Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

Mən "21 qram"ı necə yazdım. Ssenarist yazı sirlərini bölüşür


Guilliermo Arriaga

Guilliermo Arriaga

-

"İncildə bir yer var, deyilir: “Və sonra gecə düşdü”. Bu, İsanın həbsə düşdüyünü, həyatın qaraldığını göstərən metaforadır. Mən də avtomobil qəzası və sonrakı 35 səhifədə gecə səhnələri yazdım."

Guillermo Arriaga məşhur “21 gram” filminin ssenari müəllifidir. "Ssenari dərgisi"nin ötən saylarından birində o, həmin ssenarini necə yazdığını xatırlayır. Filmə baxanlar da, baxmayanlar da yazmaq sənətinə dair bu yazını oxuya bilərlər.

Guillermo Arriaga

Mən "21 qram"ı necə yazdım

(ixtisarla)

İdeya

"21 qram" filmindən görüntü

"21 qram" filmindən görüntü

Maşın sürərək öz ad günü şənliyimə gedirdim. 14-15 il əvvəlin söhbətidir. Gecikdiyim üçün arvadıma, qonaqlara nə deyəcəyimi fikirləşirdim, birdən yolun o biri üzündə təcili yardım və polis maşınları gördüm. Maşını saxladım.

O zaman universitetdə dərs deyirdim, o yollarla əsasən tələbələrim gedib-gəlirdilər. Bilmək istəyirdim ki, tanıdığım adamın başına gəlib bu, ya yox.

30-35 yaşlarında bir kişi palçığın içində ölü vəziyyətdə uzanmışdı. Onu maşın basmışdı. Polis onun pulqabısını çıxardı. Oradan kişinin şəxsiyyət vəsiqəsi və kişinin özü, arvadı, iki uşağıyla gülümsər fotosu çıxdı. İndi o kişi yolda uzanıb, qadın və iki uşaq da onu gözləyirlər.

Hadisə məni qəlbən yaraladı və düşündüm: Birdən o, mən olsaydım? Ya bəlkə ad günü şənliyimə bir ailəni vurub öldürdüyüm üçün gec gedib çatsaydım? Gedib arvadıma nə deyərdim? O yol qəzası “21 qram” filminin əsası oldu.

Bu ideyanı rejissor Alejandro González Iñárritu ilə görşəndə dedim. Hər ikimiz o hadisəni geniş görə bildik.

Struktur

William Faulkner (1897-1962)

William Faulkner (1897-1962)

William Faulkner nəsrinin fanatıyam. Juan Rulfo'nun nəsrini də çox sevirəm. Onlar hər hekayəni danışmağa fərqli yol tapırlar. Budur onlarınn mənə verdiyi böyük dərs:

Hər bir hekayənin öz danışılmaq üsulu var.

Juan Rulfo (1917-86)

Juan Rulfo (1917-86)

“21 gram” üçün xüsusi bir yol tapmağa çalışırdım. Hekayəni yazmağa başlayanda onun kağızdakı forması fərqli idi. Kub şəklində idi... Amma bu yol yaramadı.

Bir gecə köhnə əlyazmalarımı eşələyirdim. 24 yaşımda yazıb yarımçıq qoyduğum bir romanı tapdım. Roman ölən adamın bu fikirlərilə başlanırdı: “Deməli, budur ölümün gözləmə salonu, bu gülməli borular, bu qolumu şişirdən iynələr.” Ardınca keçmişdən və gələcəkdn geri-irəli üsuluyla nəqletmə gedirdi.

Orada mən struktur üçün bir açar tapmış oldum: “Hekayəni öz gündəlik həyat hekayələrimizi danışdığımız kimi danış. Biz heç vat o hekayələri birbaşa, xətti danışmırıq ki. Biz bir nöqtədən başqa nöqtəyə tullanırıq.”

Əlyazmalarım arasında “Sülh” adlı bir köhnə hekayəmə də rast gəldim. O da zamanda irəli-geri hərəkət idi.

Müxtəlif səhnələri zaman əlaqəsi olmadan ard-arda qoydum. İndiki zamanda baş verən bir hadisədən keçmişdəki bir hadisəyə, oradan da gələcəkdəkinə, keçmişdəkinə və beləcə tullandım.

Əsas çətinliyim dramatikliyi, oxucu marağını saxlamaq və oxucuların hekayəni öz fikirlərində paralel olaraq aparmalarına imkan vermək idi, qoy strukturun boş qoyduğu yerləri özləri doldursunlar.

İlk 20 səhifəni atama və Maruya verdim. Onlar mənim ən yaxşı tənqidçilərim, çətin oxucularımdır. Onların marağını cəlb etmişdi. “Bəs sonra nə olur?” – ikisi də belə dedi. Ən azı nəqletməm lazım olan kimi getmişdi.

Bildiyimiz kimi, hər hansı səhnənin özlüyündə bir mənası var, özündən əvvəl və sonra gələn səhnədən asılı olaraq, bambaşqa məna verir. Mən ənənədən qaçmaq istəyirdim. Simvolik seçimlərə getdim, səhnələri bir-birinə zidd ardıcıllıqla yığdım ki, strukturun özü auditoriyanın hekayəni qavramasına kömək etsin, onu daha emosional etsin.

Bu, əsas məqsədim idi: Hekayəni təkcə intellektual deyil, emosional etmək. Ssenarinin beyin qədər ürəyə də təsir etməsini istəyirdim. Yoxsa ki, məqsədim mozaik pazl qurmaq deyildi.

Mən auditoriyaya hekayənin emosiyasına batmaq üçün struktur vasitəsilə kömək edirəm, buna kömək edən strukturları sevirəm.

Növbəti addım strukturu ehtiyatla qurmaq idi, böyük təhkiyə ellipsləri, amma emosional ortamda. Buna nail olmaq üçünsə mənə səhnələr arasında in-yan kimi bir balans yaratmaq gərək idi.

Passiv səhnələrlə aktivləri kombinə etdim: sual verən səhnələrlə cavab verən səhnələri.

Bir yol axtarırdım ki, auditoriyam daha çox iştirak etsin filmdə - filmlə daimi dialoqda olsun, hekayəni yaratsın və yenidən yaratsın.

Orada bu tamaşaçı iştirakına kömək edə biləcək mövzular vardı: sevgi, ölüm, həyat, nifrət, qisas. əfv. Odur ki, mövzularda kontrast qurdum: sevgi səhnələrini qoydum, ardınca qisas səhnələri.

Gələk işığa. İşıq üçün ürəyim gedir. İşıq filmin bütün görüntüsünü dəyişdirir. İşığın böyük emosional gücü var.

İlk 35 səhifədə yalnız gündüz səhnələri qoydum ki, tamaşaçıya gündüz əhvalı aşılansın. Qəzada isə gecə səhnələrinə keçdim.

İncildə bir yer var, deyilir: “Və sonra gecə düşdü”. Bu, İsanın həbsə düşdüyünü, həyatın qaraldığını göstərən metaforadır. Mən də avtomobil qəzası və sonrakı 35 səhifədə gecə səhnələri yazdım.

Son 40 səhifədə əsasən günortadır və axşamdır. Xarakterlərin həyatı işıqdan və qaranlıqdan keçir. Çalışmışam ki, klimaks - böhran gecə olsun, son səhnələrin montajı isə fərqli işıqlandırmayla keçsin...

Xarakterlər

Ssenari müəllimlərim həmişə deyirdilər ki, xarakterlərimi yaxşı tanımalıyam, onlaırn alt paltarlarının markasına qədər bilməliyəm. Qəti razı deyiləm.

Mən xarakterlərim haqqında az şey bilməyin tərəfdarıyam, demək olar, heç nə. Onlara öz üsullarıyla həyata gəlməyə imkan verirəm. Onlar məni təəccübləndirsinlər istəyirəm.

Tədqiqat aparmağa nifrət edirəm. Mən təxəyyülü xoşlayıram, bu vəziyyətdə olsa, xarakterim necə reaksiya verərdi – belə şeyləri düşünməyi xoşlayıram. Yalnız ssenari başa çatanda tədqiqat aparıram ki, xırdalıqları cilalayım.

Xaraktelrərimi əsasən üç yolla inkişaf etdirirəm: müşahidə, təxəyyül və təcrübə.

Günün bütün mövzuları

XS
SM
MD
LG