Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:39

İntiqam Əliyevin kassasiya şikayətinə baxılır


İntiqam Əliyev
İntiqam Əliyev

-

«İntiqam Əliyevin səhhətində müəyyən problemlər var. Onun üçün bura gəlmək əlavə əziyyətdir. Həm də xahiş elədi nəzərinizə çatdırım ki, məhkəmədən gözləntisi olmadığına görə burada iştirak etmək istəmir» - bunu yanvarın 26-da Ali Məhkəmədə İntiqam Əliyevin kassasiya şikayətinə baxılarkən vəkili Cavad Cavadov dedi.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Cavad Cavadov bildirdi ki, İntiqam Əliyevin işi üzrə istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrindəki proseslər çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub.

CƏZALANDIRMAQ

Vəkil qeyd etdi ki, müdafiə tərəfinin onlarla vəsatəti təmin olunmayıb, təqdim etdiyi sübutlar heç bir əsas olmadan rədd edilib.

«İntiqam Əliyevin həbsi və məhkum edilməsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıyır. İntiqam Əliyev Azərbaycandan Avropa Məhkəməsinə göndərilən 300-dən çox şikayətin müəllifidir. Bunlardan da 50-yə yaxını üzrə hüquqları pozulmuş vətəndaşların xeyrinə qərar çıxarılıb. Həmin qərarların 10-u İntiqam Əliyev həbsdə olduğu dövrdə çıxarılıb. İntiqam Əliyev prinsipial mövqeyinə görə dəfələrlə təltif olunub», - deyə vəkil vurğuladı.

2014-cü ilin yayında Azərbaycanda insan haqlarının müdafiəsilə məşğul olan şəxslərə qarşı basqıların başlandığını və bu basqıların da siyasi məqsəd daşıdığını vurğulayan vəkil xatırlatdı ki, İntiqam Əliyev də həmin vaxt həbs olunub:

"İntiqam Əliyev avqustun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb dindirildi və elə həmin gün rəhbərlik etdiyi Hüquq Maarifçilik Cəmiyyətinin ofisində, yaşadığı evdə axtarış aparıldı. Ofisdəki axtarış zamanı prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozuldu, oradakı sənədlər topa şəklində götürüldü. Halbuki, qanuna görə, axtarış zamanı götürülən hər bir sənəd, əşya barədə ayrı-ayrılıqda məlumatlar protokolda əksini tapmalıdır. Bu qanunsuzluq sonradan İntiqam Əliyevin öz müdafiəsini qurmasına maneə yaratdı".

SİYAHI “GOOGLE”DA TAPILIB, GÜRCÜSTANDA TƏSDİQLƏNİB

Cavad Cavadovun sözlərinə görə, İntiqam Əliyevə qeydiyyatdan keçməyən qrant müqavilələrinə görə qanunsuz sahibkarlıq ittihamı verilsə də, həmin müqavilələrin hamısı əslində, qeydiyyatdan keçmişdi:

"Qrant müqavilələrin qeydiyyatı ilə bağlı siyahı Ədliyyə Nazirliyinin saytında vardı. QHT-lərə basqılar başlayanda nazirlik o məlumatları saytdan sildi. Amma biz "google" vasitəsilə axtarıb o siyahını tapdıq, Gürcüstanda notarial qaydada təsdiqlətdirib məhkəməyə təqdim etdik. Sübut etdik ki, həmin müqavilələrin hamısı qeydiyyatdan keçib. Lakin təəssüf ki, məhkəmə "naməlum notariusda təsdiqlənib" bəhanəsilə bu sübutu qəbul etməkdən imtina etdi".

Məhkəmə kollegiyasına daxil olan hakimlərdən İmran Hacıqayıbov qrant müqavilələrin təsdiqi ilə bağlı sənədin niyə Azərbaycanda yox, Gürcüstanda notarial qaydada təsdiqlənməsi barədə suala Cavad Cavadov belə cavab verdi:

"Azərbaycandakı notariuslar "qrant", "Ədliyyə Nazirliyi" sözlərini görən kimi imtina etdilər. Bəlkə də təsdiqləsəydilər, onların özlərinə problem yarana bilərdi. Çünki notariuslar Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlardır. Üstəlik, biz məhkəmədə dedik ki, heç notariusa da ehtiyac yoxdur, özünüz də "google"da axtarış verib, tapa bilərsiniz".

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG