Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:54

-

Ölkə prezidenti İlham Əliyev məmurların xarici avtomobildən istifadəsini tənqid edəndən sonra «NAZ-Lifan» almaq istəyənlərin sayı artıb. Bunu Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev modern.az saytına deyib.

Bildirib ki, onlaryanvarın 27-də Çinə məktub göndərərək, qiymət siyasətinə yenidən baxmağı təklif ediblər: «Bildirmişik ki, dövlət bizim avtomobillərlə maraqlanır. Biz elə təklif verməliyik ki, tələbata uyğun olsun, arzusunda olan hər bir adam bizim avtomobilləri sürə bilsin».

Naxçıvan Avtomobil Zavodu son 3 il ərzində 3 min 200 avtomobil yığıb. Satış həcmi isə 2 min 850 avtomobil olub. Bunu Naxçıvan Avtomobil Zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, zavod hazırda Çinin «Lifan» şirkəti ilə əməkdaşlıq edir: «Hazırda digər avtomobil sahəsində çalışan müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir», - deyə o bildirib.

«GƏLƏCƏKDƏ BƏZİ HİSSƏLƏR AZƏRBAYCANDA İSTEHSAL EDİLƏ BİLƏR»

Məqsəd Rəhimov söyləyir ki, 50-yə qədər işçinin çalışdığı Naxçıvan Avtomobil Zavodunda avtomobillərin şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir: «Gələcəkdə şassilərin üzərinə quraşdırılan bəzi hissələrin müəssisəmizdə və Azərbaycanın digər müəssisələrində istehsal olunması nəzərdə tutulur».

SİFARİŞÇİ HƏLƏ Kİ, ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİDİR

2010-cu ildən bir neçə modeldə maşın buraxan Naxçıvan Avtomobil Zavodu yalnız yerli bazara işləyir. Qiyməti 10 min -35 min arası olan avtomobillərə indiyədək dövlət sifarişi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib: «Əgər yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilə qədər yüksəldə bilər», - Məqsəd Rəhimov əlavə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə dövlət hesabına maşın verir və bir neçə ildir ki, bu avtomobillər «NAZ-Lifan»dan alınır.

Gəncə Avtomobil Zavodu

Gəncə Avtomobil Zavodu

«MÜƏSSİSƏMİZ HƏM DƏ DETAL İSTEHSAL EDİR»

Gəncə Avtomobil Zavodu isə son 3 il ərzində 2 min 959 MTZ traktoru, 925 yük avtomobili, 2 mindən çox asma avadanlıq istehsal edib. Müəssisədən AzadlıqRadiosuna bildirirlər ki, son üç ildə müəssisənin satış həcmi 200 milyon manat civarında olub. Zavodun müştəriləri arasında «Aqrolizinq» də var. Bundan başqa, yenicə Gürcüstanla 7 traktorun alış-satışı üzrə müqavilə bağlanıb.

Gəncə Avtomobil Zavodunda da maşınların şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir.

«Şassilərin üzərinə quraşdırılan bütün xüsusi avadanlıqlar isə müəssisəmizdə istehsal olunur. Traktorların isə 17 faizlik hissəsi zavodda hazırlanır», - qurumdan verilən açıqlamada bildirilir.

İSTEHSAL ARTIRILA BİLƏR

537 adamın çalışdığı Gəncə Avtomobil Zavodu Belarusun Minsk, Rusiyanın Kama və Ural avtomobil zavodları, Almaniyanın «Haller», Türkiyənin 5 şirkəti ilə əməkdaşlıq edir: «Hazırda digər müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir», - açıqlamada deyilir.

Gəncə Avtomobil Zavodunda istehsal olunan məhsulların qiyməti çeşidinə uyğun dəyişir: MTZ markalı traktorlar 20 min – 40 min manat , yük avtomobilləri 35 min – 200 min manat arasındadır.

Natiq Cəfərli

Natiq Cəfərli

Əgər yerli tələbat güclənsə, Gəncə Avtomobil Zavodu traktor istehsalını ayda 120 ədəddən 200 ədədə, yük avtomobillərinin buraxılışını isə 30 ədəddən 100-ə qədər yüksəldə bilər.

«MAŞINQAYIRMANIN SƏNAYENİN APARICI QOLU OLMASI İNANDIRICI DEYİL»

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycan sənayesində maşınqayırma cüzi yer tutur:

«Yığılan maşın və traktorların həcmi çox azdır, əsasən, «vintaçan» yığılmasıdır, yəni detallar hazır gəlir, burda yığılır. Bu sahədə dünyada ciddi rəqabət var, ona görə də həcmi və yerli detal istehsalının azlığını nəzərə alsaq, yaxın illərdə bu sahənin aparıcı olması ehtimalı azdır».

Müsahibimiz vurğulayır ki, Azərbaycanda maşınqayırma sənayesində gözədəyən göstəricilərə nail olmaq üçün avtomobil hissələrinin azı 40-45 faizi ölkədə istehsal edilməli, rəqabətli, keyfiyyətli olmalıdır.

«SADƏCƏ YIĞIM SEXİDİRLƏR»

«Azərbaycan markası altında buraxılan avtomobillər yerli istehsal deyil», - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyir. Onun sözlərinə görə, nə Şamaxıda yığılan «AzSamand», nə də «NAZ-Lifan»ın hissələri Azərbaycanda istehsal olunmur, başqa ölkələrdən gətirilib yığılır:

Azər Mehtiyev

Azər Mehtiyev

«Sadəcə, yığım sexi funksiyasını icra edirlər. Əgər yerli mal alıb xeyri də vətənə vermək istəyiriksə, rəqabət mühiti formalaşdırılmalı və yerli məhsulların satılmasına üstünlük verilməlidir».

İqtisadçı bildirir ki, ən müxtəlif xəstəxanalarda, hərbi hissələrdə lazım olan vəsaitlərin yerli istehsal hesabına ödənilməsinə şərait yaradılmalıdır: «Ancaq bu, sağlam rəqabətə söykənməlidir. Xatırlayın, Bakıda məktəb formalarının tikilməsi yalnız bir tikiş fabrikinə tapşırılır. Bu, açıq-aydın qanun pozuntusudur2.

«TENDER QAYDALARI POZULA BİLƏR»

Azər Mehtiyev onu da xatırladır ki, ölkədə avtomobil istehsalında rəqabət olmadığı üçün dövlət alqı-satqısı zamanı gözlənməli olan tender qaydaları pozula bilər. Ekspert deyir ki, hökumət məmurlara «yerli maşın al» deməkdənsə, xidməti avtomobillərin qiymətində limit tətbiq etməlidir:

«Hökumətin başlıca qayğısı büdcə pullarını qənaətlə istifadə etmək və alternativ seçim zamanı yerli məhsula üstünlük vermək olmalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG