Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

AXCP fəalı Zeynalabdin Bağırzadənin ittihamı ağırlaşdırılıb


Zeynalabdin Bağırzadə

Zeynalabdin Bağırzadə

-
Hazırda həbsdə olan AXCP Naxçıvan təşkilatının fəalı Zeynalabdin Bağırzadənin ittiham olunduğu maddə ağırlaşdırılıb. Bunu AzadlıqRadiosuna onun qardaşı, AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy deyib:

«Zeynalabdin bəy əvvəlcə Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə ittiham edilirdi. İndi isə ona qarşı 315.2 maddəsi irəli sürülüb».

Birinci halda xidməti vəzifəsini yerinə yetirərkən, hakimiyyət nümayəndəsinə zor işlətmədə (amma sağlamlığına təhlükə törətmədən), 2-ci halda isə zor işlədərkən sağlamlığa da qorxu yaratmaqda suçlanıb.
Birinci halda müttəhimə üç il, ikinci halda üç ildən yeddi ilədək həbs cəzası verilə bilər.

Yada salaq ki, Zeynalabdin Bağırzadə ötən il noyabrın 16-da həbs edilib. O, Babək rayon sosial təminat işçilərinə zor tətbiq etmədə ittiham olunur. Halbuki, onun yaxınlarının deməsinə görə, məhz Zeynalabdin Bağırzadə sosial müdafiə işçilərinin fiziki zorakılığına məruz qalıb.

Yaşar Bağırsoy:

- Babək rayon Sosial Müdafiə Mərkəzinin işçiləri Zeynalabdin bəyin evinə gəlib sığorta puluna görə onun ailəsini təhqir etmişdilər. Sonradan Zeynalabdin bəy bunun səbəbini həmin adamlardan soruşanda onlar qardaşımı döyüb, təhqir etmişdilər. Zeynalabdin bəy gedib şikayət etsə də, sonradan bu iş ona qarşı çevrildi.

- Yaşar bəy, məhkəmə başlayıb, eləmi?

- Yanvarın 8-də hazırlıq iclası olub, heç bizim xəbərimiz olmayıb. Yanvarın 18-də isə ilk iclas oldu. Biz orda iştirak etdik.

- Vəkil var?

-Ona istintaq müddətində dövlət bir vəkil verib. Bu vəkil məhkəməyə çıxmadı. Deyir ki, müqaviləm bitib. Biz ona təzyiqlər olmasından şübhələnirik. İndi dövlət Zeynalabdin bəyə yeni vəkil verib.

- Bu vəkildən necə, razısınız?

- Hələ ki, narazı olmağa bir elə əsas yoxdur. Məhkəməyə gələn Babək rayon Sosial Müdafiə Mərkəzi işçilərinin hamısının ifadəsi, elə bil, bir qələmdən çıxmışdı. Bunu vəkil də qeyd etdi.

- Deyirdiniz ki, istintaq müddətində Zeynalabdin bəyə işgəncə olub. Bu məsələ qaldırılacaqmı?

- Mən məhkəmə prosesində Zeynalabdin bəyi gördüm. Əvvəlki fikirlərimdə qalıram. Ancaq Naxçıvan mühitində bunu qaldırmaq bir effekt verməyəcək. Baxın, Zeynalabdin bəy tutulandan onunla nə mən, nə də ailə üzvləri görüşə bilir. Ailəsi bununla bağlı həm Penitensiar Xidmətə, həm də məhkəməyə müraciət edib. Heç bir nəticəsi yoxdur. Bir görüş ala bilmiriksə, işgəncəni necə sübut edəcəyik?

- Növbəti proses nə vaxtdır?

- Yanvarın 27-də. Naxçıvanda həbs edilən digər AXCP fəalı Nazim Mahmudovun da məhkəməsi başlayıb. O da eyni maddə ilə ittiham edilir. Ancaq onun ailə üzviləri Nazim bəylə görüş ala biliblər…

XS
SM
MD
LG