Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

-

"Fikir vermisinizmi, çox vaxt danışanların nitqində cümlənin əvvəli ilə axırı düz gəlmir, ya da bir cümləni tamamlamamış yeni, daha bir qarmaqarışıq cümləyə keçid edirik."

Bayram Soylu

Biz nə istədiyimizi bilirikmi?

İllüstrasiya

İllüstrasiya

Hər gün biri-birimizlə müxtəlif məkanlarda, fərqli formalarda ünsiyyətdə oluruq: soruşuruq, cavab alırıq, dərs deyirik, öyüd veririk, nəyəsə və kiməsə münasibət bildiririk - ittiham edirik, tərifləyirik, yaltaqlanırıq, tənqid edirik...

Hamısında da nitqimiz qüsurlu.

Gəlin razılaşaq ki, kiçik istisnalarla əksəriyyətimiz öz fikirlərimizi ifadə etməkdə çətinlik çəkirik. Bu mənzərəni hər yerdə müşahidə etmək olar – rəsmilərin, siyasətçilərin, elm adamlarının, mədəniyyət nümayəndələrinin, jurnalistlərin və bu kimi başqalarının çıxışlarından tutmuş başı gündəlik qayğılarına qarışmış sadə insanlarımızın danışığınadək.

Narahatlıq doğuran odur ki, bu hal kütləvi xarakter daşıyır.

Dəfələrlə dilçi alimlərimizin danışıqlarına qulaq asmışam, hətta onların nitqində də çoxlu qüsur tapmaq mümkündür.

Əlbəttə ki, söhbət ləhcədən, hansı səsi düzgün tələffüz etməkdə çətinlik çəkməkdən getmir.

Əsas problemimiz düzgün cümlə qura bilməməyimizdədir. Fikir vermisinizmi, çox vaxt danışanların nitqində cümlənin əvvəli ilə axırı düz gəlmir, ya da bir cümləni tamamlamamış yeni, daha bir qarmaqarışıq cümləyə keçid edirik.

Narahatlıq doğuran odur ki, bu hal kütləvi xarakter daşıyır.

Şübhəsiz ki, natiqlik qabiliyyəti ilə seçilən insanlarımız var. Onlar yaxşı mənada söz oyunçularıdırlar. Amma bəzən onların da qüsursuz ötüşmədiklərini müşahidə etmişəm.

Seçki kampaniyaları zamanı namizədlərin efir vaxtından necə istifadə etmələrini görmüsünüz də. Onların sırasında natiq hesab etdiyimiz elə adamlar olub ki, üç dəqiqəlik çıxışda dəfələrlə nitq qüsuruna yol veriblər. Hələ o birilərini demirəm.

Əlbəttə, nitqimizin niyə qüsurlu olması ilə bağlı çoxsaylı mülahizələr ola bilər.

Böyük natiq kimi tarixə düşmüş Cicero (Siseron)

Böyük natiq kimi tarixə düşmüş Cicero (Siseron)

Məsələn, deyilə bilər ki, nitq vərdişini uşaqlıqdan formalaşdırmaq lazımdır, bu işdə məktəblərin üzərinə böyük iş düşür, amma onlar buna lazımi diqqət yetirmirlər.

Yaxud nitqin qüsuru müəyyən ləhcə ilə və ya natiqin nə qədər mütaliə etməsi ilə bağlıdır, ona görə də ləhcə ilə danışanlar, eləcə də az mütaliə edənlər daha çox səhv edirlər və s.

Mənsə bir qədər fərqli fikirdəyəm. Nitqimizinn qüsuru fikrimizin aydın olmamasından qaynaqlanır. Biz ilk növbədə nə demək istədiyimizi aydın bilməliyik ki, o fikri çatdırmaqda çətinlik çəkməyək.

Aydın olmayan fikirdən qüsurlu nitq doğulacaq. Yəni nitq üçün də bəlli bir hədəf olmalıdır, hədəf bəlli deyilsə bizi dolanbac yollar (dolaşıq nitq) gözləyir.

Millətlərin də öz nitqi var. Onlar nə istədiklərini biləndə xorla aydın və səlis danışmağı bacarırlar.

Biz nə istədiyimizi bilirikmi?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG