Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

Rəssam C.Mircavadov: Şıx yaxınlığında bir sevimli yerim vardı


Londonun Sotheby qalereyasının Qafqaz və Mərkəzi Asiya sərgisində C.Mircavadovun rəsmi, 2013

Londonun Sotheby qalereyasının Qafqaz və Mərkəzi Asiya sərgisində C.Mircavadovun rəsmi, 2013

-

"damda nəğmə oxuyan dəli, boğuşan şirlər, ağlayan qadınlar"

Azərbaycan rəssamlığının modern istiqamətinin banisi, sağlığında qiymətləndirilməmiş, hazırda əsərləri nüfuzlu yerli və xarici qalereyalarda saxlanan Cavad Mircavadovun (1923-92) gündəliklərindən qeydlər:

Javad Mirjavadov

Javad Mirjavadov

"Mən Azərbaycanda doğulmuşam, lakin yaradıcılığımla Qolfstrimlə Sakit okeandan, Eskimoslar torpağı ilə Afrika kontinentinindən gələn küləklərin qovuşduğu yerə ucalmışam".

“Mən incəsənətlə məşğul olmuram, incəsənət mənimlə məşğul olur."

“Birgə həyatımızın 20-ci ildönümünü qeyd edəcəyik. Bu münasibətlə bütün dünyaya üz tutub deyirəm: Mən bir mələyə rast gəldim (dumanda azmışdı, düşməməli olduğu bir yerə düşmüşdü). İndi qocayam, xəstəyəm, özümü incəsənətin ixtiyarına vermişəm, qoy sənət məni parça-parça etsin.

Amma həmişə demişəm: Tanrı mənə üç möcüzə verdi: qadınım, incəsənət və Abşeron. Pərəstiş edirəm.”

1980

“15 yaşımdan həyatın mənasını axtarıram. İstəyirdim kimsə mənə mane olmasın, Abşeronun çöllərində gəzim.

Şıx kəndi yaxınlığında bir sevimli yerim vardı. Orada dəniz həmişə sakit olardı, hündür, quru, çopur qaya dağlarıyla əhatə olunmuşdu.

Unikal yerdir, dağları İncildəki dağlar kimi, səması geniş, sərhədsiz göy qübbəsi, təbiətin sükutu, insansız bir yer – gəz, otur, uzan və dalğaların pıçıltısı altında düşün, düşün, ətrafı seyr et və yenə düşün, düşün!”

"Rəsmlərimdə bizim böyük insan ruhunu əks etdirirəm, həmçinin insan alçaqlığını, qəddarlığını və günahlarını. Məhrumiyyətlərə baxmayaraq, özünü-ifadə yoluyla həyatın mənasına çatmaq istəyirəm – budur mənim amalım.”

“Hər bir yenilik öz kökünü böyük çətinlikdən alır – bunu sübut edən nümunələr çoxdur…"

"Buddanın bu sözlərinə vurğunam: Böyük qələbə odur ki, hamı qələbə çalsın.”

“Rəsmlərimin mövzuları: qədim zamanların kataklizmləri, aləmlərin yaradılışı, qalaktikaların ölümü, Tale, kainatın ruha sahiblənməsi, dünya harmoniyası, ulduzların doğuluşu, mahiyyət – bütün bunları insanabənzər və heyvanabənzər rəsmlər və alleqoriyalarla göstərirəm; xoşbəxtlik və bədbəxtlik, həyat burulğanı, peyğəmbərlərin böyüklüyü və kiçikliyi, gündəlik həyatın nəşəsi, bazarların tamaşası, ağalar və qullar, dünya müharibəsi təhlükəsi, ümid işığı, pəncərə arxasındakı külək vıyıltısı, sevgi, orqazm, ağılsızlıq, damda nəğmə oxuyan dəli, boğuşan şirlər, ağlayan qadınlar – hisslərin incidilməsi, səfalətli günlər, səfil insanlar, böyüklük, unudulmaq.”

“...Rəsmlərim çox az və yalnız Bakıda nümayiş etdirilib, kiçik çərçivələrdə. Beş il Rəssamlar İttifaqına, Mədəniyyət Nazirliyinə, Kommunist Partiyası Mərkəzi Komitəsinə şəxsi sərgimin keçirilməsi üçün müraciətlər etdim, hamısı faydasız.”

“...indi qocayıq, indi kimin nə elədiyini aydın görə bilirik. Bu hiyləgərlər özlərini elə aparırlar ki, sanki bu dünyadan deyillər. Nietzsche deyirdi: Bu boşboğazlara qulaq asma, onların necə və nə üçün yaşadığını isə gör."

1985

Mənbə

Günün bütün mövzuları

XS
SM
MD
LG