Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55

-

Dollarla kredit götürənlərin güzəşt gözləntisi özünü doğrultmadı. Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov hökumət komandasının ortaq mövqeyindən söz açarkən, belə güzəştin maliyyə intizamını poza biləcəyini söylədi. Bu sözlər «güzəşt olmayacaq!» anlamına gəlir.

«DAHA ÖNCƏ «GÜZƏŞT OLA BİLƏR» DEMİŞDİ...»

Manatın 2-ci devalvasiyasından sonradollarla kredit götürənlərə güzəşt məsələsi əsas müzakirə mövzularından birinə çevrilib. Əvvəlcə güzəşti, əsasən, 5 və 10 min dollaradək kredit borcu olanlara şamil etmək təklifi hallanırdı. Daha sonra 5 min dollaradək kredit borcu olanlar gündəmə gəldi. Özəlliklə MB İdarə Heyətinin sədri Elman Rüstəmovun yanvarın 19-da dilə gətirdiyi sözlər borcu 5 min dollaradək olan müştərilərdə ümid oyatdı. Ancaq təkliflərin heç biri doğrulmadı və yenə «baş bankir»in diliylə dollarla kredit sahiblərinə güzəştin maliyyə intizamını pozacağı açıqlandı.

Bəs ekspertlər bu məsələyə necə yanaşırlar?

«KOMPENSASİYA MALİYYƏ İNTİZAMININ QORUNMASINA XİDMƏT EDƏCƏK»

İqtisadçı ekspert Vüqar Bayramov kompensasiya ödənməsini vacib sayır: «Bəyəm kompensasiya mexanizmi işlədən ölkələrdə, məsələn, Qazaxıstanda maliyyə intizamı pozulub? Bir həftədə 3 bankın lisenziyasını ləğv edən MB üçün bankların müflisləşməsi və əmanətlərin geri çəkilməsi maliyyə intizamının pozulması deyil? Əksinə, kompensasiyalarla bank borcu olan 2 milyon 500 mindən çox adamın ödəmə qabiliyyətini yaxşılaşdırmaq maliyyə intizamının qorunmasına xidmət edəcək».

Ekspertin fikrincə, kompensasiya mexanizmindən imtina problemli kreditlərin həcmini artıracaq: «Bu, maliyyə intizamının pozulmasıdır. MB krediti dollarla kredit götürənlərə kompensasiya verilməsi barədə müzakirələri davam etdirməli və kompensasiya mexanizmindən yararlanmalıdır».

«MƏRKƏZİ BANK ƏHALİNİN XEYRİNƏ HEÇ BİR FƏALİYYƏTDƏ MARAQLI DEYİL»

Ekspert Nicat Hacızadə də güzəştlərin maliyyə intizamını pozacağını düşünmür: «Bu praktika maliyyə pozuntusuna yol açacaqdısa, niyə heç bir ölkədə müşahidə olunmayıb. Nümunə - Qazaxıstandır».

Ekspert dünyanın bir sıra mərkəzi banklarının əhalinin kreditlərini qismən və ya tam şəkildə bağışlayıb-qapatmaq təcrübəsinə diqqət çəkir: «Bu təcrübə birbaşa maliyyə intizamının qorunub-sağlamlaşdırılmasına hesablanıb. MB indiyədək istər kredit faizlərinin azaldılması, istərsə ipoteka haqqında qərar verə bilməyib.Bu o deməkdir ki, MB əhalinin xeyrinə heç bir fəaliyyətdə maraqlı deyil».

«MƏRKƏZİ BANK YENƏ BƏZİ ŞƏXSLƏRİN MƏNFƏƏT VƏ MƏNAFEYİNİ FİKİRLƏŞDİ»

Nicat Hacızadə baş bankın addımını belə səciyyələndirir: «MB yenə bəzi şəxslərin mənfəət və mənafeyini fikirləşdi və yenə aztəminatlıları, ödəniş qabiliyyəti yetərsiz olanları dəstəkləmədi. Belə tənzimləmə ilə bank sektorunda hələ uzun illər nə kredit faizlərinin aşağı salınmasını, nə də ipotekada irəliləyişi görəcəyik. Problemli kreditlər də aramsız artacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG