Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:40

Araz Gündüz. Aydın müəllimin dəli olmaqlığı


Araz Gunduz
Araz Gunduz

-

"Müəllim, sən bizim höküməti o cəbhəçilərin uşaq-muşaq höküməti ilə qarışdırma."

Araz Gündüz

AYDIN MÜƏLLİMİN DƏLİ OLMAQLIĞI

(sənədli hekayə)

2007-ci il avqust ayının 26-da, bazar günü, Aydın müəllim Bakıya gəlmişdi. Düz 24 il idi, hər il avqust ayının sonuncu bazar günü keçmiş tələbə yoldaşları ilə Bakıda görüşərdilər. Ucuzlu kafelərin birində ayrıca yer götürüb oturar, yeyib-içər, dərdləşərdilər.

Aydın müəllim arxadaşları ilə qabaqcadan sözləşdiyi kafeyə çatıb içəri keçdi, onları tapıb görüşüb-öpüşəndən sonra masa arxasında oturdu.

Birazdan arxadaşlar arasında danışıq qızışdı, ildə yalnız bir yol görüşə bilirdilər deyə, danışmağa sözləri çox idi.

Masaya çox açıq-saçıq geyinmiş gözəl bir qız qulluq eləyirdi, aradabir necə deyərlər, göz-qaşını süzə-süzə, özünü sındıra-sındıra yaxınlaşır, nə gərək olduğunu soruşurdu. Qız hər dəfə masaya yaxınlaşanda arxadaşlardan şəkili balası Şöyüb ortalığa gülməli bir söz atıb onu güldürməyə çalışırdı. Aydın müəllimin dili dinc durmadı:

-Ay Şöyüb, nə olub belə, görməmiş adamlar kimi baxırsan qıza?

-Aydın, ciyimin canı üçün özümdən asılı deyil, habu it qızını gördümmü, oğraş baxışlarımı yeşirə bulmirəm.

Danışığın qızğın yerində birdən Aydın müəllimin Oruc adında arxadaşı soruşdu:

-Aydın, eşitdim hökümətnən aranı düzəltmisən?

-Oruc, deyəsən məni ələ salmısan axı, özün yaxşı bilirsən, o kinodakı kərbəlayı demişkən, mən belə allahsız höküməti tanımıram.

-Ay Aydın, kişilər bir ətək pul töküb kəndinizə güzgü kimi yol çəkiblər, bu bəyəm az işdir?

-Deyəsən, sənin başına at təpib, ya da içkinin istisi başına çıxıb, nə yol ay Oruc, on il qabaq bizə gəlmişdin ha, yol o gördüyündən də on qat pis günə düşüb.

Oruc cibindən bir qəzet çıxardı, açıb oxumağa başladı: “Rayon mərkəzindən Qaradağlı kəndinə gedən yolun sonuncu on iki kilometrinə də yüksək keyfiyyətli asfalt örtüyü çəkilib, yol qırağında müasir tələblərə cavab verən üç avtobus dayanacağı tikilib istifadəyə verilib. Bundan başqa da, yol boyunda yerləşən üç kəndin su problemini də bir dəfəlik həll eləmək üçün üç artezian quyusu qazılmışdır. Görülən işlərə 12 milyon manat dövlət vəsaiti xərclənmişdir”—indi ay Aydın, sən demək istəyirsən, bunlar hamısı yalandır?

Eşitdiklərindən özünü şaşırmış Aydın müəllim yerində quruyub qalmış, acığından üz-gözü əyilmişdi, handan-hana dili söz tutdu:

-Evin yıxılsın, qapın bağlansın, ay belə hökümət! Bu boyda allahsızlıq, bu yekəlikdə də yalan olar? İndi mən sizə deyim, bu yazıda düzə oxşayan nədir, bax o 12 milyon milyon dövlət pulunun götürlüdüyünü doğru deyirlər, ancaq o pul yola xərclənməyib, çırpışdırılıb. Mən sizə bunların oğru-quldur yığnağı olduğunu deyəndə məni qınayırdınız, indi alın bu da sizin analoqu olmayan—bir az duruxub, səsini qaldırdı-yox bir anlağı olmayan, hökümətiniz !.. Oruc o qəzeti ver mənə, yoxsa bu sözü kənddə danışsam mənə inanmayacaqlar...

Yol söhbətindən sonra ortalığa uzun sürən bir səssizlik çökdü. Bir azdan arxadaşlar ikibir-üçbir sağollaşıb dağılışmağa başladılar...

