Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

-

Birjalarda neft bir qədər bahalaşmaqdadır. Bu gün - yanvarın 25-də Nyu-York birjasında Texasneftinin qiyməti bir barelə görə 5 sent artaraq 32 dollar 24 sent olub. London birjasında «Brent» markalı neftin də bir barelinin dəyəri 2 sent bahalanıb və 32 dollar 20 sentə yüksəlib.

Neftin bundan sonrakı qiymətləri barədə proqnozlar haçalanır. Mərkəzi ofisi Londonda yerləşən «Andurand Capital Management» fond idarəçiliyi şirkətinin qurucusu Pierre Andurand bir barel neftin qiymətinin bu il 50 dollara, 2017-ci ildə isə 70 dollara çatacağını düşünür.

Böyük Britaniyanın «Standard Chartered» bankı analitiklərinin dəyərləndirməsi, tam tərsinə, neft istehsalçılarında təşviş doğurub. Onlar neftin barelinin 10 dollaradək ucuzlaşacağını güman edirlər.

Neftdənasılı ölkələri neftin bahalanma həddi daha çox maraqlandırır. Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan hesablanıb. Maliyyə naziri Samir Şərifov büdcəyə dəyişiklik ediləcəyini və həmin qiymətin 25 dollardan götürüləcəyini bildirib.

Kənan Aslanlı

Kənan Aslanlı

«DAHA ÇOX QISAMÜDDƏTLİ SIÇRAYIŞDIR»

İqtisadçı ekspert Kənan Aslanlı bu günlər gözə çarpan bahalanma meylini qısamüddətli sıçrayış sayır: «Uzunmüddətli proses deyil. Bu, qısamüddətli investorların birjalarda vəsaitlərini neftə yönəltməsindən və qış mövsümündə neftə tələbatın artmasından və s. səbəblərdən qaynaqlana bilər».

«İRANIN VƏ ABŞ-IN «QAYA» NEFTİ QİYMƏTLƏRİ FEVRALDA YENİDƏN AŞAĞI ÇƏKƏ BİLƏR»

O, fevralda neftin qiymətinin azalacağını düşünür: «İranın xam nefti dünya bazarlarına, fiziki olaraq, fevral ayında çıxarılacaq. ABŞ-ın yeni «qaya nefti» yataqlarını işə salma planı da fevralda qiymətləri yenidən aşağı çəkə bilər».

Ancaq ekspert neftin qiymətlərində dövri dəyişikliyi istisna etmir: «Neftin qiyməti uzun müddət 20-30 dollar həddində də qala bilməz. Çünki neft ucuz olanda hasilatçı şirkətlər kapital xərcləmələrini məhdudlaşdırır və bu da gələcək hasilat həcmini azaltmaqla təklifi aşağı salır. Beləcə, bazarda qiymətin yuxarıya hərəkətinə yol açılır».

«FANTASTİK YÜKSƏK QİYMƏTLƏRİ BİR DƏ GÖRMƏYƏCƏK»

Kənan Aslanlı daha sonra fikrini belə yekunlaşdırır: «Amma qiymətlər inkişaf etməkdə olan ölkələrdə tələbin daralması, «qaya nefti» kimi yeni mənbələrin istismarı və alternativ enerjiyə keçid kimi obyektiv səbəblərdən əvvəlki fantastik yüksək qiymətləri - 100-120 dolları bir də görməyəcək».

Natiq Cəfərli

Natiq Cəfərli

«BİRJALARA POZİTİV BİR SİQNAL OLDU»

Ekspert Natiq Cəfərlinin fikrincə, neft bazarında baş verən dəyişikliyin iki səbəbi var: «Birincisi, yanvarın 21-də Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi bildirdi ki, stimullaşdırma proqramının vaxtı 2017-ci ilin martınadək uzadılacaq. Bu, birjalara pozitiv bir siqnal oldu və likvid pul bolluğunun yaranması ehtimalını artırdı. Ona görə də Yaponiya, Amerika, Avropa birjalarında artımlar müşahidə edildi və nəticədə, neft qiymətlərində də artım gözə dəydi».

Natiq Cəfərli 2-ci səbəbi «discount» proqramına bağlayır: «Neft satan ölkələrin bazara təklifi London birjasında «Brent» markalı neftin qiymətindən daha aşağı qiymətədir. Bəzən «discount» 7-8 faizədək olur. Yəni bu gün «Brent» 31 dollardırsa, İraq və İran bazara nefti 25-26 dollara çıxarmaq istəyir. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı Avropaya «discount» elan edib».

«YAXIN HƏFTƏLƏRDƏ NEFTİN QİYMƏTİNİN...»

Onun qənaətinə görə, makroiqtisadi və köklü əsas olmadığından yaxın həftələrdə neftin qiymətinin yenidən 30 dollardan aşağı düşməsi ehtimalı çox yüksəkdir: «Çünki İran get-gedə bazara daha çox neft çıxaracaq. Çində baş verən iqtisadi yavaşlama da neft istehlakını azaltdığından, neftin qiymətlərinin hələ uzun zaman aşağı səviyyələrdə qalması gözlənilir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG