Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

►Ekspertlər məbləğin artırılmasını, ilkin ödəniş və faizlərin azaldılmasını təklif edirlər

İnternetdə “İpoteka şərtləri sadələşdirilir” başlığı ilə axtarış aparılsa, yüzlərlə təklif tapılar. Ancaq o şərtlər, əslində, olduğu kimi qalır, yəni sözdə var, amma əməldə yox.

Sadəcə, bir rəsmi sənədə - Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasındakı Baş Kollektiv Sazişə baxmaq yetərlidir.

2014-2015-ci illər üçün imzalanan həmin sənəddə birgə öhdəliklər sırasında ipoteka məsələsi də var. Hər 3 tərəf ipoteka kreditlərinin verilməsini asanlaşdırmaq və prosesi birgə nəzarətə götürmək barədə razılığa gəlmişdi.

Buna da bax: İşdən çıxarılanlar danışır

“Sənədlər artıq Nazirlər Kabinetindədir”

Son sadələşdirmə təklifini maliyyə naziri Samir Şərifov yanvarın 20-də dilə gətirib:

"İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq".

Nazir ipoteka şərtlərinin sadələşdiriləcəyinə və məbləğin artırılacağına ümid verib:

"Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka krediti məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".

Hökumət bu dəfə qətiyyət göstərsə, bu sualın cavabı diqqət doğurur: İlk növbədə hansı şərtlər dəyişməlidir? (Ardı aşağıda)

“İndiki ipoteka siyasəti real tələbə cavab vermir”

İqtisadçı ekspert Rəşad Həsənov yeridilən ipoteka siyasətinin real tələbə cavab vermədiyini düşünür:

“İpoteka krediti alanlar Azərbaycan səviyyəsində yetərincə təminatlı, yüksəkgəlirli vətəndaşlardır. Bu isə ipotekanın fəlsəfəsinə - aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması prinsipinə uyğun deyil”.

Ekspert uyğunsuzluğu aradan qaldırmaq üçün təkliflərini də sadalayır:

“İlk növbədə kreditin maksimum həddi 100-120 min manata çatdırılmalıdır. Vətəndaş indiki məzənnə ilə 60-70 min dollar kredit götürə bilməlidir ki, mövcud qiymətlər fonunda normal mənzil ala bilsin. İkincisi, fərqli faiz siyasəti həyata keçirilməlidir. Qanunvericiliyə görə, ölkənin hər vətəndaşı bir dəfə dövlət ipotekasından yararlana bilər. Ancaq mənzili olan və ya yüksəkgəlirli vətəndaş daha yüksək, azgəlirli və zəruri mənzil tələbatını ödəmək istəyənsə daha aşağı faizli ipoteka krediti ilə təmin edilməlidir. Ümumilikdə isə 2-ci qrupa aid insanlara illik 2%-lik maksimum faiz həddi tətbiq edilməlidir”.

Rəşad Həsənov ipoteka üçün ilkin ödəniş tələbinin qeyd edilən prinsipə dayanmasını istəyir:

“15-25%-lik ilkin ödəniş tələbi bir çox hallarda mənzilə ehtiyac duyan sosial kəsimin imkanı xaricindədir. Bu tələb maksimum 4-7% arası ola bilər. Amma bir şərtlə ki, yüksəkgəlirli kəsimə daha yüksək ilkin ödəniş tələbi irəli sürülsün. Kreditlər belə qruplaşdırılsa, imkanlı şəxslərə cəlbediciliyini itirər və məhdud vəsaitlər məhz gənc və aztəminatlı ailələrin ehtiyacına yönəldilər”.

Buna da bax: Təyyarə qəzaları daha can almayacaq- [Video]

“Güzəştli kreditlərin dövlət qulluqçularına tətbiqi minimuma endirilməldir”

Ekspertin sözlərinə görə, sənədləşdirmə prosesinin də sadələşdirilməsinə ehtiyac var:

“Bir çox sənədin müvəkkil bankların sorğusu əsasında elektron formada alınması təmin edilməlidir. Müşahidələr göstərir ki, sənədləşdirmənin mürəkkəbliyi, adətən, qeyri-rəsmi xərclərə və əlavə vaxt itkisinə yol açır. Güzəştli kreditlərin tətbiq sferası genişləndirilməli, dövlət qulluqçularına tətbiqi isə minimuma endirilməldir. Bu məqsədlə dövlət büdcəsindən ayırmaların həcmi də artırılmalıdır ki, proqramın effektivliyi və indiki böhran şəraitində tikinti sektoruna təsiri yüksəlsin”. (Ardı aşağıda)

“Kreditləşmə ilkin bazara yönəldilməlidir ki,…”

Əmlak məsələləri eksperti Rəşad Əliyevin fikrincə, mövcud ipoteka qaydalarında əsas problemlərdən biri - kreditlərin təkrar bazara verilməsidir:

“Bu qayda bəzi dövrlərdə bazarda qiymət artımına gətirirdi. Nəticədə kreditləşmənin iqtisadi səmərəsi az olurdu. Kreditləşmə ilkin bazara yönəldilməlidir ki, tikinti sektorunu da irəli aparsın. Son zamanlar banklardan biri ilkin bazarda müstəqil şəkildə ipoteka kreditləşməsi aparır. Onun faizləri İpoteka Fondunun adi kredit faizləri ilə eynidir. Bu, tikinti sektoru üçün çox müsbət haldır. Ölkə banklarının bu istiqamətdə işləməsi iqtisadiyyata çox fayda gətirərdi”.

“Məbləğ artırılsın, faiz və ilkin ödəniş azaldılsın”

Ekspert deyir ki, bundan ötrü ucuz maliyyə mənbələri olmalıdır:

“İndi İpoteka Fondundan gözləntilər kredit şərtlərinin dəyişdirilməsi ilə bağlıdır. Birinci gözlənti - kredit məbləğinin mövcud 50 min manatdan 100 min manatadək artırılmasıdır. Bu, vətəndaşlara daha yaxşı şəraitli mənzillərin alınmasına imkan yaradacaq. İkinci gözlənti - faizlərin azaldılmasıdır. Bu, aylıq ipoteka ödənişlərini əhəmiyyətli dərəcədə azaldacaq. Üçüncü gözlənti - kreditlə mənzil alışında ilkin ödənişin önəmli dərəcədə azaldılmasıdır. İndi adi kreditlər üzrə ilkin ödəniş 20%, güzəştli kreditlər üzrə 15% -dir”.

Rəşad Əliyev ipoteka kreditlərinin çoğrafiyaca genişləndirilməsini də başlıca gözləntilərdən biri sayır:

“Axı əvvəllər kreditlərin əksər hissəsi Abşeron yarımadasının (Bakı, Sumqayıt, Xırdalan şəhərləri) payına düşürdü ki, bunun da obyektiv səbəbləri var. Əsas səbəb - kredit alınması üçün gəliri sübut etmək idi. Regionlarda yaşayan vətəndaşların çoxu gəlirlərini isbat edə bilmirdilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG