Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04

Pərvanə Məmmədli: "Nigar xanım, belə deməyə necə diliniz gəlir?"


Pərvanə Məmmədli (AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru)

Pərvanə Məmmədli (AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru)

-

"Nigar xanım, nəsr toplusunda tək sizin yox, daha iki müəllifin də tərcümələri verilib. Toplu ancaq sizin etdiyiniz tərcümələrdən ibarət olsaydı, sözsüz ki, kitabın əvvəlində adınız gedərdi."

"Nigar Xiyavi Xəzər Universitetində yazdığı magistr işində bir çox tələbənin qullandığı üsullardan(!) yararlansa da, göz yummuşdum."

Pərvanə Məmmədli

Nigar xanım Xiyavinin mənə ünvanladığı iradlarına ətraflı cavabım

Buna da bax: Nigar Xiyavi: "Allah xatirinə, bu qədər "o tay, bu tay”, “dil-ədəbiyyat qayğısı” kimi sözlərlə.."

Qulamhüseyn Saidinin əsərləri ötən əsrin 70-ci illərdə rus dilinə tərcümə еdilib. Ümumiyyətlə, bir çox mənbələrdə Q.Saididən bir Azərbaycan türk kimi yox, fars kimi bəhs olunurdu.

Məhz elə bu səbəbdən, Q.Saidinin əsərlərini arayıb, araşdırıb, çeşidli qaynaqlardan oxumağa başladım. Mövzu ilə bağlı ilk yazım Hamid İmanın Kanadada çıxardığı “Azərtürk International” dərgisində (2010, 10) çap olundu. Sonralar isə "Azərbaycan” jurnalı (2011, 11), “Ulduz” jurnalı (2012, 4) və sair dərgilərdə, sosial şəbəkələrdəki yazılarımla Q.Saidini yaxından tanıtmağa çalışdım.

Gholamhossein Saedi

Gholamhossein Saedi

Nəhayət, ədəbiyyatın dürlü-dürlü janrlarında qələmini sınayan, İranda və Azərbaycanda mistik realizmin yaradıcısı olmuş bu istetdadlı yazarı yaxından tanıtmaq üçün əsərlərini bir yerə toplamaq qərarına gəldim.

2011-ci ilin sonunda işlədiyim şöbədə fərdi iş planım kimi Q.Saidinin (farscadan tərcümə olunmuş) əsərlərinin transliterasiyası, redaktəsi və araşdırılmasını təklif etdim və təsdiqini aldım.

Q.Saididən Nigar xanım Xiyavinin tərcümə etdiyi iki, eləcə də Hüseyn Vahidinin üç, Həsən Əlibəylinin bir nəsr parçaları ilə bərabər, Q.Saidinin ömür yolu, çoxsahəli yaradıcılığını qapsayan araşdırma materialını bitirib təhvil verərkən rəhbərlikdən – fəlsəfə doktoru Şəmil Sadıqdan xoş xəbər eşitdim.

Azərbaycan nəsri üzrə davamlı tədqiqatlar aparan Şəmil müəllim xeyirxahlıq göstərib söylədi ki, elmi hesabata daxil olan bu nəsr parçalarının kitab kimi çapına yardım edə bilər. Buna çox sevindim. Kitabın çapı iki il keçdikdən sonra baş tutdu.

Haqqında bəhs edib hazırladığım 6 nəsr parçasını birləşdirən 182 səhifəlik “Sonsiz səfər” kitabında 69 sözün izahı verilib. Misal üçün, zümari, dönərgə, çapoçlıq, balaxana, səlah, tənəbiyə, kalava, hamayıl, tez-tov, doyunqarın, incar, həmhəmə, təcab olma, dürgələyib qıyılamaq, daştiyan, hövlsək, cumalamaq, ətəməl, miça, sicirləmə, zili və s. bu sıradandır.

Bu sözlər Təbrizdə işlənsə də, Bakıda qulağa tanış kəlmələr deyil. Onları Azərbaycan dilinin izahlı lüğətində axtarsam da, çoxuna rast gəlmədim. Bu işdə davamlı yaradıcılıq əlaqəsi saxlayıb yazışdığım güneyli dostlar, eləcə də kitablarımın birində məsləhətçi kimi adı keçən Y. Kənani köməyimə gəldi.

Nigar xanım, iradınızda "Verdiyiniz izahatın da yüzdə səksən faizi gülünc-gülünc yazılardı” yazırsınız. Elə tək belə mənası çətin anlaşılan 35 kəlmə tərcümə etdiyiniz “Top” romanındakı bölümlərə aiddir.

Nigar Xiyavi

Nigar Xiyavi

Nigar Xiyavi ilə ilk tanışlığım 10 il əvvəl olmuşdu. Şeirlərinin çoxunu öncə oxuyub bəyənmişdim. Sonralar tərcümələri ilə də tanış oldum. Nigar Xiyavi Bakıda Xәzәr Universitetinin ictimai elmlәr fakültәsində magistr dərəcəsi almaq üçün elmi iş yazmışdı.

Universitetin rəhbərliyi bir mütəxəssis kimi bu işə baxıb rəy verməyi mənə tapşırmışdı. İşi oxuyub iradlarımı bildirmiş, tövsiyələrimi vermiş, bir sözlə, əlimdən gələni əsirgəməmişdim. Hətta mövzu ilə bağlı məqalələrimi və bir kitabımı ona vermişdim. Təki işinə yarasın və bacardıqca yararlansın deyə etmişdim bunu.

Ali məktəbdə dərs demiş və pedoqoji təcrübəsi olan bir müəllim kimi bir çox tələbələrin qullandığı üsullardan(!) yararlansa da, göz yummuşdum. (Rəy və elmi iş sənəd kimi qalır). Əsas olan o idi ki, Nigar xanım Xiyavi (Tayyibә Purәkbәr) bu işini uğurla müdafiə etmiş, mən də buna sevinmişdim. Bu qalır Nigar xanımın vicdanına.

Nigar xanımla sonralar əlaqə yaradıb, Q.Saididən etdiyi tərcümələrini istədim, amma ondan cavab gəlmədi. Onun tərcümə kitabının naşiri, dəyərli Səid Muğanlıya və Nigar xanımı tanıyanlara bu haqda yazsam da, bildirsəm də, əlim boşa çıxdı. Sosial şəbəkələrdə axtarış apardım və nəticəsi uğurlu oldu.

2013-cü ilin sonunda nəzərdə tutulmuş nəsr parçalarını sahmana salıb təhvil verdim. Çapını boynuna götürən “Hədəf” nəşriyyatında prosedur qayda ilə ona yenidən baxıldı. 2 ildən sonra məni nəşriyyata dəvət etdilər, kitabın çapına imza atdım. Orada kitabı başdan-ayağa oxuyub, gözdən qaçan korrektə və redaktə səhvlərinin düzəldiyini gördüm.

Hər hansı bir kitabın bir səhifəsinin yazılmasından tutmuş, ta kitab halına gəlməsini uzun bir yola bənzətmək olar. Tək mənim yox, ”Hədəf” nəşriyyatı işçilərinin bu kitabın ərəsəyə gəlməsində əməkləri az olmadı.

Bunları yazıb sadalamaqla bildirmək istəyirəm ki, kitaba daxil olan “Top” romanındakı parçalar o biri hissələr kimi 2012 və 2013-cü illərdə əski əlifbadan latın əlifbasına köçürülüb, redaktə olunub, izahlar da verilməklə Azərbaycan türkcəsinə uyğunlaşdırılıb. Odur ki, 2014-cü ildə Nigar Xiyavinin “Qanun” nəşriyyatında çıxan Q.Saididən tərcümə etdiyi “Top” romanını həmin zaman kəsiyində görmək və oradan özünün yazdığı kimi, olduğu kimi götürüb qoymaq mənə müyəssər olmayıb.

Nigar Xiyavinin bir iradı da Azərbaycan türkcəsinə uyğunlaşdırmaq məqamı ilə razılaşmamasıdır. Qardaş Türkiyə ilə əlifba fərqimiz olmasa da, onları asan anlasaq da, yazıda Azərbaycan türkcəsinə uyğunlaşdırıb verir və bunu yazıb göstərəndə qəbahət saymırıq. Amma tam fərqli ərəb əlifbasında yazılan, yerli şivə və dialektdə işlənən sözlərlə bol olan yazıların üzərində yaxşıca işləyib yazının ünvanında - Azərbaycan türkcəsinə uyğunlaşdırıllıb yazanda qəbahətmi olur?!

Aşağıda Nigar xanımın mənə qarşı olan irad və suçlamalarını ardıcıllıqla cavablandırmaq istəyirəm.

- İllər öncəki yazılarımda yazarın soyadı Saidi gedib. Sözü gedən kitabın çapını boynuna götürən nəşriyyatda isə Saidi yox, Səidi kimi verilməsini münasib biliblər.

- Farscanı Nigar xanım Xiyavi qədər bilməsəm də, ərəbcədə özəl təhsil almışam. Yazarın şəxsi soy adı - Saidi ilə bağlı mən başqa cür düşünürəm. Yazarın Saidi soyadı ərəb kökənli olub, qutlu, bəxtiyar, uğurlu, xoşbəxt anlamını verir. Ərəbcə "saada" felindən yaranıb; məsud, səadət, suad və s. kəlmələri və şəxs adları da bu feldən yaranıb.

- Tərcümə etdiyiniz “Top” romanının bir hissəsini, qeyd etdiyiniz kimi 25 bölümü ardıcıllıqla kitaba salınıb. Bu nəsr toplusuna daxil olan tək bir romandan parçalardır, hekayə deyil, burda sizinlə tam razıyam. Amma yazıçının yazdığı romandan müəyyən hissəni götürüb nəsr toplusunda vermək təcrübəsi də həmişə olub. Bunu bilməniz lazımdır, Nigar xanım.

- Yazırsınız ki, "Sizin iynənin ucu qədər o kitabda haqqınız olmadığı halda, mənim haqqımı Önsözdə qoruduğunuza görə doğrudan da minnətdarlığımı sizə bildirməliyəm!!!”

Hərə bacardığı işi görür. Xatırladım ki, Quzey Azərbaycanda ərəb, fars dilləri bir yana dursun, ərəb əlifbasını belə, bilənlər azdır. Mən ədəbi yazıları bir əlifbadan digərinə transliterasiya etməyə gənc yaşlarından alışqınam. Lazım gələndə bu işi görürəm.

Amma 30 ilə yaxındır ki, mən Güney Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının, mətbuatının az öyrənilmiş və ya öyrənilməmiş sahələrini araşdırıb tanıdıram...

Mənə qəribə gələn budur ki, 20 ildən artıq az öyrənilmiş Güney konusunda arxivləri ələk-vələk edib, tozunu udan, dürlü-dürlü əziyyətə qatılan, 30 il sərasər mərhum C. Heyət kimi ustadımın birbaşa göndərdiyi dərgilərin hər sayından hali olub, onlarla yazarın əsərini incələyib sətir-sətir, cümlə-cümlə ömür yolu və yaradıcılığının gizlinlərini ortaya çıxarıb azacıq məvacib alsa da öz hesabına kitab çıxaran bəndənizə “Allah xatirinə, bu qədər “O tay, bu tay” , “dil-ədəbiyyat qayğısı” kimi sözlərini boşu-boşuna ayaqlar altına salıb, yazıq Azərbaycanın boynuna bunca minnət qoymayın” deməyə necə diliniz gəlir?!

- "Onlarca Saidi'miz və yüzlərcə kitabımız tanıdılmağı gözləyə-gözləyə unudulmaqdadır" - yazırsınız. Öz təşəbbüsümlə və vəsaitimlə 9 il öncə Məhəmmədtağı Zehtabinin 200 səhifəlik şeir toplusunu çap etdirmişəm. Bu siyahımda olan tək kitab deyil, siyahını uzada bilərəm...

- Nigar xanım, mənə bolluca iradlarınızı bildirib, suçlayırsınız. Onları cavablandırdım artıq. Yaşadığımız ölkədə ziyalı təbəqəsinin durumu hamıya yaxşı bəllidir. Bilin ki, mən ancaq iki övladımın qarşısında özümü suçlu bilirəm. Çünki bir ana kimi onların gəzinti, əyləncəyə hesablanmış vaxtlarındandan kəsib, arxivlərdə, masa arxasında, kompüter qarşısında oturub saatlarla işləməyi seçmişəm. Onların yaşayışına, geyiminə, tətilinə ayırdığım pulları kitablarımın, monoqrafiyalarımın nəşr olunmasına sərf eləmişəm!

- Bir də Nigar xanım, nəsr toplusunda tək sizin yox, daha iki müəllifin də tərcümələri verilib. Toplu ancaq sizin etdiyiniz tərcümələrdən ibarət olsaydı, sözsüz ki, kitabın əvvəlində adınız gedərdi. Ola bilsin ki, hər üç tərcüməçinin, eləcə də sizin adınızı ilk səhifədə vermək də mümkündür. Belə biçimdə toplunu ilk dəfə hazırladığım üçün bunu nəzərdən qaçırdığımı etiraf edirəm.

Amma başlıcası odur ki, əsərin müəllifinin yanında olmasa da, Ön sözdə tərcüməçi kimi adınız verilib, haqqınız qorunub.

Nəhayət, Nigar xanım Xiyavi! Bütün bunlardan sonra sizin də məni başa düşmüş olduğunuza umud edirəm.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG