Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:13

Şair ev dustaqlığına buraxılmadı


Saday Şəkərli
Saday Şəkərli

-

Yanvarın 29-da Binəqədi Rayon Məhkəməsində şair Saday Şəkərlinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında şair özü də iştirak edib. Vəsatət təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna Saday Şəkərlinin vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmədə Saday Şəkərli bildirib ki, onun ev dustaqlığına buraxılması istintaqın gedişinə heç bir mənfi təsir göstərməyəcək. Şair həmçinin ona qarşı irəli sürülmüş hədə-qorxu ilə tələbetmə ittihamının absurd olduğunu vurğulayıb.

«Mən şair, yaradıcı adamam, mənim üçün bu vəziyyətdə qalmaq çətindir...», - deyə Saday Şəkərli bildirib.

Bəhruz Bayramov deyir ki, müvəkkilinin səhhətində də ciddi problemlər var: «Şəkərli diabet xəstəsidir, ürəyində də problemlər var. Təcridxanada saxlanma şəraitindən şikayəti yoxdur. Amma bir yaradıcı insan kimi, baş verənlər onu sıxır».

Vəkil qeyd edib ki, Saday Şəkərlinin həbsdən buraxılması üçün bir müddət sonra yenidən vəsatət qaldıracaqlar.

Saday Şəkərli dekabrın 23-də həbs olunub. Ona qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumatda bildirilir ki, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Amma Saday Şəkərli özü barəsində həbs-qətimkan tədbiri seçilərkən məhkəmədə siyasi sifarişlə həbs olunduğunu deyib. Yaxınları da bildirir ki, şair saxlanılandan dərhal sonra onların evində axtarış aparılarkən onun bir gün əvvəl təqdim olunmuş və tənqidi məzmunda olan «Qurd ürəyi» kitabının bütün nüsxələri götürülüb.

XS
SM
MD
LG