Ertəsi gün, dan yeri ağaranda rayon mərkəzinə çatan qatardan düşən Aydın müəllim öynə çağı kəndə çatdı. Əynini dəyişdi, yuynub üst-başının toz-torpağından arındı, sonra yolun yorğunluğunu canından çıxarmaq üçün bir az uzandı. Gün batan çağı Aydın müəllim kənd adamının toplandığı dükan qabağına gəldi. Buraya toplaşan ağsaqqala-qarasaqqala salamlaşıb adamlara qoşuldu. Kənd ağsaqqallarından Adıgözəl kişi soruşdu:

-Aydın müəllim, eşitdim Bakıya gedib qayıtmısan, oralarda nə var, nə yox?

Aydın müəllim dinməz-söyləməz arxadaşı Orucdan aldığı qəzeti cibindən çıxarıb, Adıgözəl kişiyə uzatdı:

-Adıgözəl əmi, bu qəzetin burasını oxu—barmağı ilə oxunacaq yeri göstərdi—özün hər şeyi biləcəksən.

Adıgözəl kişi qəzeti yaxında dayanan gənclərdən birinə uzadıb dedi:

-A bala, mənim gözlüyüm evdə qalıb, bir yana qalanda elə bu yeni hərfləri də yaxşı oxuya bilmirəm, oxu görək nə yazırlar.

Gənc qəzeti oxuduqca, toplaşan adamlardan kimi içini çəkir, kimi uğunub gedir, kimi də eləcə səssiz durub başını bulayırdı. Qəzet oxunub qurtarandan sonra ortalığa doğrudan-doğruya bir ölüm səssizliyi çökdü. Uzun çəkən səssizliyi Adıgözəl kişinin kükrəyən səsi pozdu:

-Bax, buna deyərlər adamı eşşək yerinə qoymaq! Bir bunlardan soruşan gərək, ay qurumsaq uşağı, yol çəkmirsiniz-çəkmirsiniz, bu dalınızdan qırmızı üzünüzə salıb dediyiniz yalanlar nə üçündür? Aydın müəllim, sən bu işi tapşır biz qocalara, biz onsuz da günümüzü görüb ömrümüzü sovmuşuq, siz gənclər, ortayaşlılar bu işə qoşulmayın, bir bölük oğul-uşaq yiyəsiniz, bu hökümətdə oturanları mən yaxşı tanıyıram, qan içən, başkəsənlər yığnağıdır. Get, elə indicə prezidentə bir məktub yaz, axşam gətir bizə, özüm üzünü köçürəcəyəm, beş-altı ağsaqqala qol çəkdirib, sabah aparıb rayon mərkəzindən yola salacağam getsin...

2007-ci ilin 22 sentyabrında, şənbə günü, günortadan üç saat keçmiş Qaradağlı kənd məktəbinin direktoru Aydın müəllimi dərs dediyi sinif otağından bayıra çağırıb dedi:

-Aydın müəllim, indicə Təhsil şöbəsinin müdiri mənə zəng eləmişdi, səni başılovlu yanına çağırır.

-Bunu sabaha saxlamaq olmazdı yəni, indi bu günbatan çağı mən rayon mərkəzinə necə gedib çıxım, getmək o yana qalsın, bunun geri qayıtmağı da var axı.

-Mən də ona sən deyənləri dedim, deyir yox, durmasın gəlsin. Ha soruşdum nə işdir belə, bir söz demədi. Mənim huşum kəsən, bu nəsə o yol işinə görə yazdığımız məktuba görədir, mənim maşınımla gedərik, necə olsa da, səni tək buraxmaq düzgün deyil.

Təhsil şöbəsinə çatanda artıq qaranlıq düşmüşdü, ikinci qata, müdirin yanına qalxdılar, müdir onları görən kimi:

-Yenə nə iş çıxarmısınız a Qaradağlılar?–biraz susub sonra qayğılı-qayğılı dilləndi: Mənə də demirlər nə işdir, Aydın müəllim, səni prokuror yanına çağırır.

Aşağı düşəndə müdir sağollaşıb onlardan ayrıldı:

-Orada mənlik bir iş yoxdur, prokuror özü deyir, qoy tək gəlsin yanıma.

Aydın müəllim prokurorluğa gəlib kimliyini anladınca, qapıda duran gözətçi ona prokurorun otağının yolunu göstərdi. Otağa çatıb qapını döydü, içəridən qaba bir səs:”kimsən, gəl” deyə səsləndi. Aydın müəllim içəri keçdi, prokuror nə alqış, nə qarğış demədən, əli ilə stul göstərdi, Aydın müəllim keçib oturdu.

Prokuror 40-45 yaşlarında ortayaşlı bir adam idi, üstü kağız-kuğuzla dolu stolun arxasında özünü boğub, qondarma bir görkəmlə oturmuşdu. Üzündəki qabalığın, gözlərindəki kəskinliyin taxma olduğu ilk baxışdanca duyulurdu, ona görə də, öz-özlüyündə qorxu-ürkü yaratmalı olan görkəmi gülüş doğururdu.

Aydın müəllim səssizcə oturub gözləyir, prokuror isə qarşısındakını sındırmaq üçün düşünüldüyü açıqca duyulan bir saymazyanalıqla önündəki kağızları o üz-bu üzə döndərib baxır, sanki qarşısındakı adama: belə böyük işlərin başımdan aşdığı bir çağda, sən də özünün dəyərsiz işlərinlə mənim başımı qatıb, zəhləmi tökürsən düşüncəsini aşılayırdı.

Birazdan prokuror əlini uzadıb göy boyalı bir qovluğu götürdü, önünə qoyub açdı, oradan bir kağız çıxarıb əlində yelləyərək:

-Ayə, bu nə oyunbazlıqdır çıxarırsan?—deyə kükrədi.

Aydın müəllim olduqca toxdaq bir səslə dilləndi:

-Ayə, sən özünün hoqqabazlığından danış.

-Sən mənə hoqqabaz deyirsən?

-Müəllimi oyunbaz olan ölkənin prokurou hoqqabaz olar da.

-Müəllim, səni vuraram, özü də pis vuraram!

-Məni vurmazdan qabaq, tapşır əlimi, ayağımı qandallasınlar.

-O nə üçün?

-Mənim əllərim yox, təkcə ayaqlarım açıq olsa, mənə əl qaldırmağınla sənin leşinin buradan çıxmasının arası üç dəqiqə çəkər.

-Sən yəni belə özündən deyən kişisən?

-Özünü kişi sayırsan, çıxaq bir dalda yerə, sənə kimliyimi göstərim.

Görünən bu idi, prokuroru nəsə tutub saxlayır, yoxsa belə üzə qayıdanları “başa salmaq” üçün qabaqlar dönə-dönə sınadığı bir yol bilirdi: adamı Polis bölməsinə göndərib yaxşıca döydürür, ondan sonra işi istədiyi kimi başa çatdırırdı.

Ortalığa yenə səssizlik çökmüşdü. Prokuror doğrudan da çıxılmaz bir duruma düşmüşdü, yuxarıdan rəisi zəng eləyib, bu məktubla bağlı işi səs-küy qoparmadan yoluna qoymağı tapşırmışdı. İndi öz-özünə düşünürdü:

“Tutalım, bu sınan adama oxşamayan müəllimi döydürdüm, o da dediyindən dönmədi, sonrası necə olsun? Bu dağılmış Qaradağlının adamlarının da sözübir olduğunu deyirlər, birdən yenə də yazdılar? Görükən budur, o oniki milyondan lap başda oturana pay verməyiblər, belləri ona bağlı olsaydı eləcə deyərdilər, məktub yazanın başını batır getsin. O andıra qalmış oniki milyondan yüz min manat da mənə tulapayı verib necə zibilə saldılar məni bu qurumsaqlar!”

Ağır düşüncələrdən ayrılıb ayağa qalxdı, kabinetinə bitişik dincəlmək üçün olan kiçik otağa keçib əl-üzünə su vurdu, qurulandı, sonra soyuducudan butulkanı çıxarıb yaxındakı bardağa su töküb acgözlüklə başına çəkdi. Bir azdan geri qayıtdı, yerinə keçıb oturdu, stolunun siyirməsindən bir dəftərçə çıxarıb vərəqlədi, axtardığını tapıb, dəftərçəni açıb önünə qoydu. Uzun sürən səssizliyi prokurorun artıq yumşalmış, bir az da yorğunluq duyulan səsi pozdu:

-Müəllim, kənddə işıqlarınız yanır?

-Yanmasa ondan yaxşıdır, axşam saat doqquzdan onikiyə kimi, səhərlər də saat altıdan doqquza kimi yanır, xalqın gözünün odunu almısınız-almısınız, barı qaranlıq ocaqa qoymayın.

-Müəllim, bu il iyul ayının 29-da, bazar günü, sizin kənddə Müsavatçı Tahirin qardaşının toyu oldu, eləmi?

-Mən biləsi, iyul ayının sonlarında Tahir bəyin qardaşının toyu oldu, ancaq günü yadımda qalmayıb.

-Toy günü kəndinizdə işıq yanırdımı?

-Yadıma gələni, toydan bir gün qabaq, toy günü, bir də toydan iki gün sonra işiqlarımız yerli-dibli yanmadı.

-Bilmirsən niyə?

-Nə bilim, zəng elədik İşıq idarəsinə, dedilər, hansısa avadanlıq yanıb, ona görə.

-Avadanlıq-zad yanıb eləməmişdi, biz tapşırmışdıq, o günləri sizə işıq verilməsin. Bilirsiniz niyə?–bizim işimizin bir adı da o Tahir kimilərin işini harda mümkünsə pozmaqdır, harda bacardıqsa badalaq gəlməkdir.

Prokuror sözünə ara verib ayaqa qalxdı, stul çəkib Aydın müəllimlə üz-üzə oturub sözünün ardını gətirdi:

-Müəllim, sən bizim höküməti o cəbhəçilərin uşaq-muşaq höküməti ilə qarışdırma. Onlar ayaqlarının altını qazanları süfrələrinin yuxarı başında oturdurdular. Ölüdən dinc, tərpənməz olanı yoxdur, deyirlər onun da kəfənini boş sarısan birdən yırtıb çıxa bilər. Xalqın gözünün odunu almasan, gördüyündən göz kirəsi istəyir, başından basmasan dikbaşlıq eləyir, ağzını yummasan hərə ağzına gələni danışır, böyük-kiçiklik itir. Sən oxumuş adamsan, gərək belə şeyləri özün anlayasan, mən hər adama belə ürəyimi açmıram, ancaq deməyim odur, biləsən kiminlə üz-üzəsən, kiminlə baş-başa qoyursan, ayaq-ayağa verirsən.

Bu yerdə Aydın müəllim dözməyib dilə gəldi:

-Sənin bu dediklərin mənim üçün yenilik deyil, ancaq mənim bu dediklərimi də yadında saxla, tanrı ömrünə qıymasın, vaxtı çatanda görəcəksən, sizin axırınız pis, özü də çox pis qurtaracaq. Deyim niyə?–arxası xalqa bağlı olmayan hökümətlərin heç birinin sonu yaxşı qurtarmayıb—sizin arxanız xalqa bağlı deyil; xalqın ərki yetməyən, xalqın ürək qızdırmadığı hakimiyyət uzun sürə bilməz, xalqın çaşqınlığı, yanlışa qapıldığı dönəmlər ola bilər, ancaq o elə xalq olduğu üçün də bunları adlaya bilir. Mənə inanmaya bilərsiniz, açın tarix kitablarını oxuyun! Qaldı, xalqdan oğurladıqlarınıza, onu da dincliklə yeyə bilməyəcəksiniz, elə indidən görünür, bir dənə məktuba görə dəymisiniz bir-birinizə.

Prokuror danışığın onun istəmədiyi səmtə yönəldiyini görüb sözü dəyişdi:

-Aydın müəllim, gəl belə danışaq, deyə bilərsən, o məktubun altında mənim qolum yoxdur, mənim xəttimlə yazılmayıb. Mən sənin Bakıdan qəzet gətirməyindən tutmuş, o məktubun necə yazılıb, necə yola salınmağına kimi nə var olduğu kimi bilirəm. Gecə keçir, gəl sözü uzatmayaq, mənə yaxşı-yaxşı qulaq as, gör nə deyirəm. Ola bilsin, haçansa elə sən deyən kimi də olacaq, ancaq sən anlamalısan ki, bu gün biz güclüyük, ha çalış-çabala, onsuz da biz üstün gələcəyik. Belə lap açığı, bir ətək pul verib bu vəzifəni almışam, mən burada o verdiyim pulumu da çıxarmalıyam, yuxarıların aylıq payını da göndərməliyəm, gələcəyim, qaragünüm üçün də nəsə yığmalıyam, bu dünyanı düzəltmək tək mənə qalmayıb ki, hamı necə, mən də elə. Mən hər şeyi yerli-yataqlı götür-qoy eləmişəm, nə sənə ailə-uşağını başsız qoyub qazamata girmək əl verməz, nə mənə sənə görə işimi itirmək. Açığını deyim ki, o məktubla bağlı sorğuya srağagün necə lazımsa cavab yazıb göndərmişəm. Səndən gizlətməyəcəyəm, yazmışam ki, bu məktubda qoyulan qollar hamısı saxtadır, bunu Bayramlı Aydın Dadaş oğlu adında başı çatmayan birisi yazıb, dəlixanadan da sənin adına bir arayış alıb qoşmuşam ki, ağıl çatışmazlığın var. Bir də son sözümə qulaq as, Yol İdarəsinə tapşırmışam, sizin yolun bütün çala-çökəyini çınqıl töküb hamarlasınlar.

- 12 milyon manata o yola qızıldan demirəm, gümüşdən əl qalınlığında üz çəkmək olardı!

-Müəllim, görürəm sən düzələn adama oxşamırsan, onu bil ki, o yola görə yuxarıya bir də məktub getsə, özünü dəlixanada bil! Bu dünyanı sən düzəldəsi deyilsən, get başını aşağı sal, müəllimliyini elə.

-Müəllimliyimi onsuz da eləyirəm, bundan sonra dəlilik də eləyə bilərəmmi?

Prokuror ayağa qalxıb əli ilə qapını göstərdi:

-Get, müəllim, get, oğul-uşağını bir yana çıxart, yazıqsan...

3-10 aprel 2010-cu il

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG