Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:26

Volter. Fransız alimlə ingilis alimin fərqi


Voltaire
Voltaire

-

"Onun ən böyük xoşbəxtliyi azad bir ölkədə doğulması idi, onun bir xoşbəxtliyi də düşüncə azadlığının yağısı olan sxolast fəlsəfənin İngiltərə ictimai fikrindən qovulması idi, burada yalnız ağıla əsaslanan mühakimələrə üstünlük verilirdi və yaşadığı bu dünya onunla yağılıq eləmir, ona müəllimlik eləyirdi."

Niyə Nyuton Dekartdan daha məşhurdur? Bu, ədalətsizlikdirmi və bu işdə onların milli mənsubiyyətinin də rolu varmı?

VOLTER

"FƏLSƏFİ MƏKTUBLAR" əsərindən bir parça

14-cü məktub

Dekart və Nyuton haqqında

Voltaire
Voltaire

Londona gələn fransız, başqa şeylərdə olduğu kimi, burada fəlsəfənin də çox böyük dəyişikliyə uğradığını görür. O, öz ölkəsində dolu bir dünyadan çıxıb gəlmişdir, buradakı dünya isə boşluqdan ibarətdir;

Parisdə dünyanın incə materiyanın burulğanından yarandığını sanırlar, Londonda isə belə baxışlara inanmırlar; bizdə Ayın təzyiqi dənizin qabarma-çəkilmələrini doğurur, ingilislədə isə, tərsinə, dənizin Ayın cazibəsinə uğraması qabarma-çəkilmələrini törədir; iş gəlib o yerə çıxır, fransız olan siz Ayın qabartma yaratdığını düşünürsünüz, ancaq bu cənablar bunun çəkilmə olduğunu deyirlər və bədbəxtçilikdən bunları sınaq yolu ilə yoxlamaq da mümkünsüzdür, bu konuya aydınlıq gətirmək üçün Ayın və dənizin onların yarandığı ilk andan başlayaraq araşdırılması zəruridir.

Üstəlik, Fransada günəş dəniz qabarma-çəkilmələrində heç bir rol oynamadığı halda burada o, bu işin gedişində dörddənbirə qədər rol oynamaqdadır;

bizim karteziançı monaxların düşüncəsinə əsaslanan elmi baxışlara görə, kainatdakı olaylar qavranılması mümkün olmayan impulsların köməyi ilə baş verir, cənab Nyuton isə bu olayların törədicisinin səbəbi bəlli olmayan cazibə qüvvəsinin vasitəsi ilə baş verdiyini deyir; Parisdə siz Yeri yumru yemiş kimi təsəvvür eləyirsiniz, Londonda o qütblərdən basıq olan yumru yemişə oxşayır.

Karteziançı alimlərin düşüncəsinə görə, işıq havaya qarışaraq onun vasitəsilə yayılır, ancaq nyutonçulara görə, o, Günəşdən ayrılaraq altı dəqiqə yarım müddətinə gəlib Yer üzünə çatır.

Bizim kimya elmi, turşular, qələvilər və incə materiya ilə oyun oynayır; ingilislərin isə, kimyasında da cazibə qüvvəsi ağalıq eləyir.

Burada sizin yaxşı tanıdığınız bütün şeylərin mahiyyəti dəyişir: siz burada ruhun və materiyanın nə demək olduğu ilə bağlı düşüncələrlə razılaşmırsınız.

Dekart bizi, ruhla düşüncənin eyni olduğuna inandırır, ingilis Lokk isə bunun əksini inandırıcı bir şəkildə sübut eləyir. Dekart bizi materiyanı yalnız onun uzunluğu ilə bağlı ölçülərinin yaratdığını deyir, Nyuton buraya sıxlığı da artırır.

Beləliklə də, kəskin bir qarşıdurmaya yol açılır! Non nostrum inter vos tantas componere lites(latıncadır: Biz sizn aranızdakı bu fikir ayrılığını barışdıracaq gücdə deyilik.)

Isaac Newton
Isaac Newton

Bizdə yaranan, elmin karteziançı sistemini darmadağın eləyən bu adlı-sanlı Nyuton, ötən il, 1727-ci ilin martında ölmüşdür. O, öz yurddaşlarının böyük sayğı duyduqları adlı-sanlı bir insan olaraq yaşamışdır, öləndə isə, öz xeyirxahlığı ilə təbəələrinin sevimlisinə çevrilmiş bir kral sayağı dəfn olunmuşdur.

Burada Fransa Akademiyasında cənab Fontenelin oxuduğu, “Nyutonun öyülməsi” yazısını ingilis dilinə çevirmişlər və oxumuş insanlar bu əsəri acgözlüklə oxumuşdular.

İngiltərədə cənab Fontenelin bu yazısında ingilis fəlsəfəsinin üstünlüyünün etiraf olunması bəyannaməsini görəcəklərini sanırdılar: ancaq bu yazıda onun Nyutonu Dekartla yanaşı qoyub tutuşdurduğunu görəndə Londonun Kral Cəmiyyəti narazı qalmışdı.

Onun bu çıxışını kəskin tənqid elədilər, irəli sürdüyü mülahizələrlə əsla razılaşmadılar və onlardan çoxu(bunlar ingilis toplumunda heç də ən yaxşı filosoflar sayılmırlar) bu tutuşdurmadan yalnız Dekartın fransız olmasına görə narazı qalmışdılar.

Bu iki böyük şəxsiyyətin öz davranışlarına, talelərinə və fəlsəfələrinə görə çox bərk fərqləndiyi göz qabağındadır.

Rene Dekart
Rene Dekart

Dekart anadangəlmə olan çox güclü və canlı təxəyyüllə doğulmuşdu, buna görə də o öz şəxsi həyatında da, mühakimə metodlarında da, olduqca seçkin bir insan ola bilmişdi: onun bu güclü təxəyyülü, hətta fəlsəfi əsərlərinə də sirayət eləyə bilmişdi və burada addımbaşı çox gözəl tapıntılar və tutuşdurmalarla qarşılaşırsan; təbiət onu bir şair olaraq yaratmışdı və o, haçansa İsveç kraliçası üçün şeirlə əyləncəli bir opera da yazmışdı, ancaq onun xatirəsinə sayğı duyanlar bu əsəri çap elətdirməyi məqsədəuyğun saymamışdılar.

Bir arada o, özünə hərbçi karyerası qurmaq da istəmişdi, sonradan birdəfəlik filosof olmaq yolunu tutmuş və fəlsəfə ilə məşğul olduğu bütün çağlarda da, özünü qadınlarla sevgi əyləncələrinə qatılmaqdan çəkindirməmişdi.

Bir məşuqəsindən onun Fransina adında qızı da doğulmuşdu, sonradan bu qız kiçik yaşlarında ölmüşdü və onun bu faciəli ölümü Dekartı bərk sarsıtmış, o, uzun müddət yasa batıb qalmışdı; beləliklə də o, insan üçün təbii olan nə varsa hamısını özü, birbaşa sınaqdan keçirmişdi.

O, çox uzun müddət, fəlsəfə ilə müstəqil məşğul ola bilmək üçün insanlardan və ən çox da öz doğma yurdundan uzaq gəzməyi düşünmüşdü. Bu düşüncəsində o, haqlı idi, onun çağdaşları elmdən çox uzaq olduqlarından, onlarla ünsiyyət Dekarta heç nə verə bilməzdi, əksinə, ona maneçilik törədərdi.

O, axtardığı həqiqətləri tapmaq üçün Fransanı atıb, özünün qapıldığı sxolast fəlsəfi baxışlarını aydınlaşdıra bilmək və bu yöndə bilik qazanmaq üçün, Hollandiyaya üz tutdu, ancaq buranın universitetlərində də öz ağlını dərinləşdirə biləcək heç bir bilgi olmadığını gördü;

Fransada onun fəlsəfəsinin yeganə doğru olan tezisini mühakimə eləyib ona qarşı hay-küy qaldıranda, onun təlimini heç də fransızlardan yaxşı anlamayan qondarma holland filosofları da Dekartı izləyib sıxışdırmağa başladılar; bu insanın istedadı ilə qazandığı böyük ad-sanını gözləri götürməyən bu filosoflar ona burada yaşamağa imkan vermədilər.

Onu ateizmdə ittiham eləməyə başladılar(bu, yalançıların qara yaxmaq üçün əl atdıqları sonuncu vasitədir) və o yaşadığı Utrextdən çıxıb getməli oldu, ən maraqlısı isə, o, çox böyük enerjisini və istedadını Tanrının varlığını sübut eləməyə sərf eləmişdi və onun bu yöndə irəli sürdüyü mühakimələri bitib tükənməyə başlayanda, onun tanrını danmağa başladığından şübhələnməyə başlamışdılar.

Böyük şəxsiyyətlərin sıxışdırılması və izlənməsi çox vaxt onlara böyük ad-san qazandırır: bunların ikisi də Dekartın başına gəlmişdi.

Onun böyüklüyü, azacıq da olsa, sxolastların da, mövumatçı xalqın da, ağlına bata bilmişdi: ona görə də Dekartın ad-sanı sonunda çox böyük hay-küyə səbəb olmuşdu, bundan sonra isə ona acıyıb mükafat qarşılığında Fransaya qayıtmağı təklif eləmişdilər; ona min ekyü pensiya kəsmişdilər.

Deyilənlərə inanan Dekart vətənə qayıtmış, ölkəni tərk etməsinə görə kəsilən cəriməni ödəmişdi, ancaq ona təqaüd vermədiklərindən, yenidən Quzey Hollandiyaya qayıdıb orada, yalqızlıq içində, filosofluğunu davam elətdirməyə başlamışdı, elə bu çağlarda Yerin fırlandığını sübut elədiyi üçün 80 yaşlı qoca Qaliley də, inkvizisiya qazamatında əzab çəkməkdə idi.

Dekart Stokholmda, iyrənc rejimin onu gətirib çıxardığı vaxtsız bir ölümlə dünyadan köçdü, onun ölüm yatağının ətrafında Dekartı görməyə gözü olmayan bir neçə alim, bir də bu böyük filosofa nifrət eləyən həkimdən başqa kimsə yox idi.

Ser Nyutonun ömür yolu büsbütün başqa cür olmuşdu. O, dinclik və toxtaqlıq içində, öz vətənindən böyük sayğılar görərək səksən beş il ömür sürmüşdü.

Onun ən böyük xoşbəxtliyi azad bir ölkədə doğulması idi, onun bir xoşbəxtliyi də, düşüncə azadlığının yağısı olan sxolast fəlsəfənin İngiltərə ictimai fikrindən qovulması idi, burada yalnız ağıla əsaslanan mühakimələrə üstünlük verilirdi və yaşadığı bu dünya onunla yağılıq eləmir, ona müəllimlik eləyirdi.

Bu filosoflarla bağlı İngiltərədə oturuşmuş belə bir düşüncə vardır: Dekart xəyalpərəst, Nyuton isə müdrik olmuşdur.

Onu Dekartdan kəskin fərqləndirən bir özəlliyi də, uzun bir ömür sürsə də heç vaxt, düşkünlüklərə və ehtiraslara qapılmaması idi; o, ömründə bir dəfə də olsun heç bir qadınla yaxınlıq eləməmişdi: onun şəxsi həkimi olan və ölüm ayağında onun keşiyini çəkmiş həkim cərrah məni buna inandırmışdı.

Nyutonun bu özəlliklərinə vurğunluqla baxmağa dəyər, ancaq Dekartı da öz yaşamına görə qınamağa dəyməz.

Bu filosoflarla bağlı İngiltərədə oturuşmuş belə bir düşüncə vardır: Dekart xəyalpərəst, Nyuton isə müdrik olmuşdur.

Charles Dickens. "İki şəhərin hekayəti" kitabının üz qabığı
Charles Dickens. "İki şəhərin hekayəti" kitabının üz qabığı

Londonda Dekartın indi yararlığını itirmiş əsərlərini çox az adam oxuyur, ancaq Nyutonun da əsərlərini olduqca az adam oxuyur, axı onu başa düşmək üçün çox böyük bilik yiyəsi olmaq gərəkdir; ancaq bütün dünya onun haqqında danışır.

Fransız filosofuna layiq olduğu sayğını göstərmirlər, ancaq ingilis filosofu yetərincə öyülür və sayğılanır.

Bir sıra insanların düşüncəsinə görə, onlar indi kainatın boşluğundan qorxmurlarsa, havanın çəkisinin olduğunu bilirlərsə və böyüdücü şüşələrdən yararlanırlarsa, bütün bunlara görə Nyutona borcludurlar.

O, mifik qəhrəman olan Herakla çevrilmişdir və adamlar biliksizlik ucbatından bütün başqa qəhrəmanların elədiklərini də onun adına çıxırlar.

Cənab Fontenelin çıxışını Londonda tənqid eləməyə başlayan adamların düşüncəsinə görə, Dekart heç də böyük həndəsəçi olmamışdır. Onların bu davranışı öz süd anasını döyən uşağın işinə bənzəyir.

Dekart handəsə üzrə çalışmalarına başlayandan sonra, bu elmi dayandığı yerdən qoparıb çox-çox uzaqlaradək apara bilmişdi və burada Nyutonu yalnız onun ardıcılı, arxasınca düşüb gedən bir yolçu saymaq olar:

Dekartın elmdə ilk dəfə həndəsi əyrilərin riyazi formullarını tapması inqilabi bir olay idi.

Onun çalışmaları sayəsində indi böyük çoxluq üçün anlaşılan həndəsə ilə bağlı biliklər çox dərinləşmişdi və o çağlar Hollandiyada Sxooteni, Fransada Fermanı çıxmaqla, yerdə qalan riyaziyyat professorlarından heç biri onun ortaya çıxardığı yeni bilikləri analayacaq səviyyədə deyildilər və onlara yozum verməyə də ürək eləmirdilər.

İllüstrasiya
İllüstrasiya

O, həndəsinin ruhuna işığın sınması ilə bağlı olaylardan götürdüyü yenilikləri gətirə bilmişdi və yaratdığı bu yeni metoddan çox böyük ustalıqla yararlanmağı da bacarmışdı, bu yöndəki çalışmalarında onun hansısa yanlışı vardırsa da, bu da yalnız elmdə yeni üfüqlər açan birisinin yeni mühitin özəlliklərini sonadək qavraya bilməməsindən doğurdu; həndəsədə ondan sonra kimsə nə isə eləyibsə, bunlara görə, Dekartın bu yeniliklərinə borcludur.

Ancaq mən cənab Dekartın həndəsədən qıraqda olan çalışmalarında çoxlu yanlışlarının olduğunu danmaq düşüncəsindən də uzağam.

Həndəsə onun üçün bələdçi ulduz rolunu oynamışdı və bu ulduzu demək olar o özü yaratmışdı, habelə, bu bələdçi onu fizika ilə bağlı çalışmalarında doğru istiqamətə yönəldə bilmişdi; ancaq sonradan o, bu bələdçi ulduzun göstərdiyi yolu buraxıb sistemlilik deyilən bir yanlışlığa qapılmışdı; bu andan başlayaraq onun fəlsəfəsi yalnız biliksiz adamlar üçün cəlbedici olan bir romana çevrilmişdi.

O, ruhun təbiəti ilə, Tanrının varlığı ilə, materiya və hərəkətin qanunları ilə bağlı mühakimələrində və sübutlarında, qismən də işığın təbiəti ilə bağlı mülahizələrində yanılırdı; o anadangəlmə ideyaların varlığını mümkün sayırdı, özündən yeni elementlər yaradır, dünyanı öz istəyincə yaradır, insanı öz bildiyi kimi formalaşdırırdı, elə buna görə də haqlı olaraq deyirlər:

Dekartın insanı əslində gerçək insandan çox uzaq olan, yalnız onun yaratdığı bir insandır.

O özünün metafizik yanlışlarında çox uzaqlara gedib çıxır və ikinin üstünə iki gələndə dörd alınmasının da, yalnız tanrının bunu belə istəməsənə görə olduğunu deməyədək gəlib çıxır.

Ancaq heç də şişirtmədən bunu da demək olar: o, yanılmalarında da, sayğı göstərilməyə layiqdir; o, yanılır, ancaq bu yanılmaların arxasında onun öz metodu və ruhunun ardıcıllığı dayanır; o, iki min ildən artıq bir dövrdə gənclərin beyninə yeridilən anlamsız və gülünc xəyalları darmadağın eləmişdi; o, öz çağdaşlarını mühakimə yürütməyi öyrətmişdi və hətta, onlara verdiyi bu silahın özünə qarşı yönəlməsinə də hazır olmuşdu; o dəyərini itirməyə başlamış pulla ödəniş eləsə də, bununla saxta pulların dövriyyədən çıxmasına yol açmışdı.

Mənə elə gəlir, Nyutonun fəlsəfəsi ilə onun fəlsəfəsini tutuşdurub Dekartın gördüyü işləri heç saymağa ürək eləyən birisi çətin tapılar; onun fəlsəfəsi yeni yol açmaq üçün sınaq, Nyutonun fəlsəfəsi isə bu yeni yolda yaranan şedevr idi; ancaq kimsə bizi doğru yola yönəltmişsə, o, özündən sonra bu yolun apardığı məqsədi tapa bilən kimsədən heç də əskik sayıla bilməz.

Dekart korlara görmək qabiliyyəti verdi və onlar antik biliklərin də, habelə, onun özünün də, yanlışlarını görə biləcək qədər iti bir baxış yiyəsi ola bildilər. Onun açdığı yol, özündən sonra qurtarmadı, sonsuzluğa sarı uzanıb getməyə başladı.

Dekarta qədər Roqo adlı bir alimin kiçik bir kitabçası fizikanı öyrənmək üçün bütövlükdə yetərli sayılırdı; indi isə Avropanın bütün elmlər akademiyalarının bu yöndə yazılan qalın-qalın əsərləri fizikanın sistemləşdirilməsi üçün yetərli sayılmır; Dekart bu elmi sonsuzluğa gedən yola yönəldə bilmişdi.

Rus dilindən Araz Gündüz çevirib

AzadlıqRadiosunda iş imkanı

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG