Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

-

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının büdcəsi azalır deyə, yaraqlılarının, işçilərinin pulunu 50 faiz kəsir. Bu barədə ABŞ-ın CNN televiziyası İŞİD daxilindəki mənbələrdən məlumat alıb.

İŞİD yaraqlıları ayda 400-1200 dollar alırlar, üstəgəl arvadlarına görə 50, hər uşağa görə 25 dollar təqaüd əldə edirlər. Bunu «Newsweek»də Daniel Bier ABŞ Konqresinin Araşdırmaq Xidmətinə istinadla yazır.

«Ancaq müharibə şəraitində dövlət saxlamaq baha başa gəlir (İŞİD özünü «İslam Dövləti» elan edib-red.). ABŞ koalisiyasının son qələbələri də göstərir ki, İŞİD daha əsgərlərini əvvəlkitək saxlaya bilmir».

Müəllif İŞİD-ə maliyyə təzyiqini əsasən ABŞ və Rusiyanın hava zərbələri ilə bağlayır. Bundan başqa, qruplaşma yarımişlək durumda olan «hökumət»i, infrastrukturu, məktəbləri saxlayır, müharibə aparır və əlbəttə ki, xeyli sayda insanı xəyali cinayətlərə görə qətlə yetirir:

«Ancaq İŞİD-in xərcləmələrlə yanaşı, gəlir problemi də var. Silahlı qruplaşma pulunun çoxunu tutduğu ərazilərdə əhalidən vergi yığmaqla toplayır… Amma İŞİD-in qoyduğu vergilər elə ağırdır ki, indiyədək bu dini avtoritarizmə dözənlər də Suriya və İraqa qaçır… İŞİD təkcə müharibə və zorakılıq qaçqınları deyil, vergi qaçqınları da yaradır».

«İŞİD isə bu qaçqınlara satqınlar kimi baxır. Axı onlar təkcə xilafətdən üz döndərmirlər, həm də gəlirləri özləri ilə aparmış olurlar», - yazan müəllifin fikrincə, pullarının kəsilməsi İŞİD silahlıları içində də fərariliyi artıracaq.

Neft

Neft

UCUZ NEFTDƏN KİM QORXUR?

«Neft qiymətində sarsıntılar «cini şüşədən çıxarır». 1973-cü ildə ərəb neftinə embarqo qoyulanda qiymətin kəskin qalxması iqtisadi çaxnaşma yaratdı. Təklif artıqlığından yaranan qiymət düşüşü isə, 1986-cı ildə olduğu kimi, dünyaya xeyli yaxşılıq da bəxş edir. Sınanmış qaydaya əsasən demək olar ki, neftin qiymətinin 10% azalması artımı 0.1-0.5 faiz yüksəldir». Bunu «The Economist»də oxuyuruq.

Son 18 ayda qiymət 75 faiz azalıb, barreli 110 dollardan 27 dollara düşüb. İstehlakçılar qazansa da, istehsalçılar əziyyət çəkir:

«Dünya neft içində boğulur. Səudiyyə Ərəbistanı tam gücüylə neft çıxarır. Səudların bahalı istehsalçıları bazardan çıxarmaq istəməsinə dair geniş yayılmış fikirlər mövcuddur. Ən acı rəqibi olan İranı ayaqlamaqdan ötrü özü də az əziyyət çəkməyəcək… Ancaq istehsalçılar müqavimət göstərməkdədir».

Müəllif yazır ki, gəlirlərin azalması Venesuela və Körfəz kimi kövrək ərazilərə siyasi sabitsizlik gətirə bilər. Elə varlı ölkələr də problemlər yaşayır:

«Ancaq neftin ucuzlaşması Hindistan və Çində xeyli qalibi sevindirir. Neftdən asılı Səudiyyə, Venesuela islahatlara getməli olurlar. Neft idxalçısı Cənubi Koreya faydasız enerji subsidiyalarını yığışdırır, vergiləri artırmaqla defisitini azaldır».

Putin\Litvinenko

Putin\Litvinenko

RUSİYADA PUTIN-İN QƏTL DÖVLƏTİ

«Litvinenko-nun ölümü üzrə təhqiqatın açıqlanması Kremlin iyrənc taktikasının daha çox araşdırılmasına yol açır». Bunu «The Wall Street Journal»da David Satter yazır.

Yanvarın 21-də Britaniyada keçmiş rusiyalı casus Alexander Litvinenko-nun ölümü ilə bağlı təhqiqatın nəticələri açıqlanıb. Təhqiqat belə bir nəticəyə gəlib ki, bu qətlin arxasında Rusiya hökuməti dayanıb və 2006-cı ildə zəhərlənərək öldürülmüş Litvinenko-nun qətlinə «bəlkə də» Vladimir Putin xeyir-dua verib.

«Bu açıqlama təkcə Litvinenko deyil, Rusiya dövlət terrorunun bütün qurbanlarına ədalət yolunda ilk addımdır… Bu nəticəyə gəlmək ona görə mümkün oldu ki, cinayət Rusiyada deyil, İngiltərədə törədilib, təhqiqatı da rusiyalılar yox, Britaniya hakimiyyəti aparıb».

«İndi təkcə Qərb deyil, Rusiyanın gələcəyindən ötrü Litvinenko təhqiqatı Rusiyada siyasi terror hallarının beynəlxalq araşdırmasında bir presedent olmalıdır. Buraya 2002-ci ildə Moskvanın Dubrovka teatrına, 2004-cü ildə Beslanda məktəbə qanlı hücum, jurnalistlərin və müxalifət liderlərinin qətlləri, hər şeydən öncə, Putin-in hakimiyyətə gəlməsinə səbəb olmuş 1999-cu il partlayışları daxildir».

Müəllif 1993-cü ildə Ostankino teleqülləsi qarşısındakı qətliamı yada salır. Boris Yeltsin Rusiya parlamentinin buraxılmasına sərəncam verəndən sonra minlərlə silahsız parlament tərəfdarı teleqüllə yaxınlığında atəşə tutulub, 46 nəfər həlak olub, 124 nəfər yaralanıb. Daha sonra 1994-cü ildə Yeltsin ilk Çeçen müharibəsini başlatdı.

1999-cu ildə Rusiyanın 3 şəhərində yaşayış binalarında törədilmiş partlayışlarda 300-dən çox insan öldü. Bu partlayışlar Çeçenistan müharibəsini əsaslandırmaq naminə törədildi və məhz o zaman baş nazir olan Putin tərəfindən idarə olundu. O, 2000-ci ildə prezident postuna gəldi. İlk sərəncamıyla Yeltsin-in vəzifə başında törətdiyi bütün cinayətləri bağışladı. Həmin partlayışları araşdırmaq istəyən 4 rusiyalı isə qətlə yetirildi.

Müxalifət lideri Boris Nemtsov isə ötən il öldürülüb. Dövlət Duması təhqiqat aparmaqdan imtina edib. Müəllif yazır ki, Litvinenko-nun ölümü üzrə təhqiqat məhz bu səbəbdən vacibdir. Yeltsin və Putin eralarının çoxsaylı cinayətlərinin araşdırılması beynəlxalq öhdəlikdir.

XS
SM
MD
LG