Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:28

Azad Qaradərəli. Ürəyin iti


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Rumınya səfirliyində beş cildliyimin müzakirəsi oljaq! Əslində Rumınyada, çünki rumın qonaqlar da olajax… Polşada kitabım çıxıb… Majarstanda, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda əsərlərim çıxajax… Bu ölkələrin teatrlarında pyeslərim oynanılajax… Düzdür, qonorar vermirlər, amma..."

Azad Qaradərəli

ÜRƏYİN İTİ

(hekayə)

- Mən elə bilirdim ki, ölümsüzəm. Yox, əstəfürüllah, elə yox, elənçi demək istəmirdim. Yəni elə bilirdüm, yaratdıxlarım ölümsüzdür. Ona görə öz ölümümnən qorxmurdum. Düşünürdüm ki, mən yaratdıqlarımda ikinci ömrümü yaşayacam… İllər öncə kəntimizdə bir qoca palançı vardu Müstəcəb kişi adunda. Onun faciəsini oxumuşdum haçansa… İnanmazdım ki, onu yazan adam bir gün gəlib mənim faciəmi yazacey…

Arxasını söykədiyi daşa çırpdı əlini və stəkanını qaldırıb qoca yazıçının stəkanına vurdu. Amma elə bərk vurdu ki, öz stəkanındakı araq dostunun stəkanına sıçradı. Mən bunu görüb öz stəkanımı tez geri çəkdim ki, qocalar arağımı murdarlamasınlar. (Belə baxanda məni də qoca hesab etmək olar 50-ni keçmişəm. Amma bunlar daha əpriyiplər: hərəsinin 77-78 yaşı var. Məndən azı 20 yaş böyükdürlər. O palantikən Müstəcəb kişi haqqında hekayəni yazan da mənəm.)

-Elə mən də sənin günündəyəm. Leninə, partiyaya, kolxoza yazdıqlarım cəhənnəmə, bəs əmək qəhrəmanlarına yazdıqlarım nejə oldu?! Qardaşım, mənnən heçmi bir şey qalmayajaq?! Əəə, o qəhrəmannardan biri – Ömər vardı ha, geroy Ömər - hələ diridi, amma mənim poemam 20 ildir ölüb… Ə, bu müstəqillik başımızın bəlasıymış vallah…”

-Sən bu daşa baxırsanmı?! (Söykəndiyi atılmış heykəli göstərir – müəllif) Alə, mən mının üstündə üç il işləmişdüm e… Yadındadı də, mının açılışına O özü gəlmişdi?! Kalan da qonorar aldım!.. Amma nolsun? Bude, adi daşdan seçilmir… Svalkadadur…”

Qoca yazıçı qalxır ayağa. Arxaların söykədikləri daşın orasına-burasına heyrətlə baxır və üz-gözünü əyir:

“-Əlheydər Qarayevdi bu? Bunu dərin getsin elə! On beş çaplıq kitab yazmışdım, maklatura oldu…”

Sonra şalvarının qabağını açıb daşın dibinə işəyir.

-Sən daşa bax, daşa! Xalis mərmərdir, Ukraynadan gətirmişdilər… İndi daşdı, daş… Daş olsun mənim başıma!

Daşın başına fırlanır və yazıçının nə iş gördüyünü anlayıb qışqırır:

-Alə, ay eşşək, başına yer qəhəttü? Mən axı buna üç il… - Ağlamsınır. Sonra gəlib qabaq-qənşər əyləşirlər.

İkisi də arağı toqquşdurmadan başlarına çəkib üz-gözlərini turşudurlar. Mənimkinin dibində hələ var, ona görə elə yarımçığı içirəm.

-Sən heç bu cür at işəməyinə oxşar araq içdinmü?

-İçmədım… Amma indi içməyə məhkumuq… At işəməyi deyil, xalis nənəmin qıvşamış işəməyidiki var…”

-Sənə Prezident təqaüdü vermədilər?

-Yox, e, yoxxxx… Öz təlxəklərinə verirlər.

-Pəs biz nəyik ki, alə?!

-Bəlkə indikinin heykəlini yapasan?

-Popıtka elədim… Baxan yoxdur… Gecikmüşük…

-Peyqəmbərinkini elə…

-Onu da dündarlar qoymur də…

-Bəs biz nə qayıraq!? Başımıza haranın külünü tökək?

-Alə, süzünkü asandur ki… Götür o məşhur nazirə bir poema yaz, yəxçi qonarar al…”

-Hardan axı? Odu ha, şairi tutdular. Qanı getdi… Nə var, nə var, qurddan-quşdan yazmışdı… “Qurd ürəyi”…

-Müharibədən yaz… Qarabağ ki işğaldadur…

-Ayə… Dəlisən? Qarabağı vapşe hərriyən yoxdu?! Bir azdan erməniyə güllə atanı…

-Pəs axı neləyək? Yaltaqlanmağa da adam yoxdu… Vallah hür desələr, hürərəm, təki pul, qonorar çıxsın…

-Allah kərimdir…

-Alə, Kərimün də var yoxunu …….!

Məni eşqırmaq tutur. “Hıç” kimi səs çıxardıram. Belə olanda anam kürəyimə vurar və deyərdi: ”Nə oğurlamısan?” İndi qəfil heykəltaraşın gözü məni alır.

-Alə, pəs sən niyə dinmürsən?! Deyəsən, sarfan sakitdür. Hə?! – Heykəltaraş hirslə mənə baxıb bağırır. Ağzının suyunu silməyə cəhd edir. Ağzından axan selik əlinin üstünə tökülür.

-Hıyyy?! – Qoca həmkarım da bağırır. – Çox müstəqillik, müstəqillik deyirdin, gəla, bu da sənə müstəqillik! – Şəhadət və adsız barmaqlarını qatlayır, baş barmağını arasına qoyub gözümə soxur.

-Belənçilər yıxdu də öyümüzü! Sukalar… Sovet hökümətini bınnar dağutdular… Petuxlar… “Azərbaycan, Azərbaycan…Üüüüç rəngli bayrağınla maqsud yaşa…” Gela! Maqsud yaşa!.. Kstati, maqsud nedür, alə? Maksud İbraqimbekov?.. Xa-xa-xa-xaaaa!.. Sizin müstəqilliyivizün…

Dözmürəm daha, partlayıram:

-Nooldu, qarnınız acınnan sancılanır? ..

-Ay sən öləsən! – Heykəltaraş üstümə xoruzlanır. – Alə, men, men… Yüz il yimesem, varımdur… Arvadımun qır-qızılına qala yaşıyeceyiy… Ay yazuğ, pes senin neyin var, heee?! Bir hesürsen, bir Memmednesür… Evün də yoxdur… Ammma menim beş otaxlı evim şeherün merkezinde, iki otaxlı evim, aşnam yaşıyan, Papaninde, heyet evim, yanunda mastrskoyum… Bağ evim – mülküm Meştağada… Bes senin neyin var, həəə?!. Sen nöş susmusan, ale?! Sen de vər bu petuxun cavabın de!

Qoca yazıçı özünə araq süzüb şövqlə deyir:

-Bax, Rumınya səfirliyində beş cildliyimin müzakirəsi oljaq! Əslində Rumınyada, çünki rumın qonaqlar da olajax… Polşada kitabım çıxıb… Majarstanda, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda əsərlərim çıxajax… Bu ölkələrin teatrlarında pyeslərim oynanılajax… Düzdür, qonorar vermirlər, amma yazıçıya şöhrət daha önəmlidir… O ki qaldı evə, özümün dörd otaqlı, oğlumun üç otaqlı, qızımın ikiotaqlı, o biri qızımın yenə iki otaqlı evi var. İttifaqın hesabına bağ evi almışam, ikimərtəbəli mülk tikdirmişəm… xalq yazıçısıyam, əməkdar mədəniyyət işçisiyəm… İndi bir az əlim aşağı düşüb, ucuz araq içirəm heykəltaraş dostumla… Əəəə. Bəs sənin nəyin var, hıyyy?! Əəəə, bəlkə sən agentsən, həəə?! Səni göndəriblər kin, bizim kimi dahi sənətkarlara parodiya-marodiya yazasan, hıyyy?!

Qocalar üstümə elə yeriyirlər ki, qədəh əlimdən düşüb Əliheydər Qarayevə dəyir, cilik-cilik olur. Heykəltaraşı od götürür:

-Mənim əsərimə rumka atırsan?! Mənim şedevrimi…

Özümü müdafiəyə qalxıram:

-Əşşi, nə əsər, nə şedevr?! Bayaq yazıçı dostun işədi onun üstünə… Zibilxanadı e, bura…

-Nə?!. Hərü?! Alə sən bayaq mının dalında bitirdün zəruri ehtiyacıvu?!. Hə də! Düz deyir… Oğraş! Mənim senetimə işəyənin!...

-Ə, nə zəruri ehtiyac?! Başın xərəbdi?! Arax süz…

-Qaldu ki?! Fso, çezdi, qıtradı getdi…

-Xiyarsan?! O biri butulkanı aç…

-Hərü?! – Heykəltaraşın gözü gülür. – Mən de deyirəm, bu nöş belənçiy oldu?! Alə, doldurun badələri! – Butulkanı aça-aça fit çalır. –Diyirəm ki, gəlin bir sağlığ diyəy… Alə sabahdan içiriy, sağlığsız-filansız… Elə nöş eliyirsüz? Qlağ asın, sağluğ deyirəm: mını içirüy o sağlığa ki…

Bu vaxt bir ağsaq it qaça-qaça gəlib onların qarşısında durur. Mən kolbasadan bir qırıq götürüb atıram ona. İt kolbasanı iyləyib, dili ilə qaldırır, atır ağzına və zəngildəyir. Qoca yazıçını ağlamaq tutur:

-Böhran itləri də vurdu… Bu iti yüz ildi tanıyıram, ömründə vurannarın məclisinə yaxın düşməzdi… Gör hardan hara…

Heykəltaraş da qəhərlənir:

-İt ürəgidür… Dözmedi… Kstati…(Gəyirir – müəllif) Oy üzr istiyirem… Mən bir əsər işleyeceyem, “Sabaçiye serdsa”… Naturadan… Kak Bulqakov…

-Sifariş var?! Nə qədər verəjəylər? – Qoca yazıçı açıq həsədlə soruşur.

-Yooo… Mını ürəyimin sifarişilə işləyəceyəm… Şedevr… Lij bı bircə dənə əsərim qalsun mənnən sora…

-Mən də “Ürəyin iti” adlı roman yazajam… Posmodern üslubda… O da mənnən sonra qalsın qoy…

-Alə, bizi şeyivə dolamısam?! Ürəyin itü nədür? Ürəyin də iti olar?! Xiyarsan ki xiyarsan…

-Olar, niyə olmur. Yazajam dedim, yazajam!

Bu vaxt arxadan su şırıltısı eşidilir, sonra sidik qoxusu gəlir. Geri qanrılıram ki, bayaqkı ağsaq itdir, qıçını qaldırıb Əliheydər Qarayevin üstünə işəyir… sidik daşdan sıçrayıb qəzetin üstünə qoyulmuş qədəhlərə süzülən arağın içinə də tökülür… Sonra qəzet süfrəmizə, sonar da bizim üstümüzə…

Yanvar, 2016

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG