barədə ilk dəfə elə «The Financial Times» yazıb, ancaq prezident Əliyev başda olmaqla, rəsmilər bunu təkzib edib, Azərbaycanın təcili borca ehtiyacı olmadığını bildirib.

OCCRP hakim elitanın biznesini aşkarlayan araşdırmalarını xatırladır və qeyd edir ki, «feodal elita Qərbin vergi ödəyicilərindən problemlərin həllinə kömək istəyərsə, Qərb bundan şok keçirər».

«2012-ci ildən Azərbaycanda korporativ informasiya məxfi sayılıb. Hökumətlə istənilən sazişdən kimin faydalanmasını yoxlamağın yolu qalmayıb. Məqsəd hökumətin hesabatlılığını, ictimai nəzarəti əngəlləməkdir. Ciddi islahatlar həyata keçirilmədən ayrılan yardım da beləcə sistematik korrupsiya toruna düşəcək. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı varlı avtokratların xəzinəsinə hər hansı vəsaitin ayrılmasından çəkinməlidir. Bu dəfə söhbət qərbli vergiödəyicilərin pulundan gedir».

«Elə maliyyə nazirinin təcili yardıma ehtiyacın olmaması barədə iddiası da iqtisadiyyatın gücünü, eləcə də xeyli şərtləri olacaq borcdan yayınmaq arzusunu göstərir. Bir fakt qalmaqdadır: Azərbaycan vətəndaşlarının iqtisadi təhlükəsizliyini təmin etməkdən ötrü ən yaxşı mövqedə olan biri varsa, o da prezident İlham Əliyevin özüdür».

Hassan Rohani və Vladimir Putin
Hassan Rohani və Vladimir Putin

«İRANIN QAFQAZDA ROLU ARTIR»

«Stratfor» Araşdırmalar Mərkəzi İrana beynəlxalq sanksiyalar qaldırılandan sonra bu ölkənin Qafqazda güclənən rolundan söz açır. Tehran indi regionda daha geniş əməkdaşlığa çalışacaq, ticarət və enerji sazişləri imzalayacaq. Ancaq iki əsr boyunca Qara dəniz və Xəzər dənizi arasında dominantlıq etmiş Rusiyanın rolunu da nəzərə almalı olacaq.

«Rusiya və İran regional geosiyasi rəqiblərdir, bu dinamika Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində, eləcə də İranın karbohidrogen ixracından ötrü kəmər layihələri üzrə danışıqlarda da əksini tapıb. Ancaq rəqabətə baxmayaraq, Rusiyayla İran qarşı çıxdıqları Qərbin infrastruktur layihələrini, eləcə də regionda xarici hərbi iştirakı əngəlləmək naminə birləşməli olacaqlar», - yazıda vurğulanır.

Mərkəz yazır ki, İran regionda işini bir neçə səbəbdən gücləndirə bilər. Avropa Rusiya qazından asılı olmaq istəmir və İran bu bazarları ələ keçirməyə çalışır. Ancaq əvvəlcə Cənubi Qafqaza girməlidir. Tehran Trans-Anadolu Qaz Kəməri və Trans-Adriatik Kəmərindən istifadəyə marağını bildirib. Daha bir variant isə Ermənistan vasitəsilə Gürcüstanın Batumi və Poti limanlarına çıxmaqdır. İran rəsmiləri artıq bu məqsədlə Yerevanı dilə tutmaqdadır:
«Türkiyə üzərindən daşınma İrana daha sərfəli olar, ancaq Suriya münaqişəsi ilə bağlı münasibətlərin mürəkkəbləşməsi Ermənistan marşrutunu daha səmərəli edir».

Yazıda Gürcüstanın təbii qaz ehtiyacının ödənməsində də İranın fəal oyunçuya çevrilə bilməməsindən bəhs olunur. İran Gürcüstanla hətta saziş imzalandığını açıqladı, ancaq rəsmilər bunu təkzib etdilər: «Rusiya bu mübahisədə sakit oyunçudur, Ermənistandan istifadə edərək Gürcüstan bazarına təbii qaz çatdırılması səylərini əngəlləyib. İran da kənar marşrutlar axtarmağa başlayıb. Tehran hazırda Gürcüstana 400 milyon dollarlıq dəmiryol çəkilməsni nəzərdən keçirir».

«Sanksiyalardan sonra İran Dağlıq Qarabağ münaqişəsində də daha artıq fəallıq göstərəcək… İran Xarici İşlər Nazirliyi yanvarın 22-də münaqişədə vasitəçilik təklif edib. Bununla Tehranın regiondakı infrastruktur layihələrinin icrası da asanlaşa bilər. İranın iştirakı Rusiyanın danışıqlar prosesində dominant mövqeyinə də zərbə vuracaq. Nəzəri baxımdan, Moskva Tehranla əməkdaşlıq edə bilər, ancaq Rusiyanın Ermənistan və Gürcüstanın enerji sektorlarına İranın hər hansı girişinə qarşı çıxması bu ssenarini çətinləşdirir. Digər tərəfdən, digər güclər də münaqişənin həllinə cəlb olunduqca, Moskva xarici təsirə qarşı dayanmaqdan ötrü Tehranı dəyərli tərəfdaş kimi görə bilər».

Korrupsiyaya qarşı poster.
Korrupsiyaya qarşı poster.

KİYEV KORRUPSİYA İLƏ MÜBARİZƏNİ UDUZUR

Hər il Ukrayna büdcəsindən 12 milyard dollar itir və beynəlxalq «Transparency International» təşkilatı bu ölkəni Avropada ən çox korrupsiyaya uğramış sayır. «Foreign Policy»də Josh Cohen yazır ki, ukraynalılar, demək olar, hər yerdə rüşvətlə üzləşirlər, ancaq ən böyük korrupsiyaya yüksəkçinli siyasilər yol verir.

Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun ayırdığı 1.8 milyard dollarlıq yardım ofşor hesablardan yoxa çıxıb, adı hallandırılan oliqarx isə cəzasız qalıb.

Müəllif yazır ki, məmurlar, köhnə qvardiya hər bir dəyişikliyə qarşı çıxırlar və Ukrayna üçün ən faydalı model Mərkəzi Amerika ölkəsi Qvatemalanın yoluyla getmək olardı.

Qvatemala korrupsiya ilə mübarizəni beynəlxalq/yerli bir hibrid quruma tapşırıb: Qvatemalada Cəzasızlığa qarşı Beynəlxalq Komissiyaya (CICIG). «Bunu etmək Kiyevdən ötrü çətin bir həb udmağa bərabər olar, ancaq daha mülayim tədbirlər fayda verməyib. Siyasilər üçün də radikal addım sayılar, ancaq ölkənin taleyi bundan asılıdır», - müəllif yazır.

CICIG 2006-cı ildə Qvatemala və BMT arasında sazişlə yaradılıb. Ölkə məhkəmələrində Qvatemala qanunvericiliyinə tabedir, ancaq institusional baxımdan hökumətdən ayrıdır. Xarici ölkələr, özəlliklə ABŞ tərəfindən maliyyələşdirilir, əməliyyat xərcləri də ölkə iqtisadiyyatından asılı deyil.

Bu qurum ciddi uğurlara imza atıb. 200-dən artıq yüksəksəviyyəli korrupsiya halı araşdırılıb, 160-dan artıq indiki və keçmiş hökumət rəsmilərinə ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG