Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:42

20 Yanvar gecəsi harada idiniz?


İ.Həmidov, Z.Əlizadə və P.Hüseyn
İ.Həmidov, Z.Əlizadə və P.Hüseyn

-

modern.az saytı bu sualı 1990-cı illərdə xalq hərəkatına liderlik edən bəzi şəxslərə ünvanlayıb:

Milli azadlıq hərəkatının öncüllərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidov modern.az-a açıqlamasında 20 Yanvar gecəsi Bakıda olduğunu və xalqla bir yerdə yaralıları, meyitləri daşıdığını söyləyib:

«Yanvar ayının 20-də mən Səttarxan (o zamankı Leytenant Şmidt adına zavod) zavoda getdim. Orada aksiyaçılar toplanmışdı. Biz insanlara bildirirdik ki, qırğın baş verə bilər. Gecə saat 12-də artıq qırğın başladı. Həmin o qanlı gecəni yaxşı xatırlayıram. Mən Etibarla bir yerdə «Salyanski» kazarmasının önündə idik. Qan su yerinə axırdı. Xalq Cəbhəsinin dayaq dəstəsi və biz də başda olmaqla camaatı, yaralıları, meyitləri daşımaqda kömək edirdik».

O zaman Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü olmuş Zərdüşt Əlizadə isə 20 Yanvar faciəsindən 15 gün öncə «cəbhəçilikdən» çıxdığını və fəaliyyətini sosial demokrat kimi davam etdirdiyini söyləyib:

«20 Yanvardan 13 gün əvvəl Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlüyündən çıxıb qurumu tərk etmişəm. Səbəbi də o idi ki, üç dəfə İdarə Heyətində çıxış edərək demişəm ki, «Tiflis modeli» adlanan bir forma ilə xalqı zahirən ədalətli, əslində isə orduya qarşı qoymaq və bunun nəticəsində yuxarılarda dəyişiklik etmək siyasəti səhvdir. Amma mənim Xalq Cəbhəsindəki «dostlarım» sözlərimi qulaqardına vurdular».

20 Yanvar faciəsi zamanı Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən olmuş, sonradan isə bir müddət baş nazir vəzifəsində çalışmış Pənah Hüseyn o qanlı gecədə təşkilatın qərargahında olduğunu bildirib: «O vaxt şəhərdə olan hər kəs bu təhlükə ilə üz- üzə idi. Ancaq mən gülləyə tuş gəlməmişəm, yaralanmamışam. Saat təxminən 1-in yarısında AXC qərargahı atəşə tutulub və bir neçə nəfər yaralanmışdı. Gecə saat təxminən 1-2 radələrində Salyan kazarması yanındakı barrikadalara gedib-gəlmişəm və bu istiqamətdə digər yerlərdə olmuşam… Mən, İdarə Heyəti üzvlərindən Vurğun Əyyub və Sabit Bağırov Qərargahda məsul şəxslər kimi qalmışıq. AXC qərargahında qalmağımız İdarə Heyətinin qərarı ilə olub. Həmin qərarla da digər üzvlər isə başqa ünvanlara gedib. Dediyim kimi, çağırışlarla gecə boyu qoşunla təmas saxlanan müxtəlif yerlərdə də olmuşuq».

Milli Məclis
Milli Məclis

PREZİDENTİN 7 BƏNDLİK «İNQİLABİ DƏYİŞİKLİKLƏRİ»...

«Yeni Müsavat» qəzeti parlamentin növbədənkənar iclasından yazır. Müzakirələrdə çıxış edən deputat Fuad Muradov deyib ki, indiki dövrdə bütün banklara eyni yanaşma olmalıdır: «Əgər vəziyyəti həqiqətən ağır olan banklar varsa, bu barədə insanlara düzgün informasiyalar verilməlidir. Yoxsa süni ajiotaj yaradan xüsusi qruplar var, sosial şəbəkələrdə guya ərzaq qıtlığının olduğu və banklarda vəziyyətin çox ağır olduğu barədə məlumatlar yayırlar. Ona görə də məsul şəxslər vaxtaşırı ictimaiyyəti məlumatlandırsalar, yaxşı olar».

Deputat Fazil Mustafa bildirdi ki, indiki dövrdə bir vicdan proqramına, insanların emosiyalara qapılmadan bu vəziyyətdən necə çıxmaqla bağlı addımlar atmasına ehtiyac var: «İlk növbədə sərt inzibati tədbirlərə keçilməlidir, idxal və ixracdakı inhisarçılığa son qoyulmalıdır. 1993-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə buna bənzər vəziyyət yaranmışdı. Prezident o zaman qapıları açdı, ölkənin qabiliyyətli insanlarına geniş imkanlar yarandı. Bu gün də açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib İrandan, Rusiyadan lazım olan malları gətirəcək».

Deputat Əli Məsimli dedi ki, prezidentin 30 təklifindən 15-i yerinə yetirilsə, vəziyyət yaxşılığa doğru ciddi şəkildə dəyişər: «O halda 2017-ci ilin birinci yarısında iqtisadiyyatın sabitləşməsi istiqamətində sanballı addımlar ata biləcəyik. Əks təqdirdə, bu proses bir neçə il uzana bilər. Ən ciddi məsələ isə Azərbaycanda monopoliyanın birdəfəlik sındırılmasıdır».

Elnur Astanbəyli
Elnur Astanbəyli

BÖHRAN NOTLARI

«Hər hansı səs-küylü hadisə baş verdikdən, ya da İlham Əliyev müşavirə keçirib hansısa problem barədə danışdıqdan sonra rejim mediasını belə yazı başlıqları süsləyir: «…sərt xəbərdarlıq etdi», «…şəxsi nəzarətə götürdü»…

Problem isə ondadır ki, bu cür yanaşma heç də problemin həlli deyil. Əksinə, problemin özüdür, problemin köküdür».

Bu fikirlər yazar Elnur Astanbəylinin «Azadlıq» qəzetində dərc olunmuş «Böhran notları» adlı köşə yazısındandır.

Müəllif ölkədəki son proseslərdən yazır: «O gün yenə rejim yandaşlarından birinin çənəsi qızmışdı, deyirdi bəzi radikal siyasi qüvvələr yaranmış iqtisadi-sosial çətinliklərdən istifadə edib öz maraqlarını həyata keçirmək istəyir (yəni hakimiyyətə gəlmək istəyir, falan-filan).

Sizə bir söz deyimmi?

Azərbaycan bu qədər ağır vəziyyətə salındıqdan sonra hələ də bu ölkədə hakimiyyətə gəlmək istəyən adam varsa, onun qədrini bilin. Öpün, bağrınıza basın.

O adam hakimiyyətə gələ bilər, gələ bilməz, dəxili yoxdur; o adam hakimiyyətə gəlsə yaxşı olar, yoxsa indikindən daha pis olar, heç bir fərq etmir; əsas odur ki, bu cür çətin duruma salınmış, uçurumun bir addımlığına gətirilmiş ölkənin bundan sonrakı rəhbərliyinə iddia edən adam kim olursa olsun, vallahi də hörmətə layiqdir, billahi də hörmətə layiqdir.

Hər nə də olsa cəsarətini alqışlamaq lazımdır, eşq olsun, qurd ürəyi yeyib!…».

Mədət Quliyev
Mədət Quliyev

MƏDƏT QULİYEV: XARİCİ KƏŞFİYYAT XİDMƏTİ İLƏ İŞGÜZAR MÜNASİBƏTLƏR VAR

«Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun».

Bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib.

yap.org.az yazır ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti arasında işgüzar münasibətlərin olduğunu vurğulayıb:

«İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk».

XS
SM
MD
LG