Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

-

Bu suala cavab axtaran «Bizim Yol» qəzeti yazır ki, Maliyyə Nazirliyi ildə maksimum 12 faiz qazanc təklif edir, inflyasiya gözləntisi isə 20 faiz civarındadır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov qəzetə bildirib ki, istiqrazlara maraq istənilən səviyyədə olmaya bilər: «Maliyyə Nazirliyi həm manat, həm də xarici valyutaların cəlbi üçün iki növ (dollar və manat) istiqraz buraxmaq fikrindədir. Nazir bildirib ki, xüsusilə manatla olan istiqrazları stimullaşdırmaq məqsədilə daha yüksək faiz müəyyənləşdirəcəklər, inflyasiya faizindən yuxarı olacaq. Lakin İqtisadiyyat Nazirliyinin son təhlillərindən aydın olur ki, hökumət 2016-cı il üçün 10-12 faiz arasında inflyasiya gözləyir. Əlbəttə, bu, hökumətin gözləntisidir. Amma 2016-ci ildə ölkədə istehlak qiymətlərində 20 faizdən artıq bahalaşma olacaq. Bu prizmadan yanaşdıqda, Maliyyə Nazirliyinin 12 faizlik istiqraz təklif etməsi diqqəti cəlb etməyəcək və marağın az olmasına gətirib çıxaracaq».

İSTİQRAZLAR YASTIQ ALTINDAKI PULLARI ÜZƏ ÇIXARACAQMI?

«Yeni Müsavat» qəzeti də istiqraz məsələsinə öz səhifələrində yer ayırıb, vətəndaşların pullarını istiqraza qoyub-qoymayacaqlarını araşdırıb.

İqtisadçı ekspert Azər Mehtiyev «Yeni Müsavat»a açıqlamasında istiqrazların dövriyyəyə buraxılması təklifini müsbət qiymətləndirsə də, bunun yetərli olmadığını qeyd etdi: «Maliyyə naziri həm valyuta bazarında, həm ölkə iqtisadiyyatında yaranmış vəziyyətin aradan qaldırılması üçün atılacaq addımlardan danışdı. Xüsusilə də valyuta bazarında baş verən proseslərin tənzimlənməsi ilə bağlı fikirlər səsləndirdi.Bildirildi ki, Maliyyə Nazirliyi istiqrazlar buraxmağa hazırlaşır, həm manat, həm dollar istiqrazları dövriyyəyə buraxılacaq, bununla da əhalinin əlində olan pulların dövriyyəyə qaytarılmasına çalışacaqlar. Bu doğru addımdır. Çünki həqiqətən də son zamanlar yaranmış qeyri-müəyyən mühitdə insanlar əllərində olan cüzi vəsaiti də dollara çevirməklə gözləmə mövqeyi tutublar. Bu vəziyyət iqtisadiyyat üçün ağrılı bir proses ola bilər. Getdikcə əhali ilə hökumət arasında münasibətlərin korlanmasına, etimadsızlığa gətirib çıxarar. Ölkədə iqtisadi aktivliyin artırılması baxımından ən müxtəlif addımlar atılmalıdır. Məsələn, əmanətlərin məbləğinin tam sığortalanması, dollar və ya manatla ola biləcək istiqrazların satılması vəsaitlərin dövriyyəyə cəlb olunmasını nəzərdə tutur. Banklarda kredit faizlərinin aşağı salınması, xüsusilə işgüzar insanlara aşağı faizlərlə güzəştli kreditlərin verilməsi və sair mexanizmlər tətbiq edilməlidir ki, ölkədə iqtisadi canlanma baş verə bilsin».

Bakıda qar

Bakıda qar

«AZƏRBAYCANDA ÇOVĞUNLAR ARTIB»

Son 10 ildə Azərbaycanda, xüsusilə Bakıda və Abşeron yarımadasında çovğunların baş verməsi halları və intensivliyi artıb, - «Trend» yazır.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti də artıb: «Çovğunların intensivliyinin və küləyin sürətinin artmasının səbəbi dünyada baş verən iqlim dəyişiklikləri ilə izah edilir. Azərbaycanda çovğunlar daha çox ölkənin şərq hissəsində, yəni Xəzər dənizi sahili boyunca baş verir. Ancaq güclü küləklər ölkənin qərb hissəsində də müşahidə edilir».

İnstitutdan əlavə edilib ki, mütəxəssislər çovğun, güclü külək, qasırğa, intensiv yağış, leysanın Azərbaycan üçün xarakterik olan meyarlarını təyin etməkdən ötrü araşdırmalar aparacaqlar: «İnstitutda bununla bağlı araşdırmaları 2016-2018-ci illər ərzində aparmaq nəzərdə tutulur. Araşdırmalar zamanı həmin təbiət hadisələri Azərbaycan şəraiti, iqlim dəyişmələri nəzərə alınmaqla öyrəniləcək. Azərbaycanın özünün çovğun, güclü külək, qasırğa, intensiv yağış, leysanın baş verməsi ilə bağlı dəqiq meyarları yoxdur. Sovet dövründə SSRİ məkanındakı göstəriciləri əsas götürürdük. Amma o zaman bu göstəricilər Şərqi Avropa düzənliyi nəzərə alınmaqla hesablanırdı. Buna görə də onlar Azərbaycan üçün xarakterik olmurdu. Dünyada da belə hesab edilir ki, saniyədə 25 metrdən çox olan külək çovğun hesab edilir. Çovğun olan zaman güclü küləklə yanaşı, güclü yağış, daha çox isə qar yağır».

Nardaran - 27.11.2015

Nardaran - 27.11.2015

NARDARAN SAKİNLƏRİ ACINACAQLI DURUMDA…

«İnsanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur…»

«Azadlıq» qəzeti yazır ki, bunu Nardaran sakinləri deyir: «Azadlıq»a məktub göndərən yerli sakinlər yazır ki, qəsəbə sakinləri həm maddi, həm də kommunal xidmətlərlə təminat baxımından çox ağır durumdadır:

«Həyətlərdə ağac qalmayıb kəsilib yandırılmasın. Nəinki ağac, artıq insanlar evlərində olan bəzi taxta əşyaları da yandırırlar ki, soyuqdan ölməsinlər. Neçə evin işığı iki aya yaxındır yolda gedən təmirlə əlaqədar yanmır. Neçə evə su gəlmir. İnsanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur. Maddi baxımdan vəziyyət çox çətindir. İnsanlar təkcə çörəyi güclə alırlar. Camaat açıq-aşkar ölümə doğru gedir. Hamı qəm-qüssə içindədir, nə edəcəklərini və dərdlərini kimə deyəcəklərini bilmirlər. Şəhərə gedən marşrutlar əvvəl Ziyarətgahın qarşısına qədər işləyirdi. Camaat işə, uşaqlar da dərsə rahat gedib gəlirdilər. Amma avtobuslar indi Nardaranın girəcəyinə qədər buraxılır. Əhali də məcburdur işə getmək üçün ən azı, iki kilometr yolu bu soyuqda piyada getsin».

NARDARAN MƏKTƏBLİLƏRİ ELMLƏR AKADEMİYASINDA

«Azərbaycan» qəzeti Nardaran məktəblilərinin Azərbaycan Milli Elmlər Akademiyasına səfərindən yazıb.

AzərTAC-ın bu xəbərinə yer verən qəzet yazır ki, səfəri Prezident yanında Bilik Fondu və Milli Elmlər Akademiyası birgə təşkil edib: «Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi bölmələri və institutlarının keçirdiyi sərgi ilə tanış olublar. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında rolu barədə geniş bilgilər verilib.

Sərgi şagirdlərin böyük marağına səbəb olub, onlar alimlərlə ünsiyyət yaradıb, suallarına cavab alıblar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib: «Görüşlərimiz davamlı olacaq. Məktəblərdə, xüsusən Nardaranda fəaliyyət göstərən təhsil ocaqlarında alimlərin ustad dərslərini təşkil etməyi planlaşdırırıq. Bilik Fondunun «Ustad-şəyird» layihəsi var. Bu layihə çərçivəsində şagirdlərdə elmə erkən həvəs oyatmağa çalışırıq». Bilik Fondunun icraçı direktoru məktəbliləri əmin edib ki, belə tədbirlər mütəmadi olaraq keçiriləcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG