Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:50

Qəhrəman sağ qalarsa belə, öhdəsindən özümüz gələrik


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

Hədiyyə Şəfaqət

EDAM və İNTİHAR ÜÇÜN ELEGİYA

Budur o, gəlib çatmışdır,

Əzab və qorxu günlərinin boz dumanı tutmuşdur göyü

Və yerdə yananların tüstüsü

İndi onlar çoxdurlar və hər gün artırlar...

Əllər bilmirəm niyə, hələ də sinələrdə

Və dizləri döyməkdədir

Səslər niyə hələ də dualara arxalanır,

Və gözəgörünməzlərə-

Halbuki Tanrılar yatırlar!

Qalxmadan yumruqlar,

Və "ƏDALƏT"- deyə bağırmadan

Silinmədən illərlə üstümüzü tutan toz,

Və gözümüzü qamaşdıran parıltılar pərdə kimi açılmadan

Koruq...

Biz

Qan görmürük,

O gizli yerlərdə xəlvətcə axıdılır

Qüvvədən düşdükcə anlayacağıq...

Mütiliyə öyrədilmişik, əhilləşdirilmiş yaratıqlar kimi,

Və ancaq bir-birimizin üstünə mırıldayırıq,

Qəzəbimizi bir-birimizin üstünə qusuruq

Və biz

Bir-birimizin necə növbəti qurban kimi

Cəhənnəmdə gözdən itməsinə baxıb köks ötürürük-

Yenə alınmadı! - deyib susuruq...

Əvəzində onlar-

Başqaları atılır zülmün və zərbənin altına,

Sonu məlum...

Qayıdırlar və biət edirlər

Bu

Əyilmiş başlar deyil, sındırılmış boyunlardır zindanlarda...

Və biz durmadan onu - yeni Qəhramanı axtarırıq ki,

O, hamımızın yerinə qışqırsın,

Hamımızın yerinə vuruşsun və vurulsun,

Sağ qalarsa belə-

Öhdəsindən özümüz gələrik...

...Adamları anlamağa nə var ki, hərçənd ki, biz bunun əvəzinə

Nəsə bir axmaq səbəb tapıb gülürük...

Adamlar

Bir-birinə oxşayan aldadıcı vəədlər qədər

Dolaşıq deyillər.

Onların hər iki hissi - nifrəti və sevgisi

Və ürəklərindəki səbr

Təmiz və məsumdur...

Çoxdan çiyinlərinə yükləyib vətən dediyimiz şeyin ağırlığını,

Rahatlamışıq...

Bunu onlara qapılarını qəfil döyən,

Üstünə bayraq açılmış əsgər meyitləri xatırladır arabir...

Biz ordaydıq, işıqlı və cingiltili küçələrin şəhərində

Hərəmiz özümzə bir sığınacaq və kölgə tapıb

Unutmuşduq

Beynimiz dumanlanmışdı, xoşallanmışdıq atılmış uşaq kimi sığaldan,

Və qarşımıza qoyulan tikədən,

Əvəzində

Qəfəslərə sıxışdırılmışdıq və

Onların ağalıq edəcəyi yerlər təmizlənmişdi...

Bunun olmaması üçün yuxuya getməməliydik,

Günahkarıq.

Hələ bu azmış kimi də bir-birimizi daşlayırıq...

...Bu ocaqlar

Azadlıq meydanında söndürüləndən bəri

Özümüzə çalacağımız kibrit çöplərində gizlənmişdi,

Zaman yetişib - yanırıq...

Biz kəndirlərdən və zəncirlərdən çoxdan asılmışdıq

İndi ölməyə başlayırıq...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG